Onlayn ictimai-siyasi qəzet
İraqda fəaliyyət göstərən iranpərəst şiə qruplaşması “Kətaib Hizbullah” ABŞ-ın İranla müharibəyə müdaxilə edəcəyi təqdirdə Hörmüz və Bab əl-Məndəb boğazlarını bağlayacaqlarını elan edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bəyanatı hərəkatın nümayəndəsi Əbu Əli əl-Əskəri açıqlayıb: “Birləşmiş Ştatlar bu müharibəyə müdaxilə edərsə, Hörmüz və Bab əl-Məndəb boğazlarının bağlanacağına, Qırmızı dənizdəki bütün neft limanlarının fəaliyyətini dayandıracağına təminat veririk”.
Onun açıqlamasını Shafaq News portalı yayıb. “Kətaib Hizbullah” nümayəndəsi əlavə edib ki, Amerika təyyarələrini Yaxın Şərqdə “sürprizlər gözləyə bilər”.
İyunun 15-də “Kətaib Hizbullah” İran və İsrail arasındakı münaqişəyə müdaxilə edərsə, ABŞ-ın bölgədəki hərbi bazalarını vuracağı ilə hədələyib. Eyni zamanda qrup bəyan edib ki, İran, “İsraillə qarşıdurmada hərbi dəstəyə ehtiyac duymur” və “düşmənlə təkbaşına mübarizə aparmaq üçün kifayət qədər resursa malikdir”.
The New York Times-ın yazdığına görə, İran tərəfindən Hörmüz boğazının bağlanması ABŞ Hərbi Dəniz Qüvvələrinin Fars körfəzindəki gəmilərini mühasirəyə sala bilər. Mənbələrin qəzetə dediyinə görə, Pentaqon rəsmiləri ABŞ-ın İsrailin hərbi əməliyyatlarına qoşulacağı təqdirdə İranın cavabı üçün bütün mümkün variantları nəzərdən keçirir. Qəzet qeyd edir ki, Tehran Hörmüz boğazını minalamaq imkanına malikdir ki, bu da öz növbəsində Fars körfəzində Amerika gəmilərini təcrid edə bilər.
Potensial təhlükənin qarşısını almaq üçün Amerika hərbçiləri gəmilərini uzaqlaşdırmaq imkanını nəzərdən keçirir. Hazırda Fars körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinin hər vbirində 100 dənizçi olan dörd minaaxtaran gəmisi var.
Rusiya baş nazirinin müavini Aleksandr Novakın fikrincə, Hörmüz boğazının bağlanması neft bazarı üçün şok olacaq: “Bu, qiymətlərin qalxmasına səbəb olacaq. Rusiya ümid edir ki, bu cür tədbirlərin qarşısını almaq olar. Ümid edirəm ki, belə, tutaq ki, fors-major hadisələr baş verməyəcək, lakin heç nəyi istisna etmək olmaz. Bu, bazara təsir edən qeyri-müəyyənlik deyilən haldır və bazar mütləq hansısa şəkildə reaksiya verəcək".
Novakın sözlərinə görə, bütün dünya neft ixracının təxminən üçdə biri Hörmüz boğazı vasitəsilə Fars körfəzi ölkələrindən gəlir: "Ona görə də bazar üçün, əlbəttə ki, bu, şok olacaq. Ümid edirik ki, bu baş verməyəcək. Axı, bazar və gələcək investisiyalar üçün qiymət dəyişkənliyinin mümkün qədər aşağı olması həmişə məqsədəuyğun olardı".
Hörmüz boğazının bağlanması ehtimalı gündəmə gəldikdən sonra dünya bazarında neft qiymətlərində 2,3 dollara yaxın bahalaşma qeydə alınıb. Hazırda Brent etalon markasın 79 dollara yaxındır.
Musavat.com
20 Iyun 2025
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ