Onlayn ictimai-siyasi qəzet
2025-ci ilin ilk yarısında Rusiyada 350 nəfər Ukraynaya qarşı müharibədə iştirak etməklə cəza məsuliyyətindən yayınmaq hüququndan istifadə edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Vajnıye İstorii” nəşri yayıb.
Onların arasında 41 nəfər insan həyatı və sağlamlığına qarşı cinayətlər törədib. Bu şəxslərdən iki nəfəri birbaşa qətl maddəsi ilə məhkum olunub.
Ən böyük qrup oğurluq, dələduzluq, quldurluq və soyğunçuluq maddələri üzrə təqsirləndirilənlərdən ibarətdir - cəmi 118 nəfər bu yolla azadlığa çıxıb. Bundan əlavə, 57 nəfər yol-nəqliyyat qaydalarını pozduğuna, 32 nəfər narkotik və psixotrop maddələrlə qanunsuz əməliyyatlara, 25 nəfər isə hərbi cinayətlərə görə məsuliyyətdən azad edilib.
Bu şəxslər arasında iki qadın, dörd dövlət qulluqçusu və dörd xarici vətəndaş da var (onlardan üçü MDB ölkələrindəndir).
Cəzadan azadetmə Rusiya Cinayət Məcəlləsinin 78.1 və 80.2-ci maddələri, eləcə də Cinayət-Prosessual Məcəllənin 28.2-ci maddəsi ilə tənzimlənir. Bu müddəalara əsasən, cinayət törətdikdən sonra müqavilə imzalayaraq orduya qoşulan və ya döyüşdə iştirak edən şəxslər dövlət mükafatı aldıqda və ya xidmətdən tərxis olunduqdan sonra cəzadan azad edilə bilirlər. Artıq məhkum edilmiş şəxslər isə müqavilə bağladıqdan sonra şərti şəkildə azadlığa buraxıla bilirlər.
Bu qaydalar 2024-cü ilin yazından qüvvədədir və ekspertlərin fikrincə, Rusiya hökuməti onları “insan ehtiyatını müharibə üçün genişləndirmək məqsədilə” tətbiq edir.
Musavat.com
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ