Onlayn ictimai-siyasi qəzet
"Ərdoğanın Azərbaycan-Rusiya gərginliyi ilə bağlı dedikləri Putinə ünvanlanıb".
Musavat.com bildirir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı qeyd edib.
Onun fikrincə, Bakı-Moskva xəttində təmas kanallarının çətinləşdiyi vaxtda İlham Əliyevin mövqeyini Ərdoğanın təqdim etməsi təsadüfi deyil:
"Çünki baş verənlərə liderlərin açıq münasibət bildirməsi gərginliyi artıra bilər, eyni zamanda, bu, Moskvaya Ankaranın Bakının yanında olduğu və hadisələrin mümkün inkişafında prosesə müdaxilə edə biləcəyinin mesajı kimi dəyərləndirilməlidir. Hərçənd, nə Bakı, nə Ankara gərginlikdə maraqlıdır.
Söhbət AZAL-ın vurulan təyyarəsindən başlamış Yekaterinburq hücumuna qədərki proseslərdən gedir. Bakının bu məsələlərdə Moskvadan gözlədikləri – hadisələrin hüquqi müstəvidə ədalətli araşdırılması və buna uyğun addımların atılması – qüvvədən düşməyib. Ərdoğanın "lokal hadisələri və onların nəticələrini öz kontekstindən çıxarmadan həll etmək mümkündür" sözləri də əslində Bakının istəklərini ifadə etməsidir.
Rusiyanın bu hadisələrlə bağlı ədalətli mövqe sərgiləyəcəyi ehtimalı əvvəldən az olub, Yekaterinburq hücumu və soydaşlarımıza qarşı etdiklərindən sonra bu, sıfırın altına düşdü.
Bu kontekstdə hadisələrin iki mümkün istiqamətdə inkişafı ola bilər:
1. Ankara Bakı-Moskva xəttində pərdəarxası vasitəçilik edir və "lokal hadisələr" Putin-Əliyev-Ərdoğan müstəvisində tərəfləri qane edəcək formada həll edilir;
2. Bakı-Moskva xəttində təmaslar bərpa olunur, lakin bu məsələlərin həlli ilə bağlı müzakirələr davam etdirilir".
Asif Nərimanlı bildirib ki, qarşıdurma heç bir tərəfə sərf etmir, lakin problemin həlli ilə bağlı hər iki variantın mümkünlüyündə çətinliklər var:
"Çünki "lokal hadisələr"in arxasında Cənubi Qafqazdakı mövqelər uğrunda mübarizə dayanır. Ərdoğanın dedikləri gərginlik atmosferinin yumşaldılması ilə yanaşı, Türkiyənin bu mübarizədə Azərbaycanın yanında olduğu mesajını çatdırmaq məqsədi daşıyır".
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Rusiya arasında yaşanan gərginliyə münasibət bildirib. O, bu barədə yerli jurnalistlərə açıqlamasında deyib:
"Türkiyə həm Azərbaycan, həm də Rusiya ilə dərin diplomatik və strateji əlaqələri olan bir ölkədir. Gərginliyi yaxından izləyirik və hər iki ölkəni təmkinli olmağa çağırırıq. Diplomatik gərginliyi azaldacaq bəyanatlarla məsələnin daha asan və əsaslı şəkildə həll olunacağına inanırıq.
İki ölkə arasında yaşanan neqativ hadisələrin tez bir zamanda başa çatacağına inanıram. Yaşanan xoşagəlməz hadisələrin Azərbaycan və Rusiya münasibətlərinə xələl gətirməməsi ən böyük arzumuzdur.
Biz bilirik ki, hər iki dostumuz bu problemi aradan qaldırmaq üçün anlayış səviyyəsinə malikdir. Cənab İlham Əliyev burada çox diqqətli və ehtiyatlı addım atır. O, bu məsələnin ardınca getməyin və bunun qızışdırılmasının tərəfdarı deyil".
Xalidə Gəray
Musavat.com
06 Iyul 2025
05 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ