Onlayn ictimai-siyasi qəzet
Sovetdən qalma bu bina da, orada yaşayan sakinlər də Allah ümidinə günü-günə calayırlar.
Rütubət, çürümüş taxta döşəmələr, üfunət qoxusu, yararsız pilləkənlər burada insanların hansı çətinliklərlə yaşadığını göstərir. Bura Səbail rayonu, Arif İsmayılov küçəsində yerləşən yaşayış binasıdır. Uzun illərdir ki, bərbad vəziyyətdədir. Mənzillərin girişləri dar və təhlükəli keçidlərə açılır. Divarların və tavanın bir çox hissəsində çatlar var. Ev əşyaları, su qabları və məişət tullantıları eyvanlarda saxlanılır. Sakinlərin sözlərinə görə bu binaların söküləcəyi ilə bağlı illərdir onlara vədlər verilsə də, hələ ki heç bir konkret addım atılmayıb.
Sakin Nazilə Səfərovanın sözlərinə görə o, 50 ildir ki, burada yaşayır. Ən böyük arzusu isə bina istismara verilənə qədər şəraiti əlverişli olan mənzildə yaşamaqdır.
"50 ildir ki, burada yaşayıram. Son illərdə isə burada keçən vaxtıma yaşamaq deməzdim. Siçovullar ən yaxın dostuma çevrilib, çünki qonşuların bir neçəsi artıq bu şəraitdə yaşamağa dözə bilməyib, evlərini tərk ediblər. Rütubət qoxusundan isə dayanmaq mümkün deyil. Evdən çıxanda dua edirik ki, gələndə evi yerində görək. Qarşıdakı qonşunun pilləkəni yararsız vəziyyətə düşdüyü üçün məcbur qalıb özü əncam çəkib".
Binanın halından ən çox əziyyət çəkən isə azyaşlılar və qocalardır. Pilləkənlərin və döşəmələrin çürük olması hərəkət etməyə maneə olur. Şikayətçi Türkan İbrahimova bildirib ki, onun azyaşlı övladı var, bina təhlükəli halda olduğu üçün onu nəzarətsiz qoya bilmir:
"Övladıma görə çox narahatam, qorxuram ki, gözümdən qaçar, ayağı ilişib yıxılar. Eyvanın bir hissəsində məhəccər belə yoxdur. Mənim uşağım buradan yıxılsa, onun məsuliyyətini kim daşıyacaq?! Dəfələrlə Fövqəladə Hallar Nazirliyinə zəng etmişəm. Hər dəfə deyiblər ki, baxılacaq. Söz var, lakin icraat yoxdur. Kirayə evə çıxmağa isə gücümüz çatmır. Əlacsız qalmışıq, uşağı bu vəziyyətdə böyüdürük. Bura ev demək olmaz, ancaq gecəqondu adı yaraşar".
Sakinlərin sözlərinə görə hara toxunsalar başlarına uçur, təmir etmək belə faydasızdır. Qəzalı binada tək yaşayan Fatmaxanım Nəsirova yaşının çox olması və səhhətindəki problemlərlə bağlı daha ağır şərtlərlə üzləşdiyini deyir:
"Yaşlı adamam çölə çıxmaq ehtiyacı yaranır pilləkənlərdə isə o tərəf-bu tərəfə getməyə qorxuram. Məcbur qalıram ki, evə həkim çağırım. Amma həkim də gəlmək istəmir. Deyir ki, ora gələ bilmərəm, bina qəzalıdır, başıma uçar.
Bir dəfə də tibb bacısı çağırmışam. Yazıq qız pilləkənlərdən yıxılıb. Bəs mən nə edim? Bu binanın düz bir əsrdən çox yaşı var, bəlkə də 2 əsrdir. Şimal küləyi çox olur. Külək zamanı içimizi vahimə bürüyür ki, bina indi üstümüzə uçacaq. Bu, yaşamaq deyil, hər gün qorxu içindəyik. Heç olmazsa, müvəqqəti olaraq bizi başqa yerə köçürsünlər bir az rahat yaşayaq”.
Qəzalı binada yaşayan digər sakinlər də oxşar problemlərlə üzləşdiklərini deyiblər. Sakinlər bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti üzrə qurumlara sorğu ünvanlanıb. Qurumlar isə “baxılacaq və nəzərə alınacaq” cavabını verib. Hazırda binanın taleyi ilə bağlı konkret addım atılmayıb.
İnarə Hünbət,
Mənzər Novruzlu,
Musavat.com
Fotolar müəlliflərindir
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ