İnsanlara hürriyət, millətlərə istiqlal!

Həsən törətdiyi qətldən danışdı - “8 nəfər yerdə məni təpikləyirdi”

Bakıda mübahisə zəminində adam öldürməkdə ittiham olunan Həsən Kazımovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Həsən Kazımovun cinayət işi üzrə 7 şahid dindirilib.

Təqsirləndirilən şəxs Həsən Kazımov ifadəsində bildirib:

“İki bıçaq var idi üzərimdə. Birini bir neçə gün əvvəl yerdən tapmışdım. Daimi olaraq üzərimdə bıçaq gəzdirmirəm. Kafeyə gedirdim, yanımda da dostlarım var idi. Girişə yaxınlaşanda orada olan şəxslər “ayə” deyərək söyüş söyürdülər. Mən irad bildirdim ki, söyüş söyməyin, buradan ailələr keçir. O zaman biri dedi ki, bağışlayın, içkilidir. Sonra biri üstümə gəlib yumruqla başıma vurdu. Bundan sonra mübahisə başladı. Dostlarım bizi ayırmağa çalışdılar. Bir tərəfdən söyürdülər, bir tərəfdən də vururdular.

Mənim öldürmək məqsədim olmayıb, əksinə, onlar məni öldürmək istəyirdilər. Səkkiz nəfər məni təkləyib döyürdülər. Başımdan xəsarət almışdım. Huşumu itirmək üzrə idim, çıxış yolum qalmadığından cibimdən bıçağı çıxarıb bir nəfərə zərbə endirdim. Səhv etmirəmsə, bir dəfə vurdum, amma hansı nahiyəsinə olduğunu xatırlamıram. Əgər öldürmək istəsəydim, bir neçə bıçaq zərbəsi vurardım. Bunu özümü müdafiə məqsədilə etmişəm. Hadisədən sonra hamı aralanmağa başladı, mən də qaçaraq 32 nömrəli məktəb tərəfdə tanışımgilə getdim. Nə etdiyimi bilmirdim, çox həyəcanlı idim. Sonra öyrəndim ki, həmin şəxs ölüb, bunun ardından 25-ci polis bölməsinə gedərək təslim oldum. Əməlimdən peşmanam. Mən istəməzdim ki, nə zərərçəkmişin, nə də mənim ailəm gözü yaşlı qalsın”.

Müdafiə tərəfi həmin gün Həsən Kazımovun aqressiv olub-olmadığı ilə bağlı sual ünvanlayıb. Təqsirləndirilən şəxs bu sualı “xeyr” deyə cavablandırıb. O, özünü tam təqsirli bildiyini desə də, istintaq zamanı verdiyi ifadəni tam təsdiqləməyib.

Hakim Həsən Kazımova uşaqlıqdan döyüş növləri ilə məşğul olduğunu xatırladaraq, nəyə görə özünü müdafiə üçün bıçaq gəzdirdiyini soruşub.

Zərərçəkmişin hüquqi varisi Hikmət Soltanov ifadəsində bildirib:

“Hadisəni görməmişəm. İstərdim ki, hadisədən sonra ailəsi gəlib üzr istəyərdi. Mənəvi dəstək olmayıblar. Maddi dəstək mənə lazım deyil. Oğlumun nişanı olacaqdı, hər şeydən məhrum oldu. Oğlumun heç bir zərərli vərdişi yox idi. Sadəcə istəyim ədalətli qərar verilməsidir. Mən başa düşə bilmirəm, hər dalaşan adam bıçaqlamalıdırmı? Bıçaqlayırsansa, heç olmasa ayağından vur. Sosial şəbəkədə Həsəni qəhrəman kimi qələmə verirlər. Hadisədən sonra ailə üzvlərimiz bir-bir xəstələnib. Oğlum şəhid olsaydı, iş zamanı ölsəydi, bəlkə bu qədər yanmazdım. Amma birinin onu hədər yerə öldürməsi məni yandırır”.

Zərərçəkmiş Adil İsmayılov ifadəsində qeyd edib:

“Hadisə zamanı səkkiz nəfər yox, altı nəfər olmuşuq. Həmin an ağzımızdan söyüş çıxdı”.

Adil İsmayılov istintaq zamanı verdiyi ifadəni təsdiqləyib. Müdafiə tərəfi ona suallar ünvanlayıb. O, Həsən Kazımova yumruq zərbəsi endirdiyini etiraf edib.

Şahid Toğrul Soltanov isə bildirib ki, qardaşının bıçaqlandığını görməyib:

“Biz öz aramızda zarafatlaşırdıq. Rəhmətliklə birlikdə altı nəfər idik. Səs bəlkə yüksək olub. Heç kimi söyməmişik, öz aramızda danışırdıq. Həsən bizə dedi ki, ailələr keçir, söyüş söyməyin. Sonra Adil onlara yaxınlaşdı. Söhbət mübahisəyə çevrildi. Əvvəlcə Adili vurdular, yıxıldı. Qardaşımın bıçaqlanma anını görməmişəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Toğrul düzgün danışır, lakin Adil yalan ifadə verir.

Şahid Teyyub Musafatazadə ifadəsində deyib:

“Mən yaxınlaşaraq dedim ki, qardaş, içkilidirlər, yola ver. İlk olaraq Adil ilə mübahisə başladı, amma uzun çəkmədi. Heç kimlə dalaşmamışam. Sonra Toğrul qışqırdı ki, qardaşımı bıçaqladılar. Bıçaq çıxarılmasını və vurulma anını görməmişəm. Səs-küydən sonra insanlar toplaşmağa başladı”.

Şahid Namiq Məmmədov isə bildirib:

“İstirahətdə idik, hamamdan çıxıb evə getmək istəyirdik. Mən artıq uzaqlaşırdım. Geri dönəndə mübahisənin başladığını gördük. Hadisənin necə başlandığını görmədim. Kim kimlə dalaşırdı, bilmədim. Ayırmağa çalışdım. Toğrulun qışqırığını eşitdik ki, qardaşımı vurdular”.

Növbəti şahid Ramin Heydərovun ifadəsi də əvvəlki şahidlərin dedikləri ilə üst-üstə düşüb.

Ruslan (şərti ad) – yetkinlik yaşına çatmadığı üçün qanuni nümayəndəsi ilə birlikdə ifadə verib:

“Həsən dostumdur. Biz dörd nəfər çay içməyə məhləyə gedirdik. Həmin an bir qrup şəxs söyüş söyürdü. Həsən bir neçə addım qabaqda idi, dedi ki, burada yaşayanlar, ailələr keçir, söyüş söyməyin. Ucaboy biri gəlib Həsəni döydü. Səkinin yanında maşından iki nəfər düşüb Həsəni döyürdü. Həsənin əlində bıçaq olduğunu və kimisə vurduğunu görməmişəm”.

Təqsirləndirilənin vəkili istintaqın qərəzli aparıldığını iddia edib.

Qeyd edək ki, qətllə bağlı şübhəli şəxs qismində 2007-ci il təvəllüdlü Həsən Kazımov barəsində həbs qətimkan tədbiri seçilib. O, yetkinlik yaşına çatmadığına görə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Yetkinlik Yaşına Çatmayanlar üçün nəzərdə tutulmuş Penitensiar Müəssisəsində saxlanılır.

İttihama görə, Həsən Kazımov 16 noyabr 2024-cü il tarixində, saat 22:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 1 ünvanında yerləşən kafeyə daxil olmaq istəyərkən kafenin qarşısında dayanmış Ümid Hikmət oğlu Soltanov, Adil İsmayılov və digərlərinə yüksək səslə nalayiq ifadələr işlətmələrinə görə irad bildirib. Bu zaman Adil İsmayılovla aralarında mübahisə yaranıb və əlbəyaxa olublar. Daha sonra Ümid Soltanovla da mübahisə baş verib.

İstintaqa görə, Həsən Kazımov üzərindəki ov bıçağı ilə Ümid Soltanovun qarın nahiyəsindən zərbə endirib. Ümid Soltanov aldığı xəsarətdən çoxlu qan itirərək ölüb.

Həsən Kazımov özünü ittiham üzrə qismən təqsirli bilib və hadisənin onu mühasirəyə alan 8 nəfərlə mübahisə zamanı baş verdiyini deyib. Müdafiə tərəfi isə ona qarşı irəli sürülmüş maddələrin düzgün tövsif olunmadığını bildirib.

Həsən Kazımova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 221.3 (silah və ya silah qismində əşyadan istifadə edilməklə törədilmiş xuliqanlıq), 228.4 (qanunsuz odlu silah, hissələri və sursatın təkrar əldə edilməsi, daşınması və saxlanılması) maddələri ilə ittiham irəli sürülüb.

Növbəti məhkəmə iclası iyulun 16-na təyin olunub.

İnarə Hünbət,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR