İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda gərginlik artır: SEPAH hərbi çevriliş edə bilərmi?

“Xalq üsyana qalxsa, İran üçün daha pis olacaq”

Son İsrail-İran müharibəsindən sonra ekspertlər xəbərdarlıq edirlər ki, İslam Respublikası uzunmüddətli strateji təhlükə olaraq qalır. Təkcə nüvə ambisiyalarına görə yox, bəzilərinin fikrincə, İranda yalnız gücə hörmət edən bir rejim formalaşıb.

Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun iranlı baş tədqiqatçısı Beni Sabti “The Times of Israel”ə deyib:

“Bu, rejimin mahiyyəti ilə bağlı problemdir. Əgər siz yalnız diplomatiya ilə gəlsəniz və onlar sizin əlinizdə yekə bir çomaq görmürlərsə, həmən sizin zəif olduğunuzu düşünəcəklər”.

Sabti ABŞ-ın keçmiş prezidenti Teodor Ruzveltin danışıqlar zamanı dediyi “Yumşaq danışın, ancaq əlinizdə yekə bir çomaq tutun” fikrinin arxasında dayanan həqiqətə işarə edir. Onun fikrincə, etibarlı güc təhdidi olmasa, tək diplomatiya çətin ki, Tehranın ambisiyalarına mane olsun.

ABŞ-ın İranın nüvə obyektlərinə aviazərbələri ilə nəticələnən 12 günlük münaqişə əsas obyektlərə ziyan vurub. Nəticədə nüvə silahı istehsalını gecikdirmiş ola bilər, lakin Sabti bunun təhlükənin mahiyyətini kökündən dəyişmədiyini iddia edir.

“Rejim yerindədir. Biz onları yer üzündən silməmişik.”

Corciya Texnologiya İnstitutunun nüvə mühəndisliyi üzrə professoru Dr. Anna Erikson qeyd edib ki, İran hücumdan əvvəl təxminən 400 kiloqram yüksək zənginləşdirilmiş uran ehtiyatına sahib olub ki, bu da on nüvə bombası hazırlamaq üçün kifayətdir.

Beni Sabti deyir ki, söhbət təkcə raket və nüvə proqramından getmir. Söhbət rejimin sabitliyindən gedir. ABŞ və İsrailin hücumları zamanı SEPAH generalları, qərargahı və hətta bədnam Evin həbsxanası hədəf alınmışdı:

“Əgər İsrail daha bir neçə gün öz hücumlarını davam etsəydi, kim bilir, bəlkə də indi İranın molla rejimi artıq sıradan çıxmışdı”.

“The Times of Israel” qəzetinə danışan İvrit Universitetinin Harri S. Truman adına Sülhün İnkişafı İnstitutunun əməkdaşı Menahem Merhavy deyib ki, İran indi həmişəkindən daha çox təcrid olunmuş vəziyyətdədir:

“İranın heç bir müttəfiqi yoxdur. Son hadisələr İranın nə qədər tək olduğunu sübut etdi.”

O, İraq, Yəmən, Suriya, Qəzza və Livandakı terrorçu vəkil güclər də daxil olmaqla “müqavimət oxu”nun ciddi şəkildə zəiflədiyini və yaxın illərdə onların yenidən güclənəcəyinə ümid qalmadığını vurğulayıb.

Menahem Merhavy deyir ki, növbəti beş ildə biz daha zəif, əgər o da qalsa, müqavimət cəbhəsi görəcəyik.

İsrail qəzeti yazır ki, HƏMAS 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücuma keçəndən sonra ciddi itkilər verib. Hazırda İsrail ilə zəifləmiş HƏMAS arasında potensial atəşkəs və girovların azad edilməsi barədə razılaşmanın müzakirələri davam edir.

Livanda bir vaxtlar İranın ən güclü tərəfdarı olan Hizbullah da ağır itkilərlə üzləşib. Səudiyyə mediası bu yaxınlarda bildirib ki, qrupun İsraillə 2024-cü ilin noyabrında atəşkəslə başa çatan müharibəsi zamanı təxminən 4000 Hizbullah döyüşçüsü, həmçinin komandirlər və yüksək səviyyəli liderlər öldürülüb.

12 günlük İsrail-İran müharibəsi zamanı İranın bütün vəkil gücləri prosesdən kənarda qalıb. İranın Yaxın Şərqdəki terror şəbəkəsinin zəifləməsi rejimin özünün vəziyyətinə də açıq şəkildə sirayət edib.

“İran rejimi zəifdir. Biz çomağı onların başının üstündə saxlamalıyıq”, – Beni Sabti deyir.

Son iğtişaşlara və artan təzyiqlərə baxmayaraq, həm Merhavy, həm də Sabti İranın rejim dəyişikliyi astanasında olduğuna şübhə ilə yanaşır.

“Rejim dəyişiklikləri adətən hava bombardmanı şəklində gəlmir”, – Merhavy deyir. 86 yaşı olan Ali Lider Əli Xamneyinin yaxın gələcəkdə əvəz olunacağı gözlənilir, lakin onun potensial varislərinin əksəriyyəti ideoloji baxımdan radikaldır. Namizədlər arasında onun oğlu Müctəba Xamneyi, rejimin yüksək səviyyəli üzvləri Sadiq Laricani və Möhsün Araki, həmçinin İslam Respublikasının qurucusu Ayətullah Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeyni də var.

Merhavyin fikrincə, bu namizədlər rejimin ideoloji kursunu qoruyub saxlasalar da, daha ehtiyatlı davrana bilərlər. İddiaçılar ali liderin yolunu davam etdirəcəklər, lakin Xamneyinin yolu ilə getmək İrana çox baha başa gələ bilər.

“İranda inqilab təəccüblü şəkildə baş verə bilər. Ola bilər ki, iki saatdan sonra, bəlkə də iki aydan sonra İranda üsyanlar olacaq. Biz inqilabın hansı səbəbdən olacağını bilmirik, bildiyimiz o ki, İranda qəzəb və iğtişaşlar üçün ciddi zəmin var və bu, uzun illərdir ki, belədir.”

Sabti hesab edir ki, hərbi çevriliş İran üçün daha məqbuldur:

“Bu yalnız yuxarıdan ola bilər. Bəzi generallar – SEPAH və ya ordudan kimlərsə iqtidara nəzarəti ələ keçirsə, bu rejimi daha mötədil edə bilər… Əgər bu, çevriliş cəhdi xalqdan gəlirsə, bu aşırı zorakılıqla müşayiət olunacaq.”

Qəzet bildirir ki, İsrail Baş naziri Benyamin Netanyahu İran xalqına müraciət edib. Bildirib ki, biz İran xalqı ilə yox, İran rejimi ilə düşmənik. İsrail İran xalqına azadlıq arzulayır. Oxşar müraciətlə Donald Tramp da çıxış etməlidir. Amerika prezidentinin belə bir çıxışı İran xalqına ciddi təsir göstərmək gücündədir.

Elbəy Həsənli. Sürix

https://www.timesofisrael.com/we-didnt-wipe-them-out-why-iran-is-still-dangerous-even-after-key-strikes/

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyul 2025

08 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR