“İlin sonuna qədər sərhədlərin əhəmiyyətli hissəsi müəyyənləşəcək”
İyulun 10-da Azərbaycan və Ermənistan rəhbərləri arasında Dubayda görüş baş tutacaq. Müharibədən sonra bu iki ölkə arasında ən çox nümayəndə heyətləri ilə təmsil olunacaq görüş sayılır.
Bu görüşlə əlaqədar Musavat.com-a siyasi şərhçi Fikrət Fərəməzoğlu fikirlərini bölüşüb: “Dubay görüşündə sülh müqaviləsinin imzalanması nəzərimcə, gözlənilmir. Çünki Bakının konkret tələbləri var ki, onlar reallaşmadan sülh sazişinin imzalanması Azərbaycan üçün sərfəli deyil. Bu, iki kritik məsələni gələcəyə saxlamaq, praktiki olaraq rəsmi Bakının marağında da deyil.
Amma bu görüşdən bəzi nəticələr çıxa bilər:
- Sülh sazişinə dair niyyət protokolu imzalana bilər. Həmin sənəd tərəflərin atacaqları addımları bənd-bənd razılaşdırılmasını ehtiva edəcək.
- Sərhədlərin delimitasiya və demarkasiyası prosesi sürətlənəcək. İlin sonuna qədər sərhədlərin əhəmiyyətli hissəsi bəlirlənəcək.
- Diplomatik nümayəndələrin görüşləri intensivləşəcək.
- Zəngəzur dəhlizi ilə bağlı ilkin yazılı da olmasa, şifahi razılaşma mümkündür. Amma dəhlizin açılması yaxın iki ildən tez mümkün görünmür. Çünki Ermənistan tərəfdə infrastruktur işləri aparılmayıb.
- Dilican-Qazax dəmiryolu xəttinin açılması və Ermənistanın Azərbaycan dəmiryolu qovşağına qoşulmasına dair razılıq. Bu Zəngəzur dəhlizinə paralel həyata keçiriləcək.
- Türkiyə ilə diplomatik əlaqələrin bərpası və Azərbaycanın buna etiraz etməməsi. Bura gömrüyün və Qars-Gümrü dəmiryolu xəttinin açılması da daxildir.
- Ermənistan yük maşınlarının sərbəst və təhlükəsiz şəkildə Azərbaycandan keçərək Rusiyaya gedilməsinə dair təminat.
Cavanşir ABBASLI
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ