İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda GPS xaosu - Tehran elektron müharibəyə hazırlaşır

İranın GPS sistemlərinin işində fasilələr yaranıb və ya sistemə müraciət edənlər ciddi səhv koordinatlara yönləndirilir.

Musavat.com-un xəbərinə görə, bir çox ekspertlər hesab edirlər ki, İranda GPS böhranı yerli qurumların fəaliyyəti ilə əlaqədardır.

İran Yaxın Şərqdə öz “elektron müharibə” alətlərini səhnəyə çıxarır. GPS siqnallarına müdaxilə, Çin və Rusiya istehsalı olan alternativ peyk naviqasiya sistemlərinə keçid və ətraf regionlarda artan GPS tıxacları yalnız texniki problem deyil, daha çox geosiyasi mesaj kimi qəbul edilir.

Vaşinqton İnstitutunun təhlükəsizlik eksperti Farzin Nadimi xəbərdarlıq edir:

“İran GPS istifadəçilərinə çıxışı tam bağlaya bilməz, amma yerli istifadəçiləri BeiDou və QLONASS kimi alternativ sistemlərə məcbur edə bilər.

Bu isə, sadəcə, texnologiya seçimi deyil, ideoloji və strateji yön seçimidir. İran Qərbin texnoloji sistemlərini kənara qoyaraq Çin və Rusiyanın orbitinə daxil olur.

İyunun 17-də Oman körfəzində 2 milyon barel neft daşıyan iki yük gəmisi – “Front Eagle” və “Adaline” – GPS pozuntusu səbəbindən bir-birinə çırpılıb. Gəmilərin burun hissəsi alışıb. Təkcə Fars körfəzində 1000-dən çox gəmi GPS pozulmasından təsirlənib. Bu rəqəmlər beynəlxalq nəqliyyat sisteminin sabitliyini təhdid edən miqyasdadır.

İranda GPS-in söndürülməsi və peyk siqnallarına müdaxilə halları ABŞ-ın mümkün hücumuna hazırlıq sayıla bilərmi?

RAMİL.jpg (213 KB)

Hərbi ekspert Ramil Məmmədli Musavat.com-a açıqlamasında bildirib ki, hazırda hər iki tərəf, həm İran, həm ABŞ növbəti toqquşma üçün “rəqəmsal silahlar”la silahlanır:

“Regionda baş verən texnoloji dəyişikliklər, siqnal müdaxilələri, rabitə manipulyasiyaları artıq fiziki zərbənin öncəsi olan “rəqəmsal döyüş mərhələsinin” başladığını göstərir. Əgər ABŞ İrana qarşı məhdudmiqyaslı zərbə və ya sabitliyi pozmağa yönəlmiş bir əməliyyat planlayırsa, onun ilk mərhələsi rəqəmsal zərbədir. Yəni peyk siqnallarına müdaxilə, rabitə pozuntuları və kiber hücumlar bu zərbənin tərkib hissəsidir. İran da bunu dərk edir və əvvəlcədən bu mərhələyə hazırlaşır”.

Hərbi ekspert deyib ki, İranın ABŞ-a məxsus GPS sistemindən istifadədən imtina etməsi və Çin-Rusiya peyk naviqasiya sistemlərinə keçidi sırf texniki qərar yox, strateji və hərbi təhlükəsizlik addımıdır:

“Bugünkü dövrdə müharibələr artıq yalnız silahla, mərmi ilə aparılmır. Rəqibi zəiflətməyin əsas yolu onun rabitə, informasiya, peyk və koordinasiya sistemlərini sıradan çıxarmaqdır. İran bu istiqamətdə ciddi şəkildə hazırlanır. GPS-in söndürülməsi və peyk siqnallarının təhrif olunması göstərir ki, Tehran elektron müharibə üçün infrastruktur qurur. İran GPS sistemindən təkcə kənarlaşmır, o, eyni zamanda informasiya və peyk müstəvisində özünü Qərbdən təcrid etməyə çalışır.

GPS ABŞ hərbi sənayesinin məhsuludur və istənilən vaxt texniki imkanlarla İranın hava və quru hərəkətlərini izləməyə, lazım gələrsə, koordinat əsaslı zərbələr endirməyə şərait yaradır. İran bu riski minimuma endirmək üçün BeiDou və QLONASS kimi alternativ peyk sistemlərinə yönəlir”.

Ramil Məmmədli bildirib ki, bu prosesləri yalnız texnoloji dəyişiklik kimi qəbul etmək sadəlövhlük olardı. Onun fikrincə, bu, artıq yeni nəsil müharibənin, 5-ci nəsil savaşın başlanğıcıdır:

“Burada məsələ mərmi atmaqda deyil. İndi siqnalın pozulması, rabitənin sıradan çıxarılması, bir təyyarənin enişdə azdırılması, bir tankın GPS olmadan hədəfə çata bilməməsi müharibənin əsas təzahürləridir. İran da bu səssiz müharibəyə hazırlaşır. Texnologiyanı silaha çevirir”.

Ekspertə görə, bu dəyişikliklər təhlükəsizlik tədbiri görüntüsü altında hibrid savaşın yeni mərhələsini ortaya çıxarır:

“Peyk siqnallarına müdaxilə, həm “spoofing”, həm də “jamming” texnikaları ilə artıq müasir döyüş sistemlərinin tərkib hissəsidir. Hörmüz boğazında baş verən gəmi toqquşması da bu prosesin bir hissəsidir. İran bu bölgədə GPS pozuntusu yaradaraq Qərb gəmilərinin və təyyarələrinin koordinatlarını təhrif edir. Bu, həm də neft və enerji daşıma xətlərinə təzyiq vasitəsi kimi istifadə olunur”.

Ramil Məmmədli qeyd edib ki, İran bu sistemləri təkcə xarici müdaxilədən qorunmaq üçün deyil, daxili nəzarət məqsədilə də tətbiq edir:

“İranın taksi şəbəkələri, dövlət orqanları və logistika sistemləri yalnız Çin sistemlərindən istifadə etməyə məcbur edilir. Bu isə rəsmi Tehranın vətəndaşların hərəkətini peyk üzərindən izləməsinə, informasiya sahəsində nəzarətini artırmasına şərait yaradır. Beləliklə, təhlükəsizlik tədbiri adı ilə informasiya diktaturası qurulur”.

Ekspert İranın GPS-ə müdaxilə və peyk sahəsində yaratdığı qeyri-sabitliyin Azərbaycan üçün birbaşa təhlükə siqnalı ola biləcəyini də istisnma etmir:

“Azərbaycanın hava məkanına yaxın ərazilərdə bu cür müdaxilələr həm PUA və aviasiya sistemlərimizə, həm də mülki uçuşlara ciddi risk yarada bilər. GPS siqnallarının söndürülməsi sərhəd zonalarında texniki qəzalara, kommunikasiya pozuntularına və hətta qəfil təxribatlara gətirib çıxara bilər”.

Hərbi ekspert deyib ki, İran bu gün dronlar, kibersilahlar və peyk manipulyasiyası ilə elektron müharibənin aktiv iştirakçısına çevrilib:

“İran bu gün dronlarla döyüş aparır, süni intellektə əsaslanan hədəfləmə sistemləri qurur, kiberhücumlarla informasiya müharibəsi aparır. GPS-in tıxanması bu konsepsiyanın tərkib hissəsidir. Artıq müharibə təkcə cəbhədə yox, orbitdə, server otaqlarında, siqnal kanallarında gedir. Bu tendensiyalar Cənubi Qafqaz üçün real təhlükədir və Azərbaycan alternativ peyk naviqasiya sistemləri, lokal şəbəkələr və texnoloji diplomatiya vasitəsilə bu risklərə hazır olmalıdır. Çünki müasir dövrdə bir siqnalın təhrif olunması, bir şəhərin zülmətə qərq olması və ya bir təyyarənin səhv eniş etməsi qədər nəticə doğura bilər.

Azərbaycan GPS-in intensiv istifadə olunduğu regiondadır. Əgər İran peyk siqnallarını pozmağa davam edərsə, bu, sərhədyanı bölgələrdə hava məkanının, aviasiyanın və rabitənin fəaliyyətinə ciddi təsir göstərə bilər. Eyni zamanda bu, logistika, bank və energetika infrastrukturuna da təhlükə yaradır. Əgər 20-ci əsrin müharibələri torpaq üstündə idisə, 21-ci əsr artıq məkan deyil, məlumat uğrunda gedir. Kim siqnala nəzarət edirsə, hədəfi o idarə edir. Bu həqiqəti hərbi planlamamızda daim nəzərə almalıyıq”.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR