Onlayn ictimai-siyasi qəzet
ABŞ Senatında Qara dəniz və Cənubi Qafqaz regionu üzrə dinləmələr keçirilib. “Yeni Müsavat”ın məlumatına görə, Senatın Beynəlxalq münasibətlər komitəsinin Avropa ilə əməkdaşlıq və regional təhlükəsizlik üzrə altkomitəsi “ABŞ-nin Qara dənizdə gələcək strategiyası” mövzusunda iclas keçirib. Dinləmələrdə senatorlar Kris Merfi, Stiv Deins, eləcə də tanınmış analitik mərkəzlərin nümayəndələri iştirak ediblər.
İclasda əsas məruzəçi Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun qurucusu Frederik Starr olub. O bildirib ki, Qara dəniz təkcə coğrafi məkan deyil, Avropanı, Qafqazı və Mərkəzi Asiyanı qlobal iqtisadiyyatla birləşdirən strateji arteriyadır.
Frederik Starr çıxışında Cənubi Qafqazın strateji roluna da xüsusi diqqət ayırıb. O bildirib ki, Gürcüstan, Azərbaycan və Ermənistanın hərəkət azadlığı onların Qara dənizə çıxış imkanından asılıdır. Bu çıxış olmadan region ölkələri ya Rusiyanın, ya da Çinin təsir dairəsində qalır. Ekspert vurğulayıb ki, bu gün Azərbaycan və Ermənistan Qərblə əməkdaşlığa daha açıq mövqe nümayiş etdirir, Gürcüstan isə yaxın gələcəkdə ABŞ ilə strateji dialoqa qayıda bilər.
Starr həmçinin ABŞ-nin Qara dəniz siyasətinin yenidən nəzərdən keçirilməsini və NATO-nun akvatoriyada rotasiya prinsipi ilə daimi dəniz qüvvəsi saxlamasını təklif edib. Onun fikrincə, bu qüvvə Ukrayna, Moldova və Cənubi Qafqaz ölkələrinin təhlükəsizliyinə mühüm töhfə verəcək. “Rusiya artıq daxili transformasiya mərhələsinə daxil olub və post-Putin dövrünə doğru hərəkət edir. ABŞ bu yeni reallığı nəzərə alaraq region strategiyasını yenidən formalaşdırmalıdır,” - deyə amerikalı ekspert qeyd edib. Müzakirələrin yekununda ABŞ analitikləri bildiriblər ki, Qara dəniz və Cənubi Qafqaz regionu gələcəkdə Avropanın enerji və təhlükəsizlik arxitekturasının ayrılmaz hissəsinə çevrilməlidir. Bunun üçün Vaşinqtondan daha sistemli, koordinasiyalı və uzunmüddətli strategiya gözlənilir.
ABŞ-nin Cənubi Qafqaz siyasətinin fəallaşmasının səbəbləri nə ilə bağlıdır? Vaşinqton Moskvanın regionda təsirlərinin azalmasından istifadə edirmi?
“Putindən sonrakı Rusiya ambisiyalarını saxlamalı olacaq. Çünki müharibənin vurduğu zərər, xüsusən sanksiyalar, həmçinin strateji itkiləri onun bir müddət özünü bərpa etməsinə gətirib çıxaracaq. ABŞ və kollektiv Qərb isə həmin boşluqda onun "arxa bağçası" hesab etdiyi postsovet məkanında təsirlərini gücləndirməyə davam edəcək".
Bu sözləri “Yeni Müsavat”a Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, professor Elxan Mirzəyev söyləyib. Onun qənaətinə görə, bununla belə, eyforiyaya qapılıb Rusiyanın tamamilə bölgəni tərk edəcəyinə arxayınlaşmağa dəyməz.
Elxan Mirzəyev
Professor region uğrunda rəqabətin davam edəcəyini gözləyir və zəifləmiş Rusiyaya ABŞ ilə mübarizədə Çinin dəstək olacağını proqnozlaşdırır: “Putindən sonrakı dönəmdə yüksəlişdə olan Çin Cənubi Qafqaz və Orta Asiyada ABŞ-nin önünə çıxacaq, yaxud Rusiyanı bu prosesdə himayə edəcək. İlk növbədə Çin özü bizim bölgədə maraqlıdır. İkincisi, Rusiya üçün Cənubi Qafqaz onun ürəyidir və regionu ABŞ-yə təslim etməz. Sadəcə, təsir imkanları və nüfuz dairəsi kifayət qədər azalacaq. Ona görə də Çin müttəfiqini daha güclü şəkildə dəstəkləmək məcburiyyətində qalacaq. Nəzərə alaq ki, Rusiyanın gələcək hakimiyyəti "dişləri qırılmış" və müharibədən yorğun çıxmış bir ölkənin məsuliyyətini çiyinlərinə götürəcək. Belə vəziyyətdə isə supergüc kimi dünya siyasətində iştirak etmək mümkün olmayacaq".
E.Mirzəyev post-Putin dövrünü Yeltsin iqtidarının zamanları kimi görməsə də, Rusiyanın imperiya planlarının uzunmüddətli təxirə salınacağını ehtimal edir: “Ancaq biz tələsik nəticələr çıxarmalı deyilik ki, Rusiya Cənubi Qafqazda yoxdur. Hazırda ən ciddi şəkildə Gürcüstanda mövcuddur, Ermənistanda siyasi-iqtisadi və hərbi təsirləri qalmaqdadır. Azərbaycana gəldikdə, bu təsirlər xeyli azaldılıb. Birləşmiş Ştatlar və Avropa Birliyi isə uzunvədəli proqram əsasında regionda varlığını gücləndirir. Bu, bir ilin işi deyil və hər üç Qafqaz ölkəsi ilə əlaqələri daha da inkişaf etdirməyə çalışacaqlar. Bu prosesin Trampdan sonra da davam edəcəyini gözləyirəm”.
Ramiyə Məmmədova
Siyasi şərhçi Ramiyə Məmmədova isə ABŞ-nin bölgədə aktivləşməsini üç səbəblə izah edir: “Əvvəla, "Tramp marşrutu" adlanan dəhliz Birləşmiş Ştatların nəzarəti altında açılır. Bu, Rusiya üzərində Cənubi Qafqazda ən ciddi strateji qələbədir. Ümumiyyətlə, Orta dəhlizin bir hissəsi olan Zəngəzur dəhlizinə nəzarət amerikalıların çoxdankı arzusu idi. Hətta Bayden prezident olduğu dövrdə köməkçisi Obrayen işarə etmişdi ki, dəhliz Rusiya və Çindən yan keçməlidir. Düzdür, Pekinsiz bu layihənin reallaşması nonsensdir, amma ABŞ nəzarəti ələ keçirməyi bacardı".
Ekspertin fikrincə, Vaşinqtonun regionda fəallığının digər səbəbi də elə Çinlə rəqabətidir: “Yəni burada təkcə logistikalar məsələsi yoxdur, bölgədə təsir gücünü artırmaq uğrunda savaş gedir. Ona görə post-Putin dövrü dediyiniz mərhələdə ABŞ postsovet məkanı uğrunda Rusiya yox, onun "böyük qardaşı" Çinlə yarışacaq. Azərbaycan üçün heç bir dilemma yoxdur. Baxmayaraq ki, Çinlə strateji tərəfdaşlıq memorandumu imzalanıb, biz hər hansı cəbhədə dayanıb strateji seçim etməmişik".
Təhlilçi ən nəhayət, ABŞ-nin regiondakı maraqları kontekstində üçüncü faktor kimi siyasi təsirləri görür: “Azərbaycan və Ermənistandan fərqli olaraq, Gürcüstanda hakimiyyət Rusiya ilə münasibətlərdə fərqli davranır. Bunu 2008-ci il müharibəsi ilə əlaqələndirmək və başa düşmək olar. Ancaq Vaşinqton Tiflisdə getdikcə zəifləyən mövqeyini də bərpa etməyə başlayacaq. Rusiya yalnız əməkdaşlıq doktrinası ilə Cənubi Qafqazda qala bilər. Bunu Putin iqtidarı da, sonrakılar da qəbul etsələr, Moskva bölgəni tərk etməyəcək. Çünki ölkələr arasında iqtisadi sahədə əlaqələri genişləndirmək üçün böyük potensial var. Bu gün Şimal-Cənub dəhlizi həyati əhəmiyyət kəsb edir. Xüsusən də Azərbaycan Rusiyaya lazımdır. Ən əsası isə qonşu ölkələrik. Rusiya qaba və təhdid leksikonundan imtina etsə, Cənubi Qafqazı itirməyəcək”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ