Onlayn ictimai-siyasi qəzet
İranın şimal-şərqində yerləşən Məşhəd şəhərində motosiklet istehsalı ilə məşğul olan zavodda güclü yanğın baş verib. Yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb edilib, lakin alovun sürətlə yayılması ilə mübarizə çətinləşib.
Musavat.com xəbər verir ki, eyni vaxtda İranın digər sənaye şəhərlərindən biri olan Qumda da sənaye zonasına yaxın ərazidə yanğın müşahidə olunub. Hər iki hadisədən əvvəl partlayış səsləri eşidildiyi barədə şahidlər məlumat verib.
Yerli mətbuat bu hadisələrin təsadüfi olmadığını, arxasında diversiya əməllərinin dayandığını iddia edir. Bildirilir ki, hadisələrin xarici xüsusi xidmət orqanları, xüsusən də İsrail ilə əlaqəsi ola bilər.
Xatırladaq ki, ötən şənbə günü İranın cənubundakı Bəndər-Abbas limanında baş vermiş silsilə partlayışlar nəticəsində azı 65 nəfər həlak olmuş, min nəfərdən çox insan xəsarət almışdı. Həmin hadisələr də diversiya aktı kimi qiymətləndirilmiş və məsuliyyətin İsrailin kəşfiyyat orqanlarına aid olduğu iddia olunmuşdu.
Hazırda İranın hüquq-mühafizə orqanları və təhlükəsizlik qurumları hadisələrlə bağlı təhqiqat aparır. Rəsmi Tehran hələlik ictimaiyyətə geniş məlumat verməyib.
Toğrul İSMAYIL,
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ