İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkianın hicab inqilabı - rejim hara qədər yumşalacaq?

İranda baş örtüsü ilə bağlı dəyişikliyin siyasi və sosial aspektləri var - ekspertin şərhi

İranda hicab məcburiyyəti qanunla ləğv edildi. “Bundan sonra İranda məcburi hicab taxmaq qadağasını icra etməyə lüzum yoxdur”, - deyə Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonər deyib. Onun sözlərinə görə, qanunun icrası artıq hüquqi nöqteyi-nəzərdən mümkün deyil və bu artıq heç bir cəza tədbiri ilə nəticələnə bilməz: “Hicab taxmaq məsələsi ilə bağlı daha heç bir cəza, cərimə və qanuni tədbir görülməyəcək. Bu, polislərə də bəyan edilsin”.

Bir müddət öncə İran Prezidenti Məsud Pezeşkian da həmin qanuna münasibət bildirərək demişdi ki, zorla heç bir nəticə əldə edilə bilməz. İran siyasəti üzrə araşdırmaçı Fikrət Fərəməzoğlunun sözlərinə görə, Pezeşkianın təkidi ilə həmin halı tənzimləyən “Hicab və İffət haqqında” qanunun icrası müvəqqəti dayandırılıb: “O demək deyil ki, hər kəs açıq-saçıq geyinə bilər. Üst geyim norması yerində qalır. Yəni biri vulqar geyinə, qısa ətəkdə küçəyə çıxa bilməz. Sadəcə, geyim daha əvvəlki kimi olmayacaq. Müəyyən qaydalara riayət ediləcək. Amma təbii ki, qadınlar baş örtüsüz sərbəst küçəyə çıxa bilər. İndiyə qədər buna görə cərimə tətbiq olunurdu, əxlaq polisi onları saxlamaq hüququna malik idi. Bundan sonra polis müdaxilə etməyəcək, cərimə də olmayacaq. Üstəlik, bu mövzu ilə bağlı cərimələr və məhkəmə işləri ləğv olunacaq. Hicabın ləğvi qərarını isə İranda üç qurum verə bilər. Ali dini lider və ofisi, Məclisi Xubriqan və Parlament. Bu üç məqamdan heç biri belə bir qərar verməyib”.

İslam inqilabından 46 il sonra bu qərarın verilməsi İranda inqilabi addım sayılır. Zaman-zaman hicabla bağlı etiraz aksiyaları keçirilib. Son olaraq 22 yaşlı Məhsa Əmininin hicabı düzgün taxmadığına görə zorakılığa məruz qalaraq öldürülməsi İranı ayağa qaldırmışdı. Ona görə də ölkədə yumşalmanın olacağı gözlənilən idi.

Bəs bu dəyişiklik İranı hara aparır? Davamı nə ola bilər, əhalinin digər azadlıqları tələb etməsinə gətirib çıxara bilərmi?

Azər Hüseynov

Siyasi şərhçi, dini məsələlər üzrə mütəxəssis Azər Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “İran İslam Respublikasında hicabla bağlı tələblər heç vaxt təqdim olunduğu qədər sərt və yekcins olmayıb. Bu qaydalar zaman-zaman dəyişib, yumşalıb və ya sərtləşib. İslam inqilabından sonra qəbul edilən hicab qanunları ilk dövrlərdə həm ideoloji, həm də simvolik xarakter daşıyırdı. Lakin zaman keçdikcə bu siyasət cəmiyyətin müxtəlif təbəqələri tərəfindən fərqli şəkildə qəbul olundu. İranlıların böyük bir qismi üçün hicab dini öhdəlikdən çox, milli ənənənin bir parçası idi. Xüsusilə Tehranda, İsfahanda və Şiraz kimi mədəniyyət mərkəzlərində hicab daha çox formal xarakter daşıyırdı və qadın geyimində milli zövq və estetik anlayışla dini tələbin sintezi müşahidə olunurdu. Əgər İran cəmiyyətinə yaxından baxsaq, görərik ki, qadınların çoxu hicab normalarına şəriətin təfsiri baxımından tam əməl etmir. Bu, ruhanilərin və dövlətin təsirinə baxmayaraq, sosial həyatın reallıqları ilə bağlıdır. Hicab çox zaman milli-mədəni geyim forması kimi qəbul edilir və sadəcə, ənənəvi, dinin təsirinin daha güclü olduğu şəhərlərdə - məsələn, Qum, Məşhəd və Kaşan kimi yerlərdə - daha sərt qaydalarla qorunur. Bu bölgələrdə ruhanilərin təhsili və dini təsir gücü yüksək olduğuna görə hicab məsələsində şəriətə uyğun davranış forması daha geniş yayılıb”.

Ekspert qeyd edir ki, bununla belə, hicabla bağlı dövlət siyasətində son illərdə baş verən dəyişikliklər bir çoxları tərəfindən “inqilabi qərar” kimi təqdim olunsa da, əslində bu dəyişikliklər daha çox texniki və taktiki xarakter daşıyır: “Hökumətin hicabla bağlı cərimələri ləğv etməsi bir tərəfdən, müəyyən sayda qadınların açıq geyinməsini artıracaq, digər tərəfdən, dövlətin cəmiyyətlə qarşıdurmasını yumşaldacaq. Yəni bu, ideoloji yox, daha çox sosial və təhlükəsizlik məqsədli qərardır. İranda hicab məsələsindəki yumşalma qərarının arxasında yalnız daxili ictimai təzyiqlər deyil, həm də beynəlxalq proseslərin təsiri dayanır. ABŞ-nin İranı bombalamasından, daha sonra BMT-də İrana qarşı sanksiyaların qəbul edilməsindən sonra bu qərar dövlətin özünü qoruma instinktinə söykənən bir addım kimi qiymətləndirilə bilər. Hökumət bu yolla həm daxildə sosial gərginliyi azaltmağa, həm də xarici təzyiqlər fonunda siyasi sabitliyi qorumağa çalışır. Bu baxımdan, hicabla bağlı dəyişikliklər inqilabi deyil, müdafiə xarakterlidir və əsas məqsəd təhlükəsizlik balansını saxlamaqdır”.

Analitik qeyd edir ki, İranın müasir sosial mənzərəsini anlamaq üçün Məhsa Əmini hadisəsinə də nəzər salmaq lazımdır: “2022-ci ilin payızında baş verən bu hadisə dövlətin hicab siyasətinin ən ciddi böhran nöqtəsinə çevrildi. Əmini əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra həyatını itirdi və bu, ölkə üzrə etiraz dalğasına səbəb oldu. Bu hadisə göstərdi ki, hicab artıq təkcə dini bir məsələ deyil, həm də dövlətin legitimlik problemi ilə birbaşa bağlıdır. Etirazlar zamanı "Zən, zendegi, azadi" (Qadın, həyat, azadlıq) şüarı bütün dünyada İran cəmiyyətindəki dəyişimin simvoluna çevrildi. Lakin bu hadisələr də göstərdi ki, İran cəmiyyətində azadlıq istəkləri hər zaman daxildən deyil, çox zaman xarici təsirlər fonunda aktuallaşır. Xarici mətbuatın və Qərb dövlətlərinin bu hadisəni qlobal simvola çevirməsi, bir tərəfdən, diqqəti İranda insan haqlarına yönəltsə də, digər tərəfdən, daxili proseslərin təbii inkişafına təsir etdi. İran tarixində bu cür hadisələr çox olub: islahat tələbləri və azadlıq çağırışları adətən Qərblə münasibətlərin gərginləşdiyi dövrlərdə qabardılıb. Hicab taxmaq, ya da taxmamaq fərdi seçim olmalıdır. Əks halda bu, “əxlaqi riyakarlıq” yaradır və dini dəyərlərin mənəvi mahiyyətini zəiflədir. İranda hicabla bağlı verilən son qərarları inqilabi deyil, adaptiv addım kimi qiymətləndirmək olar. Bu qərar həm dövlətin təhlükəsizlik maraqlarını, həm də cəmiyyətin dəyişən reallıqlarını nəzərə alır. Ruhanilərin cəmiyyət üzərindəki nüfuzu artıq əvvəlki kimi deyil və dövlət bu gerçəyi qəbul etməyə məcburdur. İran indi daha çox özünü qoruma instinkti ilə hərəkət edir. Bu baxımdan, hicab məsələsində baş verən yumşalma nə “qələbə”, nə də “məğlubiyyət”dir. Bu, sadəcə, cəmiyyətin təbii təkamül mərhələsidir. Dini dəyərlərin qorunması ilə fərdi azadlıqların balansı hələ də axtarılır. İran artıq anlayır: inamı zorla yaşatmaq mümkün deyil. Dinin gücü onun qanunla deyil, vicdanla qorunduğu yerdədir".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR