Onlayn ictimai-siyasi qəzet
Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Fransada səfərdədir. Rəsmi məlumata görə, səfər çərçivəsində siyasi məsləhətləşmələr aparılıb, strateji tərəfdaşlığa dair sənəd və onun imzalanmasının mümkün şərtləri, müxtəlif sahələrdə əməkdaşlıq proqramları müzakirə edilib.
“Tərəflər bundan əvvəl Vaşinqtonda Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanmasına dair əldə olunmuş razılaşmaları, Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesini də müzakirə edib. Həmçinin Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının gündəliyi ilə bağlı məsələlərə toxunulub”, - Ermənistan XİN-dən bildiriblər.
Yəni nə qədər qəribə görünsə də, Ermənistanla Fransa arasında indiyədək strateji tərəfdaşlıq müqaviləsi yoxdur. Amma az öncə İrəvan Çinlə belə bir sənədi imzalayıb. Təxminən eyni məzmunlu anlaşma daha öncə Pekinlə Bakı arasında imzalanıb. Başqa sözlə, Çin artıq həm Azərbaycan, həm də Ermənistana strateji tərəfdaş dövlətdir. Bakı və İrəvan ABŞ-la da strateji tərəfdaşlıq qurmaq üçün çalışır. Bundan əlavə, kiçik zaman fərqi ilə, qardaş Pakistan İrəvanla diplomatik əlaqələr qurmaq barədə qərar verib...
Qayıdaq Kostanyanın Avropa səfərinə. Nakron Fransasının Azərbaycana neqativ münasibəti bəlli. Ancaq bu, Bakının günahı deyil. Onlar özləri başlayıb. Xüsusən də 44 günlük müharibədən (sentyabr 2020) və bir günlük (sentyabr 2023) antiterror əməliyyatından sonra daşları məhz “onlar” atıb, onlar da yığmalıdır. O sırada Vətən savaşından az sonra Fransa parlamentinin mifik “artsaxı” dövlət kimi tanımasını yada salmaq olar.
BMT Təhlükəsizlik Şurasında ölkəmiz əleyhinə üç dəfə uğursuzcasına qətnamə qəbul etdirmək təşəbbüsü də bu dövlətə məxsusdur. Hərgah rəsmi Paris ATƏT-in Minsk Qrupunun ləğvinə əngəl olmayıb. Bu il isə fransız səfir (Ann Buayyon – artıq geri çağırılıb - red.) ilk dədə azad Şuşaya ayaq basıb...
Fransadan söz düşmüşkən, fransız diplomat və fikir adamı Toleyranın sözüdür, deyib ki, “düşmənlərin sayını artıran diplomatiya yaxşı diplomatiya deyil”. Haqlıdır. Yeganə istisna yəqin ki, tarixi düşmənlərdir. Hərçənd xalqların əbədi düşmən qalması da mümkünsüz.
Misal üçün, fransızlarla almanlar əsrlərlə savaş içində, “it-pişik” kimi olublar. Amma İkinci Dünya müharibəsindən sonra nəhayət, barışıq yoluna çıxıblar. İndi Almaniya və Fransa Avropa İttifaqının aparıcı üzvləridir, vahid valyutaya (avro) sahibdir, “Şengen sazişi”nin iştirakçıları kimi aralarında sərhəd də yoxdur.
Güney Qafqazda da bunun mini-modelini – “Qafqaz Evi”ni qurmaq mümkündür. Tək əngəl ermənilərdir. Lap dəqiqi, hələ də bu toplumun canından çıxmayan “miatsum” mərəzi, “Böyük Ermənistan” xülyası, Ağrı dağı virusu, “Qərbi Ermənistan” sevdasıdır. Xülasə, başından yekə iddialarla yaşamasıdır.
Görək Paşinyan öz cəmiyyətini haqq yoluna, yeganə doğru yola gətirə biləcəkmi? Bunu bacarsa, işi axıra çatdırsa, ermənilərə “real Ermənistanı” qəbul etdirsə, onda öz adını həqiqətən tarixə müsbət işarə ilə, xilaskar kimi yazdıra biləcək. Nobel sülh mükafatı da öz yerində.
Təəssüf ki, kapitulyant ölkədən gələn xəbərlər hələlik böyük nikbinliyə əsas vermir. Hər halda dəqiq sözü qarşıdakı kritik parlament seçkiləri deyəcək: bu xalq yenə müharibə istəyir, yoxsa qonşularla, nəhayət, sülh-barışıq içində yaşamaq? İkinci halda Nikol Paşinyan və partiyasının növbəti qələbəsi qaçılmazdır...
Analitik xidmət,
Musavat.com
17 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ