İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəlbəcər artıq tarixdə qalmır – Yeni gələcək və yeni həyat başlayır

Uzun illər işğal altında qalan Kəlbəcər indi yenidən canlanır, həyata qovuşur. Azərbaycan dövlətinin ardıcıl siyasəti, güclü iradəsi və möhtəşəm infrastruktur layihələri nəticəsində Kəlbəcər bu gün dirçəliş dövrünü yaşayır.

Məlum olduğu kimi hazırda Kəlbəcərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Şəhərin əvvəlki kadrlarına baxanda dağıntıların, viran qalmış kəndlərin, boşalmış evlərin mənzərəsi insanı kədərləndirsə də, bu gün həmin torpaqlarda yeni həyatın təməli atılır. Yaşayış kompleksləri inşa edilir, yollar çəkilir, elektrik və qaz xətləri bərpa olunur, sosial obyektlər yaradılır.

Kəlbəcər təbiət möcüzəsidir. Burada minlərlə hektar meşə sahəsi, nadir flora və fauna, dağ çayları və bulaqları mövcuddur. Əsrlər boyu Kəlbəcər suları ilə, təmiz havası ilə, zəngin təbiəti ilə məşhur olub. "İstisu" kimi mineral bulaqları həm Azərbaycanda, həm də regionda tanınıb. Bu gün həmin təbii sərvətlər yenidən xalqın istifadəsinə qaytarılır. Kəlbəcərin dağlarının ətəklərində yaşayan nadir heyvan növləri, dərələrində açan çiçəklər, təmiz bulaqları həm Azərbaycanın, həm də bütün dünyanın diqqətini cəlb edəcək dərəcədə qiymətlidir.

Kəlbəcərin inkişafı ilə bağlı ən mühüm hadisələrdən biri avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcərə səfəri oldu. Bu səfər zamanı Prezident və xanımı Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində yaradılan şəraitlə tanış olublar. Onlar fərdi və çoxmərtəbəli evlərdə sakinlərlə görüşüb, burada yaradılan müasir həyat şəraitini yüksək qiymətləndiriblər. Bu səfər Kəlbəcərin həm fiziki bərpasının, həm də sosial həyatının, insanların normal və rahat yaşayışının təmin edilməsinin əyani nümunəsi oldu.

Musavat.com bildirir ki, Milli Məclisin sədr müavini Musa Qasımlı bu səfərlə bağlı qeyd edib:

“Cənab Prezidentimiz İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər şəhərində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olmaları, buraya köçən sakinlərlə görüşmələri, mənzillərin açarlarını təqdim etmələri millətimizin həyatında tarixi bir gündür. Kəlbəcər sakinlərinin ilk qrupu 32 ildən sonra doğma diyara qayıtdı. Sakinlərə görüşdə dövlət başçımızın nitqini hər bir azərbaycanlının oxuması faydalı olardı. Bu nitqdə torpaqlarımızın işğal səbəbləri, azad edilməsindən ötrü aparılan siyasi-diplomatik səylər və dövlət başçımızın rəhbərliyi altında tarixi qələbənin mahiyyəti öz əksini tapıb.

Prezident İlham Əliyevin nitqindən sitat:

“Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz - bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı”.

Vətən topaqlarının işğaldan azad edildiyi və keçmiş məcburi köçkün qardaş-bacılarımızın doğma yurdlarına qayıtması hər bir vətən övladı üçün müqəddəs gündür. Qısa müddətdə Kəlbəcərə işıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb”.

Musa Qasımlı vurğulayıb ki, ən vacib olan məsələlərdən biri Kəlbəcərdə məktəb tikintisidir:

“Bu, dövlət başçımızın gənc nəslin təhsilinə xüsusi diqqət yetirdiyini göstərir. Nitqində cənab Prezidentimizin Kəlbəcərin işğalı tarixi barədə dedikləri hər bir azərbaycanlı üçün dərsdir. Eyni zamanda qazanılan qələbənin düsturunu da söylədi: “Hələ 2003-cü ildə prezident vəzifəsinə seçiləndə bunu demişdim, ondan sonrakı dövrlərdə dəfələrlə demişdim və nəinki demişdim, hər gün, hər saat biz bu müqəddəs Zəfər günümüzü yaxınlaşdırırdıq. Güclü iqtisadiyyat qurduq, beynəlxalq müstəvidə Ermənistanı işğalçı dövlət kimi ifşa etdik. Bir çox aparıcı beynəlxalq təşkilatlar bizim səylərimiz nəticəsində mövqeyimizi qəbul etməyə məcbur olmuşdur. Güclü ordu yaratdıq, ən müasir silahlar aldıq və gənc nəsil yetişdirdik. O gənc nəsil ki, Vətən müharibəsində sinəsini qabağa verib torpaqlarımızı düşməndən azad etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz bu Zəfərə görə onlara, onlar kimi 10 minlərlə Azərbaycan əsgər və zabitinə borcluyuq.

Azərbaycan dövləti və Azərbaycan xalqı bir yumruq kimi birləşdi və biz Ermənistanı cəmi 44 gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur etdik. 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Xalqımızın yüksək keyfiyyətlərini göstərir və onu göstərir ki, bütün xalqımız və Silahlı Qüvvələr Vətən uğrunda ölümə getməyə hazır idi. Bizim üçün 2023-cü ilin 19-20 sentyabrı 8 noyabr qədər şərəfli və tarixi günlərdir. O vaxtdan bu yana Azərbaycan xalqı sülh şəraitində yaşayır və əminəm, bundan sonra da sülh şəraitində yaşayacaq. Keçmişimizi heç vaxt unutmamalıyıq və ayıq olmalıyıq”.

Kəlbəcərin bərpasında diqqət çəkən layihələrdən biri Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi və Murovdağ tunelinin texniki açılışıdır. Bu mühüm infrastruktur layihələri regionun inkişafını sürətləndirəcək, turizmin canlanmasına səbəb olacaq və sakinlərin gündəlik həyatını xeyli asanlaşdıracaq. Yol və tunel sayəsində dağlıq bölgələr daha əlçatan olacaq, kəndlər və şəhərlər arasında əlaqələr güclənəcək, həmçinin yerli məhsulların daşınması və xidmətlərin təşkili sürətlənəcək. Bu layihələr həm iqtisadi, həm də sosial baxımdan Kəlbəcərin canlanmasında dönüş nöqtəsi hesab olunur.

Səfər zamanı Prezident İlham Əliyev şəhərdə 3-cü və 4-cü yaşayış komplekslərinin təməlinin qoyulmasını da həyata keçirdi. Bu komplekslərin istifadəyə verilməsi ilə yüzlərlə ailə uzun illərin həsrətinə son qoyaraq öz doğma yurduna qayıdacaq. Hər bir yeni ev ailələr üçün yalnız yaşayış yeri deyil, həm də gələcək nəsillər üçün sabit və firavan həyatın simvolu olacaq. Yeni yaşayış kompleksləri müasir memarlıq üslubu, komfort və təhlükəsizlik standartlarına uyğun tikilir, sakinlərin rahatlığı prioritet olaraq nəzərə alınır. Kəlbəcərdə Prezidentin “Balland-Kəlbəcər bal, arı və arıçılıq məhsulları” mağazasının açılması da həm regionun iqtisadi potensialını gücləndirir, həm də sakinlərin həyatına şirinlik qatır. Bu layihə Kəlbəcərin kənd təsərrüfatı və arıçılıq imkanlarını ön plana çıxarır, yerli məhsulların bazara çıxarılmasına və bölgənin məşhur balının daha geniş tanınmasına imkan yaradır. Eyni zamanda şəhər istirahət parkının təməlinin qoyulması sakinlər üçün yeni sosial-mədəni məkan yaradacaq, işdən sonra dincəlmək, ailə və dostlarla vaxt keçirmək üçün mükəmməl şərait təmin edəcək.

Beləliklə, Kəlbəcər indi yalnız bərpa edilmir, həm də yeni həyat, inkişaf və firavanlıq simvoluna çevrilir. Prezident və birinci xanımın səfəri bu tarixi dirçəlişi əyani nümayiş etdirdi, sakinlərin üzündə sevinc yaratdı və bölgənin gələcəyi üçün ümidləri daha da gücləndirdi. Hər bir layihə, hər bir infrastruktur yeniliyi Kəlbəcərin həm iqtisadi, həm də mədəni həyatına can verir və Azərbaycanın tarixi torpaqlarının bərpası prosesinin uğurunu simvolizə edir.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR