Onlayn ictimai-siyasi qəzet
İran-İsrail hərbi münaqişəsi başlayandan qonşu ölkədən Azərbaycana ərzaq məhsulları gətirilmir.
Bu barədə sahibkar Elgün Məmmədli İTV-yə danışıb.
"Biz İrandan yağ, pendir, xurma, düyü, şokoladlar alırıq. İndi yollar bağlıdır deyə məhsullar gəlmir və qiymətlərdə də artım var. Hazırda kimin əlində nə varsa, onu satır. Bir həftədir ki, yollar bağlıdır, mal ala bilmirik. Ən çox tələbat İran yağlarınadır. Əlimizdə isə az yağ qalıb", - deyə, sahibkar bildirib.
Satıcıların sözlərinə görə, İrandan yeni məhsullar gəlməsə, qiymət artımı qaçılmazdır. Ən çox artım düyü, yağ və xurma kimi məhsullarda gözlənilir.
Digər sahibkar Bahal Bayramov da müharibə səbəbilə məhsul gəlmədiyini söyləyib: "Həm də özləri də mal satmırlar. Deyirlər ki, özümüz üçün saxlayırıq. Bu da bizim bazara təsir edir. Ən ucuz bazar İranındır. Biz ucuzluğa görə işləyirik, baha olsa, işləyə bilmərik. Belə getsə, 10 günə heç İran məhsulu tapılmayacaq".
Ekspertlər isə deyir ki, Yaxın Şərqdəki gərginlik İranın logistika imkanlarını və xarici ticarətini çətinləşdirə bilər.
Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, müharibənin davam etməsi, miqyasının genişləndirilməsi İrandan Azərbaycana gətirilən məhsulların həcminin azalmasına gətirib çıxaracaq: "Hətta müharibə daha da dərinləşərsə, praktiki olaraq İrandan Azərbaycana məhsul idxalının dayanmasına səbəb ola bilər. Bu halda logistik olaraq həmin məhsulları gətirmək mümkün olmayacaq. O baxımdan bizim ticarət dövriyyəmiz, eyni zamanda İrandan idxalın həyata keçirilməsi müharibənin hansı müddəti əhatə etməsindən və miqyasından aslı olacaq".
Daha ətraflı videomaterialda:
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ