İnsanlara hürriyət, millətlərə istiqlal!

İran-İsrail savaşında həlledici gün - Uzağı, sabah...

ABŞ-ın müharibəyə qoşulması an məsələsidir; Tramp Fordo uran zənginləşdirmə obyektinə zərbə əmri verəcəkmi - təhlil

“ABŞ yaxın günlərdə İrana hücum etməyə hazırlaşır”. Bu barədə “Blumberq” məlumat yayıb. “ABŞ-ın yüksək rütbəli rəsmiləri yaxın günlərdə İrana mümkün hücuma hazırlaşır və Vaşinqton Tehranla birbaşa münaqişəyə girmək üçün infrastrukturları təmin edir”, - məlumatda qeyd olunub. Adının açıqlanmasını istəməyən mənbələr planın hələ başlanğıc mərhələsində olduğunu və dəyişə biləcəyini, lakin çox güman ABŞ-ın bu həftənin şənbə və bazar günləri hücum həyata keçirəcəyini bildiriblər.

“ABŞ İsrailin tərəfinə keçib İrana hərbi müdaxilə edərsə, ciddi və bərpaolunmaz zərərlə üzləşəcək”. Bu sözləri İranın ali lideri Ayətullah Əli Xamenei bəyan edib. O bildirib ki, İran xalqı təslim olmayacaq və Vaşinqton ölkəni hədələmə dili ilə danışmamalıdır.

İranın nüvə proqramı ilə bağlı sazişdə uran zənginləşdirilməməsi ilə bağlı müddəa əksini tapmalıdır. “Teleqraf” xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Livitt jurnalistlər üçün keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bu qənaətdədir. Livitt həmçinin Trampın İrana nüvə silahına sahib olmağa icazə verilməyəcəyi ilə bağlı mövqeyini bir daha təsdiqləyib.

“The Washington Post” isə yazıb ki, ABŞ İrana zərbə endirərsə, Yaxın Şərqdə ABŞ-ın bir sıra hərbi obyektləri hücuma məruz qala bilər. Bölgədə İraq, Suriya, İordaniya, Bəhreyn, Küveyt, BƏƏ-dəki bazalar və ABŞ-ın regiondakı ən böyük hərbi bazası olan Qətərdəki Əl-Udeyd hava bazası da daxil olmaqla on minlərlə ABŞ əsgəri yerləşir. Məlumata görə, Dohadan 20 mil cənub-qərbdə yerləşən Əl-Udeyd hava bazası ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) irəli komanda məntəqəsi kimi xidmət göstərir. Bazada 10 mindən çox əsgər yerləşir.

İran rəsmiləri bu həftə Qətərə xəbərdarlıq edib ki, ABŞ İrana hücum edərsə, Fars körfəzindəki ABŞ bazaları qanuni hədəf ola bilər.

“Donald Tramp İranın sürətlə nüvə silahına sahib olmasının qarşısını almaq üçün Fordo uran zənginləşdirmə obyektinə zərbə endirməyə meyllidir”. Bu barədə isə CBS-in hesabatında deyilir. Bu arada ABŞ-da keçirilən rəy sorğusuna görə, vətəndaşların 60%-i Amerikanın İsrail və İran arasındakı münaqişəyə qoşulmasının əleyhinədir. Yalnız 16% İsrail tərəfində hərbi müdaxiləni dəstəkləyir. Respondentlərin yarıdan çoxu - 56 faiz hesab edir ki, Vaşinqtonun Tehranla danışıqlar masasına oturmağının vaxtı çatıb.

Tramp hökuməti ictimai rəyi nəzərə alacaqmı?

“Hərbi əməliyyatlar nəticəsində İranın nüvə arxivini ələ keçirməyə nail olmuşuq”. Bunu isə İsrail Baş naziri Benyamin Netanyahu bildirib. O deyib ki, İran heç vaxt nüvə silahı əldə edə bilməyəcək: “Biz İranın yaratdığı nüvə təhlükəsini tamamilə aradan götürməyə qadirik”.

İsrail hökumətinin başçısı İranın ali dini lideri Ayətullah Xameneinin qətli barədə müzakirələrə isə “Heç bir variant istisna, heç kim isə toxunulmaz deyil” sözləri ilə aydınlıq gətirib.

O, ABŞ-ın İsrail-İran savaşına qoşulması imkanını da dəyərləndirib: “Bu məsələ həmin ölkənin Prezidenti Donald Trampdan asılıdır. Çünki oyunun qaydalarını məhz o bilir. Bizim heç vaxt Trampın özündən yaxşı dostumuz olmayıb. Bu səbəbdən də biz onun bütün qərarlarına hörmətlə yanaşırıq”.

İsrail ABŞ Prezidenti Donald Trampın İranın nüvə proqramına qarşı həyata keçiriləcək hücumlara qoşulacağına ümid edir. Bu barədə “Times of Israel” məlumat yayıb. “Biz onların qoşulacağını gözləyirik, lakin bu məsələdə onlara təzyiq göstərilmir. Onlar bu qərarı özləri verməlidirlər.

Onu da diqqətə çatdıraq ki, iyunun 20-də İran Xarici İşlər Nazirliyi ABŞ ilə danışıqların əsas şərtini açıqlayıb.

“İsrailin hücumları davam etdiyi müddətdə ABŞ ilə heç bir danışığa getməyəcəyik”. Bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçı jurnalistlərə açıqlamasında deyib.

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”da qeyd etdi ki, İsrail-İran savaşı hazırda ən gərgin saatlarını yaşayır: “Tramp da ölkəsinin savaşa qoşulmaq niyyətini gizlətmir. Amma ABŞ-ın savaşa qoşulması vəziyyəti dəyişə bilər. Birincisi, ABŞ cəmiyyəti Amerikanın İranla savaşa qoşulmasının əleyhinədir. İkincisi, Tramp administrasiyası da bu məsələdə iki hissəyə bölünüb. Hərbçilər və iqtisadçılar arasında fikir ayrılığı mövcuddur.  Biznesmenlərdən ibarət beyin mərkəzləri İranla savaşdan ABŞ-ın qazanclı çıxacağını düşünürlər. Amma hərbçilər Çin və Rusiyanın təpkilərindən ehtiyatlanırlar”.

Onun fikrincə, 2001-ci ildə İraqa müdaxiləyə də xalq razı deyildi: “Amma Corc Buş istədiyini reallaşdırdı və İraqa ”cəhənnəm aparmağa" nail oldu. Əgər administrasiya İrana müdaxilə ilə bağlı yekun qərarını verərsə, bu zaman ABŞ rəhbərliyi xalqın fikri nəzərə alınmadan savaşa qoşulacaq. İsrail isə Amerikasız çox davam gətirə bilməyəcək. Ona görə ki, İranla sərhəd qonşuluğu yoxdur və hava əməliyyatları üçün ağır və dəqiqliyi ilə seçilən modern silahlar lazımdır. Yəhudilər anlayırlar ki, yalnız “Davud sapandı”ına ümid bağlamaq sadəlöhvlük olardı. Ona görə də yəhudi lobbisi Trampı savaşa qoşulmağa tətikləyir". Ekspertə görə, indiki mərhələdə ABŞ-ın yubanması daha çox İranın xeyrinədir.

Niyaməddin Orduxanlı: "Bəzi dairələri susdurduq"

Niyaməddin Orduxanlı 

Politoloq Niyaməddin Orduxanlı Amerikanın bir halda İsrailə ciddi hərbi dəstək verəcəyini ehtimal edir: “ABŞ-ın icazəsi və əmri olmasaydı, İsrail heç vaxt İrana hücum etməzdi. Bu, birmənalı belədir. ABŞ istəyirdi ki, İran öz atom elektrik stansiyaları üçün zənginləşdirilmiş uranı xaricdən alsın. İran isə özü bu yanacağı istehsal etmək istəyirdi və buna görə ABŞ ilə razılığa gələ bilmirdi. Ona görə də İrana zərbələr endirildi. İran texnoloji baxımdan İsraildən geri qalır. ABŞ da İsrailə silah və kəşfiyyat məlumatları verir. İranın bu savaşda qalib gəlmək imkanları çox azdır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR