Onlayn ictimai-siyasi qəzet
Bakının Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 33 yaşlı Mirzə Mirzəyev 16 kiloqram 145 qram marixuana ilə saxlanılıb.
İlkin araşdırmalarla məlum olub ki, o, “Instagram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından narkotik vasitəni satış məqsədilə əldə edib.
Mirzə Mirzəyevin bundan əvvəl də həmin şəxsin kuryeri kimi fəaliyyət göstərdiyi, paytaxtda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi məlumdur.
Faktla bağlı Qaradağ RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Mirzə Mirzəyev və əlaqəli şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində əməliyyatlar davam etdirilir.
Qeyd edək ki, son 3 ay ərzində Qaradağ rayonunda 94 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Azərbaycanın hüquq-mühafizə orqanlarının məlumatlarında İrandan gələn narkotik əlaqələrinin tez-tez önə çıxması sirr deyil. Hər dəfə “iranlı narkotik satanla əlaqə” ifadəsi qırmızı xətlə keçir.
Azərbaycanda qanunsuz narkotik dövriyyəsinin böyük hissəsinin İrandan gəldiyi hesab olunur.
Rəsmi mənbələrə və ekspert rəylərinə əsasən, ölkəyə daxil olan narkotiklərin 70-80 faizi İran ərazisindən keçir. Bu göstərici həm coğrafi, həm də tranzit marşrutları ilə bağlıdır. İran Azərbaycanla uzun sərhədə malikdir və buradan Avropaya və digər regionlara narkotiklərin keçirilməsi üçün əsas marşrutlardan biridir. Əlavə olaraq, Azərbaycana digər qonşu ölkələrdən də narkotik gəlməsi mümkündür, lakin İran əsas tranzit ölkə kimi çıxış edir.
Azərbaycanın rəsmi qurumları və təhlükəsizlik orqanları bu problemin qarşısını almaq üçün sərhəd nəzarətini gücləndirmək, beynəlxalq əməkdaşlığı artırmaq və narkotik ticarətini zərərsizləşdirmək istiqamətində çalışırlar.
Bəs İran tərəfi bu prosesləri niyə ciddi nəzarət altına almır? İranda oturub Azərbaycana narkotik satan şəxslərin müəyyən olunması və ifşası üçün hansı addımlar atılır? Ümumiyyətlə, İran tərəfi sərhəd zonalarında belə qrupların fəaliyyəti ilə bağlı hansısa addımlar atırmı?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Musavat.com-a bildirib ki, sərhəd təhlükəsizliyi regional məsələdir və yalnız Azərbaycanın səyləri ilə həll oluna bilməz:
“Azərbaycan və İran qonşu ölkələrdir. Lakin narkotik ticarəti kimi qlobal təhlükə qarşısında birgə və koordinasiyalı mübarizə şərtdir. Sərhəd bölgələrində cinayətkar dəstələrin fəaliyyəti sadəcə sərhədi keçməklə bitmir, bu, regionun sabitliyi və vətəndaşların təhlükəsizliyi üçün ciddi təhlükədir. Bu səbəbdən müvafiq qurumlar arasında informasiya mübadiləsi və qarşılıqlı əməliyyatlar prioritet olmalıdır”.
A.Nağıyev Azərbaycan hüquq-mühafizə orqanlarının sərhəd təhlükəsizliyi üçün ciddi işlər apardığını vurğulayıb, lakin İran tərəfi ilə effektiv əməkdaşlığın vacibliyini xüsusi qeyd edib:
“İrandan olan həmrəy və konstruktiv addımları gözləyirik. Bu, hər iki ölkənin strateji maraqlarına xidmət edir. İranın sərhəd bölgələrindəki hüquq-mühafizə orqanlarının Azərbaycanla koordinasiyada narkotiklərlə mübarizə aparmasının və qarşılıqlı dəstəyin regional təhlükəsizliyin möhkəmləndirilməsi üçün həyati vacibdir. Təhlükəsizlik məsələlərində siyasi və diplomatik əlaqələrin gücləndirilməsi, qarşılıqlı etimadın artırılması regionda davamlı sabitlik və inkişaf üçün əsasdır. Yalnız birgə səylərlə biz narkotik kimi qlobal təhlükənin qarşısını ala bilərik və sərhəd bölgələrində yaşayanlara təhlükəsiz mühit yarada bilərik”.
Deputat xatırladıb ki, son illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti İranla sərhəd bölgələrində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı bir sıra ciddi əməliyyatlar həyata keçirib:
“Modern texnologiyalar, o cümlədən mobil müşahidə vasitələri və dronlar sərhəd nəzarətində istifadə edilir. Əməkdaşlıq çərçivəsində sərhəd nəzarəti gücləndirilib, qanunsuz keçid hallarının qarşısı alınır.
Bununla yanaşı, hüquq-mühafizə orqanları kuryer şəbəkələrinin ifşası və zərərsizləşdirilməsi üçün genişmiqyaslı əməliyyatlar aparır, ictimai yerlərdə və onlayn platformalarda narkotik ticarətinin qarşısını almağa çalışır. Azərbaycan narkotiklərlə mübarizədə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə Bürosu (UNODC) və digər beynəlxalq qurumlarla birgə layihələr həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsi, hüquq-mühafizə orqanlarının təlimləri və sərhəd təhlükəsizliyinin artırılması üzrə tədbirlər təşkil edilir.
Eyni zamanda, Azərbaycanın qonşu ölkələrlə, o cümlədən İranla narkotiklərlə mübarizədə qarşılıqlı razılaşmalar və protokollar mövcuddur. Lakin praktiki əməkdaşlıqda qarşılıqlı etimad və siyasi iradə önəmlidir”.
Deputat vurğulayıb ki, Azərbaycanın sərhəd təhlükəsizliyinin gücləndirilməsi, xüsusilə İranla sərhəddə narkotik ticarətinə qarşı mübarizə uzunmüddətli planlama və əməkdaşlıq tələb edir:
“Hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə yanaşı, İran tərəfi ilə dialoqun, birgə əməliyyatların və etibarlı informasiya mübadiləsinin gücləndirilməsi regionun təhlükəsizliyinə ciddi töhfə verəcək. Narkotiklə mübarizə yalnız Azərbaycanın deyil, bütöv regionun prioritetidir və qonşu ölkələrlə əməkdaşlıq bu yolda ən effektiv vasitədir”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
15 Avqust 2025
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ