Onlayn ictimai-siyasi qəzet
"Atamın şüuru və zehni yavaş-yavaş bərpa olunur".
Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti, tarzən Ramiz Quliyevin oğlu, Əməkdar artist Əyyub Quliyev deyib.
"Dünən axşam bir daha baş çəkdik, görüşdük. Oyaq idi. Düzdür, şüurunun və zehninin bərpası üçün hələ vaxt tələb olunur, çünki iki həftəyə yaxın idi ki, Ramiz müəllim dərmanların təsiri altında idi.
Böyrəkləri ilə bağlı günaşırı dializ olunur. Həkimlər bildirirlər ki, böyrəklərin funksiyalarını tam yerinə yetirə biləcəyini təyin edə bilməmiz üçün bir müddət dializ olunmalıdır. Bunun üçün haradasa bir aya yaxın vaxt tələb oluna bilər ki, gələcəkdə necə müalicə olunacağı, yəni dializ lazım olub-olmayacağı ilə bağlı barədə tam dəqiq söz demək mümkün olsun. İndiki zamanda isə mütləq şəkildə günaşırı dializ olunmalıdır.
Ağciyərləri ilə bağlı da müəyyən müsbət məlumat var. İnfeksiyanın səviyyəsi düşür, müalicə effektiv gedir. Sağ olsunlar, reanimasiya şöbəsindəki həkimlər də əllərindən gələni edirlər.
Ötən gün biz onunla verbal olaraq, yəni gözlərlə əlaqə saxlaya bildik. Çünki orada ağciyərin təmizlənməsi üçün cihazlardan istifadə olunur. Həkimlərin dediyinə görə bu gün onların istifadəsi dayandırılacaq. Məhz o cihazlara görə dünən rahat ünsiyyətdə ola bilmədik. Amma oyaq idi, görürdü, reaksiya verirdi. Ümid edirik ki, yaxın zamanda böyrəklər də öz funksiyalarını bərpa etmiş olacaq. Ümidlərimiz böyükdür", - deyə Ə.Quliyev bildirib.
Xatırladaq ki, Xalq artisti Ramiz Quliyev səhhətinin pisləşməsi ilə əlaqədar sentyabrın sonunda Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ