İnsanlara hürriyət, millətlərə istiqlal!

İran boşalır, əhali böyük şəhərlərdən qaçır, Azərbaycan riskli ssenarilərə hazırlaşır

İsrailin Bat-Yam ərazisinə endirdiyi raket zərbəsindən sonra regionda hərbi-siyasi temperatur kritik həddə çatıb. Hazırda İranın mərkəzində, xüsusilə də Tehranda genişmiqyaslı panika müşahidə olunur.

Musavat.com yazır ki, paytaxt sakinləri evlərini tərk edir, yüz minlərlə insan Xəzər dənizi sahilinə, ölkənin şimal əyalətlərinə üz tutur.

CNN bu axının görüntülərini yayımlayaraq yollarda kilometrlərlə tıxacın yarandığını təsdiqləyib. Tehran metrosu isə rəsmi şəkildə 24 saatlıq iş rejiminə keçib və stansiyalar sığınacaq kimi istifadə olunmağa başlanıb.

Bu, artıq təkcə lokal bir böhran deyil. İsrailin müdafiə naziri son çıxışında Tehrana qarşı yeni və daha dağıdıcı əməliyyatların an məsələsi olduğunu açıq şəkildə bildirib: “Biz mülki vətəndaşlara təxliyə xəbərdarlığı etmişik. Tezliklə güclü zərbə endiriləcək”.

İsrailli jurnalist Hallel Biton Rosenin verdiyi bu məlumat bölgədə gərginliyin nə qədər kritik nöqtəyə gəlib çatdığını göstərir.

Bu müharibədə yalnız tərəflər – İran və İsrail – yox, artıq üçüncü ölkələr də aktiv şəkildə rol almağa başlayıb. İsrailin 14-cü televiziya kanalının yaydığı məlumata görə, Pakistan, Çin və Rusiya İrana yardım məqsədilə raket və hərbi texnika da daxil olmaqla, hava yolu ilə silah yükləri göndərir. Bu isə göstərir ki, qarşıdurma qlobal xarakter almaq üzrədir.

İranın daxilində baş verən bu xaotik vəziyyət Azərbaycanın da təhlükəsizliyinə bilavasitə təsir göstərə bilər. Əgər İranın bombalanması davam etsə və ölkə miqyasında hərbi-siyasi kollaps baş versə, o zaman sərhədlərini keçərək qonşu ölkələrə axın edəcək kütləvi qaçqın seli yaranacaq. Bu halda Azərbaycan da birbaşa təsirə məruz qalacaq. İranla sərhədyanı bölgələrimizdə yerləşən rayonlarımız ciddi humanitar və təhlükəsizlik çağırışları ilə qarşı-qarşıya qala bilər.

Eyni zamanda, təzyiq altında olan və məğlub duruma düşən teokratik İran rejimi məntiqsiz, aqressiv və regionu daha da qarışdıracaq addımlar ata bilər. Ənənəvi anti-Azərbaycan ritorikası bu dəfə real hərbi-siyasi təhdidə çevrilə bilər. Xüsusilə Cənubi Azərbaycandakı milli ruhun yüksəlməsi və sərhəddəki sabitlik Tehranın gözündə əlavə hədəfə çevrilə bilər.

İndiki mərhələdə prosesin sonunun haraya gedəcəyi bəlli deyil. Amma bəllidir ki, İsrail-İran qarşıdurması artıq sadəcə diplomatik və ya dron hücumları səviyyəsində deyil. Bu, açıq və total qarşıdurma müstəvisinə keçir. Belə bir müharibənin regiona yayılması ehtimalı yüksəldikcə, Azərbaycan kimi coğrafi və strateji baxımdan ortada yerləşən ölkələr də oyun masasında risk faktoru halına gəlir.

Azərbaycan hökuməti bu ssenarini öncədən ciddiyə alıb və Musavat.com-da olan məlumata görə həm humanitar hazırlıq, həm də sərhəd təhlükəsizliyi baxımından qabaqlayıcı tədbirlər görüb.

Quru sərhədlərimizin bağlı qalması və möhkəmləndirilməsi ictima informasiya, diplomatik neytrallıq və çevik təhlükəsizlik strategiyaları bu hazırlığın nümunələridir. Çünki bu dəfəki müharibə hər kəsi öz orbitinə çəkmək potensialına malikdir.

R.Abbasov,
Xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2025

15 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR