Onlayn ictimai-siyasi qəzet
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması onun saysız-hesabsız sərvətlərini də gündəmə gətirib. 22 il Azərbaycan hakimiyyətinin ən yüksək zirvəsində təmsil olunan Mehdiyev bu illər ərzində milyardlarla manatlıq var-dövlətə sahib olub. Hər təyinatdan sonra vəzifəlilər Mehdiyevin hüzuruna gedib, onun qeyri-rəsmi tələb və tövsiyələrini dinləyib, sonra isə vəzifələrinin icrasına başlayıblar.
Mehdiyevin fəaliyyət dövründə onu sərvət sahibi edən əsas şəxslər isə rayon və şəhər icra hakimiyyətlərinin başçıları olub. Demək olar ki, müxtəlif illərdə Bakının rayonlarına rəhbərlik edən məmurlar Mehdiyevə villalar və yaşayış binalarında çoxsaylı mənzillər hədiyyə ediblər.
Musavat.com-un Gununsesi.info-ya istinadən verdiyi məlumata görə, Ramiz Mehdiyevə ən bahalı hədiyyə verənlərdən biri də Eldar Əzizov olub.
Məlumata əsasən, Eldar Əzizov paytaxt meri təyin edildikdən qısa müddət sonra Mehdiyevlə “isti” münasibətlər qurmağa nail olub. Bu münasibətin nəticəsi olaraq, Əzizov Bakının mərkəzində yeni inşa olunan yaşayış binalarının birində bir neçə mənzili birləşdirərək Mehdiyevə hədiyyə edib.
Məsələ ilə bağlı Gununsesi.info-nun əməkdaşı Eldar Əzizovun özü ilə əlaqə saxlamağa çalışsa da, paytaxt meri telefon zənglərinə cavab verməyib.
Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə bir çox icra başçısına özünə ev və digər mülklər tikdirdiyi artıq yeni xəbər deyil.
Məsələn, Xaçmaz rayonunun Nabran istirahət zonasında 1 hektar ərazini əhatə edən 4 mərtəbəli villa 2012-ci ildə Xaçmazın keçmiş icra başçısı Şəmsəddin Xanbabayev tərəfindən tikilərək Mehdiyevə hədiyyə edilib. Villanın daxilində hovuz və idman meydançası da mövcuddur. Ramiz Mehdiyevə villa hədiyyə edən icra başçıları arasında Siyəzən Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Novruz Novruzov da yer alır.
O, Şabran rayonuna rəhbərlik etdiyi dövrdə Kilvar kəndində meşəyə bitişik iki mülk tikdirərək Mehdiyevə hədiyyə edib. Ramiz Mehdiyev Şabran dağlarında yerləşən bu mülkdə istirahətə üstünlük verib. Həmin kənddə, Ramiz Mehdiyevin mülkünə bitişik ərazidə köhnə erməni kilsəsi də var. Kilvar əldən-ayaqdan uzaq bir kənddir, həmin kəndin ucqar hissəsində, yan-yana inşa edilən bu evlərdən biri taxta konstruksiyalıdır.
Rayon mərkəzindən təxminən 30 km məsafədə yerləşən kənddə Ramiz Mehdiyevə məxsus daha bir villa da mövcuddur.
Bakının Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov da sabiq PA rəhbərinə villa hədiyyə edən məmurlar sırasında olub.
Şüvəlan bağları, “Gülçülük soxvozu” adlanan elit ərazidə inşa edilmiş 1000 kvadratmetrlik villa ötən il 1 milyon 300 min manata satışa çıxarılıb. Bu villa Mehdiyevin kürəkəni İlham Əliyevin adına sənədləşdirilmişdi.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasov da Mehdiyevin kadrlarından biri olub. O, 2007-ci ildə Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin ediləndə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev onu kollektivə təqdim etmişdi. Alxasov icra başçısı olduğu illərdə Mehdiyevin özünün və ailə üzvlərinin Qusarın Çiləgir kəndində dəbdəbəli malikanələrini tikdirib. Malikanələrin tikintisinə o, şəxsən rəhbərlik edib. Həmin malikanələrdən biri Qusar-Laza yolunun kənarında, meşənin içərisinə qədər uzanan 40 sotluq ərazidə inşa edilib. Üçmərtəbəli bu malikanə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsusdur.
Malikanənin fotolarını isə 2020-ci ildə Mehdiyevin qızı Kamilə Əliyeva sosial şəbəkə hesabında paylaşmışdı.
Musavat.com-a daxil olan məlumata görə, hazırda Ramiz Mehdiyevin cinayət işi üzrə aparılan istintaq çərçivəsində onun rəhbərlik etdiyi dövrdə villalar və mənzillər hədiyyə edən məmurların siyahısı da dəqiqləşdirilir.
Məlumata görə, hüquq-mühafizə orqanlarına artıq həmin şəxslərlə bağlı tapşırıq verilib. Məlumata əsasən, Ramiz Mehdiyevə “hörmət” göstərərək ev, torpaq və ya pul hədiyyə edən və bunu könüllü şəkildə etiraf edən icra başçıları və məmurların məsuliyyətə cəlb olunmayacağı barədə onlara rəsmi xəbərdarlıq edilib. Əvəzində, bu barədə məlumatı gizlədən, yaxud Mehdiyevin tapşırığı ilə dövlət vəsaitlərini şəxsi məqsədlərə yönəldən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istisna edilmir.
Beləliklə, sabiq Prezident Administrasiyası rəhbərinin illərlə “kölgə hökuməti” kimi qurduğu şəbəkə indi öz içindən çözülməyə başlayıb. Kiminsə hədiyyə etdiyi villa indi onun öz cəza sənədinə çevrilə bilər. Ramiz Mehdiyevin sisteminə bir vaxtlar sədaqət andı içənlər indi ya etirafla canını qurtarmağa, ya da susmaqla öz taleyini möhürləyəcək. Bu şəxslərə ən ağır cəzalar veriləcəyi də gələn məlumatlar sırasındadır.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ