Onlayn ictimai-siyasi qəzet
“Sağlığında kor Fatı, öləndə alagözlü Fatmam laylay”
(Azərbaycan ata sözü)
Bir səydəş bloger var, təzəlikcə hansısa küçədə yaşayan qız uşağını aparıb gözəllik salonuna, saçını-başını yuduzdurub fotosunu paylaşmışdı. Bəlkə video da vardı, belə bambılı temalarla maraqlanmadığım üçün izləmədim. Xəbərin diqqətimi çəkməyinin səbəbi isə o idi ki, guya salondan çıxarkən qızın dəyişilib, gözəlləşdiyini yazmışdılar, amma təbii və çirkli halında o qız daha gözəl idi. Subyektiv fikrimdir, kimin kefi istəyirsə razılaşmasın. Mən, ümumiyyətlə, pis çıxmasın, bir əyri, amma təbii burunu yetmiş kosmetik buruna dəyişmərəm. Əlbəttə, bu əyrilik gözə girmirsə və insana fizioloji əzab vermirsə.
Əlqərəz, bloger müəllim videonu yayıb, lakin sən demə, bu mövzu sosial şəbəkədə müzakirə edilibmiş və qızın guya 13 yaşı olması başlığının yalan olduğu açıqlanıbdır. Hətta kimlərsə qəfil ulduzu parlayan “bloq ilahəmizin” oğru olması haqda video paylaşıbmış. Di get... Necə deyərlər, hər gözəlin bir eybi vardır...
Elə bloger yoldaş da xalqa saxta cəfəngiyyat sırıdığı üçün utanmaq, xəcalət çəkmək yerinə nə edib? Buyurun, sitat: “Həmin qızın bu gün oğurluq etdiyi yerdə videosunu paylaşmısınız. Mən də bilirdim (!!! - Z.H.) bunu, amma bununla məşğul olan qurumlar var. Bu qız indi nə qədər depressiya yaşayacaq həmin görüntülərə görə... Uzun illərdir oğurluq edən (!!! - Z.H.) bir qızı gözəlləşmiş bir xanım kimi qələmə vermişdim. Nə etsə də, o görüntüləri paylaşmalı deyildiniz. İmkan verərdiz, yaddaşlarda dodaqlarına boya çəkən xanım kimi qalardı”.
Heyrətamizdirmi? Yox. Biz artıq həyasızlığa, abırsızlığa, qabaqdangəlmişliyə öyrəncəli olmuşuq. Nə qələt edirsən et, onsuz cəmiyyət səni bağışlayacaq. Axı aşağı-yuxarı hamı eyni gündədir. “Kim oğurluq etməyibsə, videoya ilk dislaykı o atsın” - peyğəmbərdən sitata nəzirə etsək. Lotular, dələduzlar, oğrular cəmiyyətin ən seçilmiş təbəqəsi sayılırsa, düzgün insanlar deyil, əxlaqsızlar qabağa çəkilirsə, 17 yaşlı qızın və onun “reklam agentinin” üstünə getmək sarsaqlıq deyilmi? Səmimi yazıram: sarsaqlıqdır.
Bu məqamda şairdən sitatın yeri gəlmişdir, ənənəmizi pozmayaq: “Olmasaydı cahanda sarsaqlar, Ac qalardı yəqin ki, yaltaqlar”. Yeri gəlmişkən, biz bunu rus şairi Krılovun təmsilinin tərcüməsi şəklində tanıyırıq. Mirzə Ələkbər Sabir özü də yəqin belə təqdim edib, ancaq mənim fikrimə görə xeyli təvazökarlıq edib, çünki “Qarğa və tülkü” şeirinin ana dilimizdəki variantı Krılovun tam sərbəst tərcüməsidir, yenidən, ana dilimizdə yazılmış şeirdir. Çünki bu təmsilin süjeti də Krılova məxsus deyil, ilk dəfə Ezop-da, daha sonra qədim Roma şairi Fedr-də, 17-ci əsr fransız şairi La Fonten-də və onlarla başqa şairlərdə rast gəlinir. Bu baxımdan, biz həmin şeiri Sabirin öz əsəri kimi qəbul etməyə borcluyuq. (Maraqlıdır ki, ilkin variantda, bizim eradan öncə 600-cü illərdə yaşamış yunan şairi Ezop-un təmsilində qarğa ağzında pendir yox, ət tutub. Ən məntiqlisi də əslində budur. İlk dəfə 1-ci əsrdə Fedr əti pendirlə əvəz edib. Görünür, Roma imperiyasında da bizdəki kimi ət bahalaşıbmış, qarğalar tapa bilmirmiş).
Söhbət çox uzandı, amma ət yoxa çıxsa da kabab festivalı keçirdə bilirik, əlhəmdüllah. Parazitlər toplaşıb Bakıda parazitologiya elmi üzrə konfrans keçirdə bilirlər. MDB faktiki gorbagor olub, yarışları isə qalır. Əsas budur. Bir şey yoxdursa da təsəvvür edək.
İmkan verin yaddaşlarda dodağımız boyalı qalsın. Nə qədər gözəl deyib... “Nə gözəlsən, nə xoşliqasən sən, Yeri var söyləsəm - hümasən sən”.
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ