Onlayn ictimai-siyasi qəzet
Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının oktyabrın 10-da Düşənbədə keçiriləcək iclasına hazırlıqlar başa çatıb. Bu barədə MDB-nin baş katibi Sergey Lebedev “Xovar” xəbər agentliyinə müsahibəsində bildirib.
O deyib ki, dövlət başçıları 2030-cu ilə qədər hərbi əməkdaşlıq konsepsiyası, terrorizmlə mübarizə və MDB-nin xarici sərhədlərinin mühafizəsi sahələrində bir sıra sənədlərin qəbul edilməsini planlaşdırır. “Birlik ölkələrinin dövlət başçılarının müzakirəsinə 19 məsələ təqdim olunur. İmzalanması planlaşdırılan sənədlər arasında təhlükəsizlik, cinayətkarlıq, terrorizm, ekstremizmlə mübarizə sahəsində əməkdaşlığa dair qərarlar mühüm yer tutur”, - deyə o bildirib. Lebedevin sözlərinə görə, sammitdə digər məsələlərlə yanaşı, 2026-2028-ci illər üçün terrorizm və ekstremizmə qarşı mübarizədə MDB-yə üzv dövlətlər arasında əməkdaşlıq proqramları, o cümlədən 2026-2030-cu illər üçün xarici sərhədlərdə sərhəd təhlükəsizliyinin gücləndirilməsi, 2030-cu ilə qədər hərbi əməkdaşlıq konsepsiyası, MDB dövlət başçılarının cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq üzrə birgə bəyanatı, regional enerji təhlükəsizliyinin təmin edilməsi və digər sənədlər qəbul olunacaq.
Qeyd edək ki, sentyabrın 24-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Belarus Respublikasının Minsk şəhərində keçirilən MDB dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edib. Sentyabrın sonunda isə Azərbaycanın baş naziri Əli Əsədov MDB baş nazirlərinin iclasına qatılıb.
Qeyd edək ki, Azərbaycan son aylarda MDB çərçivəsində keçirilən tədbirlərə qatılmırdı. Rəsmi Bakı isə nümayəndə heyətinin MDB-nin iclaslarında iştirak etməməsini Rusiya ilə bağlı baş verən hadisələrlə əlaqələndirmirdi.
MDB-ni hərbi cəhətdən gücləndirmək niyyəti alınacaqmı və s. suallarla ekspertlərə müraciət etdik.
Aydın Mirzəzadə
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü Aydın Mirzəzadə “Yeni Müsavat”a açıqlamasında bu istiqamətdə çox vacib məqamlara aydınlıq gətirdi: “Azərbaycan MDB-nin üzvüdür və üzvlük məsələsindən irəli gələn mövzularda iştirak edir. Rusiya ilə münasibətlərimizin MDB ilə olan münasibətlərə aidiyyəti yoxdur. MDB daxilində Azərbaycan digər ölkələrlə əməkdaşlıq məsələlərinə xüsusi önəm verir. Bu, iqtisadi əməkdaşlıqdır, beynəlxalq məsələlərə birgə münasibətin müəyyənləşdirilməsidir, təşkilat daxilində ikitərəfli münasibətlərin genişləndirilməsidir və s. Qarşıdan gələn sammitdə qoyulan məsələlərin sırasında Azərbaycanın da marağında olan məsələlər var. Cinayətkarlığa və terrozimə qarşı birgə mübarizə məsələsini misal çəkə bilərik. Burada birgə mübarizə və s. məsələlər mühüm rol oynayır. Elan edilən hərbi konsepsiya məsələsinə gəldikdə isə, Azərbaycan hesab edirəm ki, mümkündür ki, fərdi yanaşsın. O baxımdan ki, MDB hərbi təşkilat deyil. Eyni zamanda Azərbaycan MDB üzvlərindən bir qrupunun yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil. Biz, ümumiyyətlə, heç bir blokun üzvü deyilik və Qoşulmama Hərəkatının ən fəal üzvlərindən biriyik. Bu hərəkatın da əsas prinsiplərindən biri heç bir hərbi bloka qoşulmamaqdır. Azərbaycan 4 ilə yaxın bu təşkilatın rəhbəri oldu. Hansı ki, çox az ölkə nizamnamə ilə nəzərdə tutulan üç ildən çox müddətdə Qoşulmama Hərəkatına rəhbərlik edib. Həmin məsələnin müzakirəsində ya Azərbaycan, ümumiyyətlə, bu məsələnin müzakirəsində iştirak etməyə bilər, ya da bu məsələyə öz fərdi münasibətini bildirə bilər. Azərbaycan üzv olduğu təşkilatların fəaliyyətində hər zaman özünün milli maraqlarını öndə tutub, dövlət müstəqilliyinin və suverenliyinin qorunmasına xüsusi önəm verib. Həmçinin milli maraqlarımıza xidmət edən ikitərəfli və çoxtərəfli əməkdaşlıq variantlarını da maraqlarımıza cavab verdiyi təqdirdə, nəzərdən keçirib”.
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, Azərbaycan MDB liderlərinin Düşənbə toplantısında ən ali səviyyədə təmsil olunmayacaq: “Bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyi də bu barədə məlumat yaymışdı. Ola bilər ki, Bakını Düşənbə toplantısında Xarici İşlər Nazirliyi və ya baş nazir səviyyəsində kimlərsə təmsil etsin. Amma indiki məqamda bu da inandırıcı görünmür. Azərbaycanın bu tədbirə qatılmamasına isə şübhəsiz ki, Bakı ilə Moskva arasındakı münasibətlər əsas səbəbdir. İki paytaxt arasındakı sərinlik MDB daxilindəki kollektiv münasibətlər sisteminə də təsirini göstərməkdədir. Bu soyuqluğun Rusiyanın təyyarə qəzasına görə Azərbaycandan üzr istəyəcəyi ana qədər davam edəcəyini düşünürəm. Çünki rəsmi Bakı haqlı və prinsipial mövqeyindən geri dönənə oxşamır. Rusiya isə Azərbaycana qarşı getdikcə daha sərt mövqedə dayanır. Kremlin Bakı, Kişinyov, Tiflis, Kiyev və başqalarına yuxarıdan aşağı baxışı MDB daxilində parçalanmanı daha da sürətləndirir. Azərbaycan MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə əməkdaşlıq həyata keçirir. Ölkəmiz MDB daxilində aparılan əməkdaşlıq çərçivəsində öz milli maraqlarını rəhbər tutur. Bu, hər zaman belə olub. Amma Rusiya Azərbaycanın MDB-dəki sərbəstliyini heç zaman həzm etməyib. Bizim üçün MDB-də təmsil olunmaqla-olunmamaq arasında hər hansı ciddi bir fərq yoxdur. Hazırda öz iqtisadi durumuna görə MDB-dən və Rusiyadan asılı iki ölkə var. Bunlardan biri Belarus, digəri Tacikistandır. Düşünürəm ki, yaxın illərdə Belarus və Tacikistan da Rusiyadan qopa bilər. Əgər şimal qonşumuzda hər hansı bir siyasi laxlama başlayarsa, taciklər və belaruslar da MDB-yə barmaqarası yanaşacaqlar”.
Siyasi təhlilçinin fikrincə, MDB-nin hər hansı sənədlər toplusu ilə hərbi cəhətdən gücləndirilməsi məsələsi də inandırıcı deyil: “İstənilən sanksiya burulğanında "MDB-nin hərbi qüdrəti" puç olacaq. Bu baxımdan, düşünürəm ki, imzalanacaq sənədlər, sadəcə olaraq, süqut illərini yaşayan MDB-ni ayaqda saxlamaq cəhdləridir. Əslində Rusiyanın beyin mərkəzləri də adıçəkilən təşkilatın süqutunu aydın şəkildə görməkdədir".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ