Onlayn ictimai-siyasi qəzet
Trampın səmimi etirafı: ABŞ zərbələri İranın nüvə proqramını tam məhv etməyib
ABŞ prezidenti Donald Tramp sensasion açıqlama ilə gündəmə gəlib.
Musavat.com xəbər verir ki, Fox News-a müsahibəsində Tramp etiraf edib: ABŞ-ın İrana endirdiyi zərbələr bu ölkənin nüvə proqramını tamamilə sıradan çıxarmayıb.
Onun sözlərinə görə, İranda hələ də işlək vəziyyətdə ən azı bir nüvə obyekti qala bilər. “Biz onların çox obyektə sahib olduğunu bilirdik. Ola bilsin, üç əsas və əlavə bir obyekt var,” – deyə Tramp bildirib.
Bu açıqlama, Tramp administrasiyasının əvvəlki bəyanatları ilə ziddiyyət təşkil edir. Xatırladaq ki, ABŞ prezidenti dəfələrlə İrana edilən hücumların onun nüvə proqramını “tamamilə məhv etdiyini” iddia etmişdi. O zaman mediada səslənən şübhələri Tramp sərt tənqid və təhqirlərlə qarşılamışdı.
Bu arada, Reuters agentliyi Beynəlxalq Atom Enerjisi Agentliyindəki (MAQATE) mənbələrə istinadla yazır ki, ABŞ-ın hücumlarından sonra İranda təxminən 400 kiloqram zənginləşdirilmiş uran nəzarətdən itib. Agentliyin qiymətləndirməsinə görə, bu miqdarda uran İrana ən azı 9 nüvə başlığı hazırlamaq imkanı verir. MAQATE bunun ya dağıntılar altında qaldığını, ya da gizli obyektlərə köçürüldüyünü ehtimal edir.
Beləliklə, İranın nüvə məsələsi yenidən dünyanın gündəminə oturur. ABŞ-ın zərbələri isə görünür, Tehranın nüvə potensialını tamamilə məhdudlaşdıra bilməyib.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ