İnsanlara hürriyət, millətlərə istiqlal!

Gurultu ilə musiqi oxudan sürücülərin səsi qısılacaqmı?

Yasin Mustafayev: “Qanun qəbul etmək kifayət deyil, onun işlək olması, yəni icrası da çox önəmlidir”

Məlum olduğu kimi, yol hərəkəti qaydalarına görə avtomobili tək əllə idarə edərək, sol qolunu maşının pəncərəsindən sallamağa, avtomobildə yüksək səslə musiqi səsləndirməyə görə cərimələr nəzərdə tutulub.

Bu hərəkətlər sürücünün diqqətinin yayınması və təhlükəli davranış hesab olunur. Cərimə adətən inzibati məsuliyyət çərçivəsində 40-150 AZN arasında dəyişir.

Avtomobildə yüksək səslə musiqi səsləndirmək isə həm digər sürücülərin, həm də piyadaların rahatlığını pozduğuna görə inzibati qaydada cərimələnir. Cərimə adətən 30-80 AZN arasında ola bilər, lakin polis tərəfindən situasiya qiymətləndirilməsinə görə dəyişir.

Hər iki halda, əgər pozuntu təkrar baş verərsə və ya əlavə təhlükə yaradırsa, cərimə məbləği artırıla bilər. Həmçinin bəzi hallarda avtomobilin müvəqqəti saxlanması da mümkündür.

Lakin bütün bu cəzalara baxmayaraq, şəhərin küçə və yolları bu qayda pozuntularına yol verənlərlə dolub-daşır. Sanki bu, normaldır, heç də qayda pozuntusu deyil.

Müşahidələr göstərir ki, sürücülərin əksəriyyəti, xüsusilə də taksi sürücüləri avtomobili məhz tək əllə sürməyə vərdiş ediblər, onlarda, necə deyərlər, başqa cür alınmır.

Yüksək tempdə musiqi səsləndirənlər isə yol hərəkətinin iştirakçısı olan digər avtomobillərin səs siqnalını batıracaq şəkildə gurultu qopararaq yollarına davam edirlər.

Mütəxəssislər sürücülərə avtomobildə musiqi dinləməyi tövsiyə etmir. Sürücü maşın sürərkən diqqətini cəmləməli və diqqətini başqa səslərlə yayındırmamalıdır. Əksər sürücülər işə başlamazdan əvvəl sıxılmamaq üçün musiqi dinləməyə başlayırlar. Avtomobilində yüksək səslə musiqiyə qulaq asan sürücü digər yol iştirakçılarının siqnalını eşitməyə bilər. Musiqi sürücünün reflekslərini azalda və yoldakı vəziyyətdən yayındıra bilər. Naməlum kəsişmələrdən keçərkən, dar keçidlərdə və geriyə dönərkən bütün səs mənbələrinin həcmi azaldılmalıdır.

Bəs bu avtoxuliqanlığın minimuma endirilməsi üçün daha hansı işlər görülməlidir?

Yasin Mustafayev: Geniş ərazilərdə volosiped və parkinq zolaqlarının  çəkilməsinə cəhd olunur

Yasin Mustafayev

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, yol hərəkəti qaydaları və onlara tətbiq olunan cərimələr həm qanunvericilikdəki dəyişikliklərə, həm də dünya təcrübəsinə əsaslanır: “Məsələ ondadır ki, qanunvericilik daim yenilənir və bu, mövcud vəziyyətə, həmçinin dünya praktikalarına uyğun olur. Məsələn, avtomobil ilk icad olunduğu zaman insanlar belə qərarlara gülərdilər: niyə musiqinin səsini artırmaq qadağandır, niyə qolunu pəncərədən çıxarmaq olmaz və s. Lakin zaman keçdikcə bu hallar real problemə çevrilir və hər kəsi narahat edir. Xüsusilə gecə vaxtı avtomobildə yüksək səsli musiqi, səsboğucuların mobilizasiyası ilə səsin artırılması, sərt əyləc səsləri və digər hərəkətlər həm şəhər sakinlərini narahat edir, həm də ictimai asayişi pozur. Buna görə qanunvericilikdə müvafiq qərarlar qəbul edilir və cərimələr tətbiq olunur. Biz bunu tam dəstəkləyirik, çünki əks halda vəziyyət tam nəzarətdən çıxardı.

Beləliklə, qanun qəbul etmək kifayət deyil, onun işlək olması, yəni icrası da çox önəmlidir. Uzun illər təhlükəsizlik kəməri ilə bağlı qadağaya baxmayaraq, insanlar buna əməl etmirdilər. Son 10-15 ildə isə bu ciddi şəkildə tətbiq olunur, kameralar vasitəsilə pozuntular aşkar edilir və avtomatik olaraq cərimələr tətbiq olunur. Eyni prinsip yeni qərarlarda da olmalıdır".

O, qanun tətbiqində güzəştlərin və xəbərdarlıqların da mümkün olduğunu bildirib: “Məsələn, bir sürücünün qolunda problem varsa və pəncərədən çıxırsa, xəbərdarlıq etmək olar. Çox sürücü xəbərdarlıqdan sonra bir daha pozuntunu təkrarlamır, bəziləri isə bilə-bilə bunu edir. Burada əsas məsələ qanunun həm qəbul olunması, həm də effektiv icrasıdır.

Hazırda şəhərin demək olar ki, hər yerində kameralar vasitəsilə yol hərəkəti qaydalarının pozuntularını aşkar etmək mümkündür. Əsas məsələ onun tətbiqinin təmin edilməsidir. Qanun qəbul olunur, amma tətbiq edilməzsə, hər şey mənasız olur".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR