İnsanlara hürriyət, millətlərə istiqlal!

İdris Bitlisi romantizmi: AKP kürdlərin könlünü alır, türkləri itirir...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şah İsmayıl Xətai və Əmir Teymur haqqında səsləndirdiyi fikirlərin, necə deyərlər, “tozu yatmamış”, AKP cəbhəsindən Xətai ilə bağlı ikinci bir açıqlama gəlib.

Musavat.com xəbər verir ki, Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Şah İsmayıl Xətaini Anadoluya zülm etməkdə ittiham edib.

Sitat: “Anadolu torpaqlarını başdan ayağa zülmlə inildədən Şah İsmayıla qarşı Yavuz Sultan Səlim və İdris-i Bitlisi arasında qurulan ittifaq, bu torpaqlarda müsəlman icmaların birgə yaşamasına şərait yaratdı”.

TBMM Başkanı Numan Kurtulmuş'tan deprem uyarısı: 'Hazırlıklı olmalıyız' -  Oxu.az

Kurtulmuşun bu fikirləri müxtəlif tarixçi və ictimai dairələrdə mübahisəli qarşılanıb, ötən həftədən başlayan polemikanı daha da alovlandırıb.

Ötən yazıda da qeyd etdiyimiz kimi, hörmətli Numan bəy məsələyə daha yaxın tarixdən yanaşa, məsələn, Çanaqqala müharibəsi və ya İstiqlal savaşı kimi hadisələrə istinad edə bilərdi. Əvəzində isə 500 il geriyə gedərək tarixin tozlu səhifələrindən Osmanlı–Səfəvi savaşlarına qayıdıb və İdris Bitlisini xatırladıb. Bu yanaşma əslində birliyə deyil, daha çox bölücülüyə xidmət edir.

İDRİS-İ BİTLİSİ TARTIŞMALARI VE KIZILBAŞLAR – ÇandName TR

Əgər Sultan Səlim–İdris Bitlisi ittifaqına işarə etməklə Türkiyədəki kürdlərin könlünü almaq niyyətindədirsə, bu, paralel olaraq ölkənin özündə yaşayan 10 milyondan artıq əhli-beyt tərəfdarı, ələvi–bəktaşi vətəndaşları küsdürmək və incitmək anlamına gəlir. Xüsusilə bu məsələdə İdris Bitlisiyə istinadın məntiqi izahı çətindir.

İdris Bitlisi olaraq tanınan, əsl adı Hakiməddin İdris Mövlana Hüseaməddin Aliyul Bitlisi olan bu şəxs XV əsrin 50-ci illərində Bitlisdə kürd əsilli bir ailədə dünyaya gəlib. Atası Mövlana Hüseaməddin Aliyul Bitlisi tanınmış din xadimi olub. İdris özü də ilahiyyatçı idi. O, Ağqoyunlu sarayında xidmət etmiş, Sultan Yaqubun sarayında xidmətçi və onun övladlarının müəllimi olmuşdur. Bu arada, onun Sultan Yaqubla birlikdə Azərbaycan torpaqlarına səfəri zamanı yazdığı “Risale-i Hazaniyyə” adlı əsəri də mövcuddur.

1485-ci ildə Osmanlı–Məmlük savaşında Osmanlı qələbəsi münasibətilə Sultan Yaqubun adından Sultan II Bəyazidə yazdığı məktub hər iki sarayda yüksək dəyərləndirilmiş və nəticədə Bitlisi İstanbula dəvət olunmuşdur.

Osmanlı–Məmlük müharibəsi (1516–1517) — Vikipediya

Şah İsmayıl Xətai Ağqoyunlu dövlətinə son qoyaraq Səfəvilər dövlətini qurduqdan sonra İdris Bitlisi Osmanlıya sığınır və sarayda böyük iltifatla qarşılanır. Xüsusilə Sultan Səlimin dövrü Bitlisinin ən parlaq dönəmi olur. O, Çaldıran döyüşündə Osmanlı ordusunun tərkibində yer alır və rəhbərlik etdiyi 10 minlik kürd aşirəti ilə birlikdə Təbrizə daxil olur. Orada məscidlərdə dini vəzlər verir, dəstəsi şəhərdə asayişi qoruyur. Lakin Sultan Səlim Təbrizdə cəmi 8 gün qala bilir və Bitlisi də onunla birlikdə Təbrizi tərk edir.

Daha sonra İdris Bitlisi Şərqi və Cənub-Şərqi Anadoluda bir sıra Səfəvi vilayətlərini Osmanlıya qatır. Onun dəstələri Diyarbəkir də daxil olmaqla geniş əraziləri ələ keçirir. Bu xidmətlərinə görə Sultan Səlim tərəfindən mükafatlandırılır, Diyarbəkir vilayətinin idarəsi ona verilir və Kazasker (qazıların başçısı) rütbəsinə layiq görülür. Beləliklə, Cənub və Cənub-Şərqi Anadolunun idarəsi ona tapşırılır. Bu isə bölgədə kürd aşirətlərinin mövqeyini daha da gücləndirir.

Çaldıran'dan Günümüze.. 'İdris-i Bitlisi Kimdir'

Numan bəy də məhz bu tarixə istinad edərək Osmanlı–Kürd ittifaqını xatırladır. Amma bu, həm Azərbaycandakı və İrandakı türkləri incidir, həm də Türkiyənin özündə milyonlarla ölçülən ələvi-bəktaşi icmasına mənəvi zərbə vurur.

Ötən həftə Prezident Ərdoğanın, bu həftə isə Parlament sədri Numan Kurtulmuşun bu cür çıxışları haqlı narahatlıq və müzakirələrə səbəb olub. Halbuki Anadolu tarixində daha yaxın zamanlarda kürd, ərəb və türk qardaşlığını sübut edən hadisələr baş verib. Məsələn, 1915-ci ildə Çanaqqala zəfəri və 1921-ci ildə başlayan İstiqlal müharibəsi zamanı Orta Asiya və Qafqazdan, o cümlədən Azərbaycandan könüllülər qatılmışdı.

İstiqlal müharibəsində də Türkiyənin bütün bölgələrindən – ərəb, kürd, laz və digər xalqlar birgə savaşmış, Orta Asiya və Azərbaycan, Sovet rejiminə baxmayaraq, Mustafa Kamal Paşanın rəhbərlik etdiyi qüvvələrə dəstək vermişdi.

Türkiyə Cümhuriyyət bayramı [ Tarixdən səhifələr ]

AKP rəhbərliyinin uzaq tarixə istinad etməsi bir neçə səbəblə izah oluna bilər. Görünür ki, yaxın tarix Mustafa Kamal Atatürklə əlaqəli olduğundan və din amilindən uzaq olduğundan, 20-ci əsrin əvvəlinə toxunulmayıb. Çünki Türkiyə hökuməti PKK ilə barışıq mərhələsindədir və ölkə yeni Konstitusiya hazırlığına hazırlaşır. Bu dövrdə Atatürk dönəminin və İstiqlal müharibəsinin yada salınması, xüsusən də separatçı kürdləri narahat edə bilər. Bu səbəbdən Osmanlı–Kürd ittifaqına istinad edilməsi seçilib.

Eyni zamanda bu, AKP daxilindəki ümmətçi qrupun yenidən təşəbbüsü ələ almağa çalışdığını göstərir. Numan Kurtulmuş “Milli Görüş” hərəkatından gələn siyasətçidir. Bir müddət Səadət Partiyasına rəhbərlik edib. Oradan uzaqlaşdırıldıqdan sonra “HAS Partiya”nı yaratmış, amma uğur qazanmadığı üçün AKP-yə keçmişdir. 2014-cü ildə 62-ci hökumətdə baş nazirin müavini, 65-ci hökumətdə isə mədəniyyət və turizm naziri olub. 2023-cü ildən isə deputat və parlamentin spikeridir.

Turkey officially changes its name to Türkiye at United Nations

Kurtulmuş AKP daxilindəki “ümmətçi” kəsimə aiddir və milliyyətçilik xəttinə uzaq münasibət bəsləyən şəxslərdən sayılır. Bu qrup xarici siyasətdə də İslam və ümmətçilik elementlərini önə çıxarmağa çalışır. Hazırda AKP daxilində müxtəlif etnik qruplarla yaxın işləməyə üstünlük verilir, yeni Konstitusiyaya və seçkilərə hazırlıq getdiyindən diqqət daha çox daxili həssas qrupların könlünü almağa yönəlib.

Lakin yuxarıda qeyd olunduğu kimi, seçilən tarixi hadisələr və ritorika yanlışdır. Bu kurs Türkiyənin böyük dövlət vizionuna uyğun gəlmir, əqrəba xalqları incidir. Daha obrazlı desək, bu istiqamət Türkiyəni yenidən içinə qapanmağa, son 10 ildə aparılan regional açılım siyasətini zəiflətməyə aparır.

Yeri gəlmişkən, prezident Ərdoğanın çıxışından dərhal sonra Numan Kurtulmuşun eyni xətt üzrə danışması, Prezidentin həmin çıxışının arxasındakı ideoloji mənbələrin kimliyini də aydın şəkildə ortaya qoyur.

Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün

Yazarlar Kənan Rövşənoğlu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2025

20 May 2025

BÜTÜN XƏBƏRLƏR