Onlayn ictimai-siyasi qəzet
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə verdiyi müsahibədə Türk Dövlətləri Təşkilatı ilə bağlı diqqətçəkən fikirlər irəli sürüb. Artıq müsahibə ətrafında geniş müzakirələr başlayıb.
Musavat.com xəbər verir ki, millət vəkilinin “TDT+ formatında əməkdaşlığa hansı ölkələr qoşula bilər”,- sualına verdiyi cavabda adlarını çəkdiyi dövlətlər nəzərləri cəlb etməyə bilməz.
Sitat: “Gürcüstan, Ermənistan, Rusiya, İran və Pakistan Macarıstan kimi təşkilatın işində yaxından iştirak etsə bu, nəinki regional, hətta qlobal təhlükəsizliyə, iqtisadi inkişafa böyük xidmət etmiş olar. Bütün dövlətlərarası təşkilatlar insanların təhlükəsizliyinə, onların maddi və mənəvi tələbatının ödənilməsinə, rifahına, iqtisadi əlaqələrin inkişafı isə tərəfdaş ölkələrin iqtisadiyyatının liberallaşmasına, biznes mühitinin yaxşılaşmasına xidmət etməlidir. Qeyd etdiyim dövlətlər arasında sərhədlər götürülməli, insanların, kapitalın, malların sərbəst dövriyyəsi təmin olunmalıdır. Bu istiqamətdə cəsarətli qərarların qəbulu günümüzün sifarişidir. Türk xalqları müttəfiqləri ilə birlikdə daha güclü olmalı, daha yaxşı yaşamalıdır. Bu sahədə özünün ciddi problemlərinin olmasına baxmayaraq, daha çox inkişaf etmiş Türkiyə digər türk dövlətlərinə hüquqi dövlət, azad bazar iqtisadiyyatı quruculuğu istiqamətində kömək etməlidir. Bunun üçün Türk Dövlətləri Təşkilatı çərçivəsində beynəlxalq müqavilələr imzalanmalı, nəzarət mexanizmləri yaradılmalıdır”.
Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a açıqlamasında Q.Həsənquliyevin, əslində, fikirlərinin reallaşa biləcəyini vurğulayıb: “TDT+ formatının təsis edilməsi olduqca maraqlı addımdır. Düşünürəm ki, bu təşkilatın gələcək vizyonu üçün bir xeyli önəmlidir. Rusiyada xeyli sayda türk topluluğu mövcuddur. Fikrimcə, həmin türk muxtariyyətlərinin TDT ilə yaxından mədəni-sosial, iqtisadi və ideoloji bağlar qurması üçün Rusiyanın da gələcəkdə bu formata cəlb edilməsi mümkün görünür. Digər tərəfdən, Moldovada baş verən hadisələr fonunda Moldova və Qaqauz Yeri cümhuriyyətinin də TDT+ da təmsil olunmasını düşünmək olar. Hətta geostrateji planda Gürcüstan və Tacikistanın, Krım məsələsinə görə Ukraynanın da TDT PLUS-a qoşulması ilə bağlı müəyyən təşviqat addımları atıla bilər. Eyni zamanda, uzaq gələcəkdə Pakistan və İranın da bu formatda müşahidəçi üzvlərdən olmasını istisna etmirəm. Ermənistana gəldikdə isə, öncəliklə bu ölkə Azərbaycan və Türkiyəyə qarşı irəli sürdüyü sərsəm ərazi iddialarından əl çəkməli, ortada olan problemləri həll etməlidir. Ondan sonra hesab edirəm ki, bu məsələ ətrafında nələrsə söyləmək olar. TDT üçüncü qütb kimi sürətlə inkişaf edir. İqtisadi-strateji hədəfləri olan təşkilatdır. Üstəlik, mənəvi mənsubluq və məsuliyyət tələbləri var. Hansı ölkələrdə türk xalqları kompakt şəkildə və muxtar formada mövcudluğunu davam etdirirsə, deməli, həmin dövlətlərin TDT çətiri altında əməkdaşlığı və müsbət əlaqələr silsiləsinin davamlılığına diqqətin artırılması xüsusi önəm daşımalıdır”.
Cavanşir ABBASLI
Musavat.com
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ