Onlayn ictimai-siyasi qəzet
İşdən çıxarılan direktor müavini məktəbin direktorunu məhkəməyə verib. O, iddia edib ki, direktor mətbuata verdiyi açıqlamada ona böhtan atıb.
Musavat.com xəbər verir ki, Biləsuvar rayon Fazil Hökməliyev adına Günəşli kənd ümumi orta məktəbinin direktoru ilə onun işdən çıxardığı müavini məhkəmədə üz-üzə gəlib.
Direktor Nərmin Nəbiyevanın əmri ilə işdən çıxarılan Alim Həmidli məhkəməyə üz tutub. Alim Həmidli direktorun xüsusi ittiham qaydasında cəzalandırılmasını istəyib.
Belə ki, işdən çıxarılan Alim Həmidli mətbuata direktorun qanunsuz fəaliyyətlə məşğul olduğunu, işçiləri əsassız şəkildə işdən çıxarması barədə açıqlama verib.
Direktor Alim Həmidlinin mətbuata verdiyi müsahibəsinə cavab olaraq deyib ki, Alim Həmidlinin kollektivlə problemi olub: “Sizə deyə bilmərəm. Rayon ictimaiyyətinin bildiyi problemləri, uyğun olmayan məsələlər var idi. Belə şəxslə çalışmaq istəmirdim. Müqavilə bitəndə xitam verdim. İstənilən şəxsdən soruşa bilərsiniz. Əmək Müfəttişliyi Xidmətinin məni cərimə etməsi məsələsinə gəlincə isə bu, həmin şəxslərlə mənim aramda olan məsələdir, bunun Alim Həmidli ilə heç bir əlaqəsi yoxdur. Kollektiv onu istəmirdi”.
Alim Həmidli məhkəməyə müraciətində deyib ki, direktor “uyğun olmayan məsələlər”, “kollektiv onu istəmirdi”, “rayon ictimaiyyətinin bildiyi problemlər” kimi ifadələri ilə həqiqi olmadığını bilə-bilə onun barəsində böhtan xarakterli məlumatlar yayıb.
Məhkəmə Amil Həmidlinin şikayətini icraata qəbul etməyib. Bildirilib ki, Amil Həmidli qarşı tərəfin cinayət qanunu ilə nəzərdə tutulmuş hansı əməli törətməsi, törədibsə, bu zaman hansı zərərin vurulmasını şikayətində göstərməyib.
Qeyd edək ki, direktor Amil Həmidlini işdən çıxaran zaman xitam prosesini pozduğu üçün 700 manat cərimə edilib. Həmçinin iki xadiməni də əsassız olaraq işdən çıxardığı üçün Əmək Müfəttişliyi Xidməti tərəfindən cərimələnib.
İ.Muradov
Musavat.com
19 May 2025
18 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ