Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana səfər edəcək. Rusiyadakı diplomatik mənbələrdən bildirilib ki, səfər oktyabrın 13-14-nə nəzərdə tutulub, hazırda detallar razılaşdırılır. Mənbənin bildirdiyinə görə, Overçukun Bakıda keçiriləcək Azərbaycan, Rusiya və İran arasında üçtərəfli görüşdə iştirakı nəzərdə tutulub. İran tərəfini isə üçtərəfli görüşdə nəqliyyat və şəhərsalma naziri Fərzanə Sadiqin təmsil edəcəyi bildirilib.
Nazirlər Kabinetindən verilən məlumata görə, Azərbaycan tərəfindən baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfindən baş nazirin müavini Aleksey Overçuk, İran tərəfindən isə yol və şəhərsalma naziri Fərzanə Sadiqi nümayəndə heyətlərinə rəhbərlik edəcəklər. Üçtərəfli görüşdə nəqliyyat-logistika, energetika və gömrük məsələləri müzakirə olunacaq.
Bu görüşün Rusiya və İran üçün çox əhəmiyyətli olduğu deyilir. Çünki hər iki dövlət sanksiya altındadır deyə dəhlizlərə ehtiyacı artıb. Məhz belə bir geosiyasi və iqtisadi şəraitdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti önə keçib.
Bu dəhliz Rusiya, İran, Azərbaycan və Hindistan arasında yerləşən, Asiyadan Avropaya malların daha sürətli, təhlükəsiz və sanksiyalardankənar daşınmasını təmin etməyə yönəlmiş nəhəng layihədir. Layihənin əsas məqsədi Rusiyanı Hindistanın limanlarına və daha geniş mənada, Cənubi Asiya, Fars körfəzi və Afrika bazarlarına bağlamaqdır. Bu nəqliyyat arteriyası həm də Süveyş kanalına alternativ olmaqla, yükdaşımaları köklü şəkildə dəyişmək potensialına malikdir.
Dəhliz çərçivəsində mühüm infrastruktur elementlərindən biri olan Rəşt-Astara dəmir yolu hissəsinin çəkilməsi davam etdirilir. Bugünlərdə İran hökuməti Rusiyaya bu xəttin tikintisi üçün 34 kilometrlik torpaq sahəsi ayıracaq. İranın yollar və şəhərsalma naziri Fərzənə Sadekin sözlərinə görə, artıq 162 kilometrlik marşrutun yarısından çoxunun torpaq sahələri satın alınıb, ilin sonuna qədər prosesin tamamlanması planlaşdırılır.
Xüsusilə Rusiyanın Qara dənizdə və Baltik regionunda üzləşdiyi təhlükələr, Ukraynanın pilotsuz katerlərinin hücumları, Finlandiya körfəzində mümkün blokada riski və Kalininqradın təcridi Cənuba yönəlmiş alternativ dəhlizlərin aktuallığını artırıb. Bu kontekstdə Azərbaycan ərazisindən keçən Şimal-Cənub dəhlizi iqtisadi və strateji baxımdan alternativ rol oynayır. Bu səbəbdən Bakı layihənin reallaşması istiqamətində böyük işlər görüb.
Bakıda keçiriləcək üçlü sammitin önəmi nədir? Bu görüş Rusiya ilə Azərbaycan arasında yaşanan soyuqluğa öz təsirini göstərə bilərmi?
Fikrət Yusifov
Sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, regional əməkdaşlığın inkişaf etdirilməsi Rusiya, Azərbaycan və İran üçün olduqca önəmlidir: “Ölkələr arasında siyasi müstəvidə, müəyyən zaman kəsiyində baş vermiş hər hansı bir gərginlik dövlətlər arasındakı iqtisadi münasibətlərə sirayət etməməlidir. Çünki siyasi müstəvidə baş verən hər hansı bir anlaşılmazlıq və ya qarşıdurma öz həllini tez tapa bilir. Bundan fərqli olaraq pozulmuş iqtisadi əlaqələrin bərpası daha uzun zaman tələb edir və ciddi maliyyə itkiləri ilə müşayiət olunur. Bu gün Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə və müharibə səbəbindən Qərbin Rusiyaya 20 mindən çox sanksiyalar tətbiq etməsinə baxmayaraq, Avropa və ABŞ-nin müəssisələri müxtəlif yollarla Rusiya müəssisələri ilə əməkdaşlıqlarını davam etdirirlər. O deməkdir ki, dünyanın siyasi səhnəsində nəyin necə baş verməsindən asılı olmayaraq, biznes maraqları hər şeydən daha vacibdir. Bakıda keçiriləcək üçtərəfli görüşdə ilk növbədə nəqliyyat-logistika, energetika və gömrük məsələləri müzakirə olunacaq”.
Fikrət Yusifov hesab edir ki, bu görüş həmçinin Rusiya ilə Azərbaycan arasında son zamanlar yaranmış gərginliyin aradan qaldırılması istiqamətində bir addım kimi də dəyərləndirilə bilər: “Rusiya ilə Azərbaycan arasında yaranmış siyasi gərginliyə baxmayaraq bu ilin 8 ayı ərzində ölkələrimizin ticarət əlaqələri bir qədər də genişlənib. Tərəflərin iqtisadi müstəvidə bir-birinə güvəni qorunub saxlanılır. Unutmayaq ki, Rusiya bazarı bizim aqrar sektorun məhsulları üçün nə qədər münbit bazar sayılırsa, Azərbaycan bazarı da Rusiya məhsulları üçün bir o qədər münbit bazardır. Rusiyadan Azərbaycana ixracın həcmi Azərbaycanın Rusiyaya ixracının həcmindən üç dəfə böyükdür və deməli, qonşuluqda olan belə bir bazar qarşı tərəf üçün çox önəmlidir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ