İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail-İran münaqişəsi Şimal-Cənub dəhlizini dayandırsa...

İsrailin İrana hücumu və ölkələr arasında başlanan hava müharibəsinin iqtisadi nəticələri ən çox müzakirə olunan məsələlərdən biridir. Əlbəttə, iqtisadi nəticələr deyərkən, ilk öncə diqqətlər İranın neft ixracı potensialının azalması, yaxud Hörmüz boğazının ticarət gəmiləri üçün bağlanması məsələlərinə yönəlir. Çünki bu iki amil bilavasitə dünya iqtisadiyyatına ciddi təsirə malik nəticələr verə bilər. Lakin İranın uzunmüddətli müharibəyə cəlb olunması, yaxud baş verənlərin bu ölkədə siyasi qarşıdurmalar, daxili çəkişmələrə yol açması regional səviyyəli bir sıra layihələrin də yarımçıq qalmasına və ya icrasında çoxillik fasilələrin yaranmasına gətirib çıxara bilər. Bura ilk növbədə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizidir.

CENUB.jpg (112 KB)

Əsası 2000-ci ildən qoyulan dəhlizin inkişafına xüsusilə Rusiya tərəfindən və xüsusilə də 2022-ci ildən bəri irihəcmli vəsaitlər sərf olunub. Hazırda təkcə Rusiya dəhlizin Şərq, Qərb və Mərkəz qollarının inkişafı məqsədilə 40-dan yuxarı layihə həyata keçirir. Bu layihələrin demək olar ki, hamısı Rusiya tərəfindən maliyyələşdirilir. Hindistandan Rusiyaya və əksinə yükdaşımaların ən optimal marşrutu kimi Şimal-Cənub dəhlizi Moskva üçün son dərəcə vacibdir. Bu baxımdan, dəhlizin tam gücü ilə işləməsində hamıdan daha çox maraqlıdır. İrandan kənarda, dəhlizdən faydalanacaq ikinci böyük oyunçu Hindistandır. İranın Çabahar limanına on milyonlarla dollra yatırım edən Yeni Dehli İsraillə münaqişənin mümkün qədər tez və Tehran üçün ciddi itkisiz başa çatmasında son dərəcə maraqlı tərəflərdən biridir.

Baş verənlər davam edən münaqişənin Şimal-Cənub dəhlizinə ciddi təsirlərinin olacağından xəbər verir. Belə ki, İsrail iyunun 14-də İranın mühüm liman şəhəri olan Bəndər-Abbasa çoxsaylı ardıcıl zərbələr endirib. İyunun 20-də isə dəhlizin Qərb qolunun keçdiyi Rəşt şəhəri hədəf seçilib.

REST.jpeg (78 KB)

Məlumatı İranın Gilan əyalətinin qubernatorunun müavini Əli Baqiri açıqlayıb:

"Bu gün səhər tezdən Rəştdəki Sefidrood Texnologiya Parkının ərazisi düşmən qüvvələri tərəfindən hücuma məruz qalıb. Hazırda ərazi mümkün ziyana görə yoxlanılır".

Rəşt şəhəri Şimal-Cənub dəhlizinin Azərbaycan üzərindən keçən və ən səmərəli hesab olunan qolunun açar məntəqəsidir. Qərb qolu ilə dəmiryol daşımalarının mərkəzi Rəşt hesab olunur. Dəhlizin icrası çərçivəsində 2018-ci ildə Qəzvin-Rəşt dəmiryol xətti istifadəyə verilib. 2023-cü ilin mayında Rusiya və İran Rəşt və Astara şəhərləri arasında Şimal-Cənubun qərb marşrutu üzrə dəmir yolunun sonuncu hissəsinin tamamlanması üçün sənədlər imzalayıblar. Layihənin ümumi dəyəri 1,6 milyard dollar təşkil edir ki, bunun da 1,3 milyard dolları Rusiya krediti, təxminən 300 milyon dolları isə İran tərəfinin ayırdığı vəsait hesabına həyata keçiriləcək.

İsrailin İrana aramsız hücumları Rusiyada Şimal-Cənub dəhlizinin taleyinə dair böyük narahatlıqlar yaradıb.

PESKOV.jpg (69 KB)

Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ölkəsi İsrail və İran arasında münaqişə bitdikdən sonra layihənin davam etdiriləcəyinə ümid etdiyini deyib:

"İstənilən halda, bunun qaynar mərhələsi başa çatan kimi, ümid etmək istərdim ki, bu layihənin gələcək həyata keçirilməsi prosesi davam etdiriləcək. Çünki bu, bütün ölkələrin maraqlarına uyğundur. Bütün ölkələr maraqlıdır. Bu münaqişə necə inkişaf edirsə etsin, müharibə bitdikdən sonra layihənin icrası davam edəcək".

LEVİT.jpg (38 KB)

İyunun 20-da Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPİEF-2025) çıxış edən Rusiya prezidentinin müşaviri, prezidentin nəqliyyatda beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi İqor Levitin bildirib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, İsrail və İran arasında münaqişəyə baxmayaraq, Rusiya üçün prioritet sahələrdən biri olaraq qalır:

"Şimal-Cənub nəqliyyat dəhlizi bizim üçün prioritet dəhliz olaraq qalır. İranda nə baş verməsindən asılı olmayaraq. İran qədim zamanlardan ticarət mərkəzi, tranzit mərkəzi olub və ora həm qərb, həm də şərq istiqamətlərində axınlar bərpa olunacaq".

Qeyd edək ki, 2023-cü ildə Rusiya ilə İran arasında Rəşq-Astara dəmiryol xəttinin tikintisi üzrə müqavilə imzalansa da, real işlərə başlanması yalnız bu ilin əvvəlindən mümkün olub. Buna İranda xəttin keçəcəyi ərazidə torpaq alınması işlərini vaxtında həyata keçirməməsi səbəb olub. Ötən ilin sonlarında Rusiyanın narahatlığını açıq bildirməsindən sonra bu il Şimal-Cənub layihəsində nəzərəçarpacaq dəyişikliklər olub. Belə ki, may ayında Rusiya və İran qərb Şimal-Cənub marşrutunun çatışmayan hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisi üzrə tədqiqat işlərinə başlayıb. Bu hissənin tikintisi çərçivəsində 162 km dəmir yolu xəttinin çəkilməsi, səkkiz yeni stansiyanın, 56 yol qovşağının, 73 körpünün, 30 yol ötürücüsünün tikintisi nəzərdə tutulub. Gözlənilir ki, Rəşt-Astara xəttinin tikintisi Ust-Luqadan Bəndər Abbasa fasiləsiz tranzit axını və ildə ən azı 15 milyon ton yükün daşınmasını təmin edəcək.

ASTAR.jpg (48 KB)

Martın əvvəlində İranın Gilan əyalətinin qubernatoru Hadi Haqşenas yollar və şəhərsalma nazirinin müavini və Nəqliyyat İnfrastrukturunun Tikinti və İnkişafı üzrə Milli Şirkətin baş direktoru Huşənq Bazvənd ilə görüşündə bu yolun marşrutu boyunca 162 km torpaq sahəsinin alınmasına qərar verildiyini bildirib. Onun sözlərinə görə, artıq 30 km-nin alınması prosesi başa çatıb, daha 50 km-in alınmasına başlanılıb. Eyni zamanda İran tərəfi artıq təxminən 73 milyon dollar məbləğində Rəşt-Astara dəmir yolunun layihələndirilməsi və tikintisini maliyyələşdirib.

Rusiya tərəfinin mühəndis-texniki heyəti may ayından İran ərazisində xəttin keçəcəyi ərazidə texniki-tədqiqat işlərinə başlayıb. Rusiya baş nazirinin müavini Vitali Savelyev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda “Rossiya-24” telekanalına müsahibəsində bildirib ki, münaqişə davam etsə də, mühəndis-texniki heyət işini davam etdirir. Onun sözlərinə görə, Rusiya İranda Şimal-Cənub İTC çərçivəsində Rəşt-Astara dəmir yolu hissəsində işləri dayandırmayıb, rusiyalı mütəxəssislər İranı tərk etməyiblər: "Biz heç nə gözləmirik, işləyirik. Biz heç nəyi dayandırmamışıq, heyət getməyib. Biz İranda bu gün bizə təhvil verilən bölmələr üzərində işləyirik".

Savelyev əlavə edib ki, İran həmişə perspektivli logistika imkanlarına malik ölkə olub və belə də qalacaq. "Ona görə də biz heç nəyi dəyişmirik, hərəkət edirik, işləməyə davam edirik".

Bu açıqlamaya rəğmən, ABŞ-ın İrana qarşı hücuma qoşulması ilə ölkədə vəziyyətin pisləşməsi fonunda Şimal-Cənub nəqliyyat dəhlizi üzrə işlərin davam etdirilməsi mümkünsüz hala gələ bilər. Bunun, əlbəttə, Azərbaycana mənfi təsiri olacaq: dəhlizlə yükdaşımaların artacağı perspektivinə hesablanaraq bir sıra layihələr başladılıb. İran hissəsində işlərin dayanması o layihələrə yatırılan investisiyaların qaytarılması pespektivini sual altına alır.

Lakin layihənin dayanması Azərbaycana Rusiya və İran qədər ciddi təsir etməyəcək. Çünki İran ərazisi yükdaşımalar üçün təhlükəli hala gələcəyi təqdirdə, Azərbaycandan keçməklə Şərqdən Qərbə uzanan Transxəzər Nəqliyyat Dəhlizi layihəsinin əhəmiyyəti daha da artacaq. Avropa İttifaqı, Çin və ABŞ-ın tam dəstəyinə malik bu dəhlizin inkişafı Bakının maraqlarına daha çox cavab verir. Çindən Avropaya yükdaşımaların Rusiyadankənar təşkilində Transxəzər dəhlizi böyük üstünlüyə malikdir. Azərbaycan dəhlizlə daşınan yüklərin mühüm hissəsinin öz ərazisindən ötürülməsində maraqlıdır. İranın bu və ya digər səbəbdən yükdaşımalar üçün əlverişsiz olması Xəzərin o tayından gələn bütün yüklərin Azərbaycan üzərinə yönəlməsinə gətirib çıxara bilər.

Son aylarda Transxəzər dəhlizi üzrə proseslərin qat-qat sürətlənməsi daşınacaq yüklərin də artmasını təmin edəcək. Belə ki, dəhliz çərçivəsində həm Qazaxıstan, həm Türkmənistan vasitəsilə ötürüləcək yüklər Azərbaycan üzərindən Avropaya ötürüləcək. Artıq Transxəzər) çərçivəsində Çinin Çjetsyan əyalətindən ilk yük qatarı Türkmənistan üzərindən Azərbaycana yola düşüb. Türkmənistanın Nəqliyyat və Kommunikasiya Agentliyinin yaydığı məlumata əsasən qatar 100 konteyner daşıyır: "Sinxua şəhərindən ilk yük qatarı Türkmənbaşı limanına yola düşüb ki, bu da başlanğıc nöqtəsi Çinin ən inkişaf etmiş iqtisadi regionlarından birində olan yeni TBNM-in rəsmi açılışını bildirir. 100 standart konteynerdən ibarət qatar Türkmənbaşı limanına istiqamət alıb, oradan yüklər Xəzər dənizi vasitəsilə Bakı limanına göndəriləcək".

Marşrut boyunca qatar Xorqos nəzarət-buraxılış məntəqəsi vasitəsilə Çin-Qazaxıstan sərhədini keçəcək, daha sonra Almatı, Daşkənd və Aşqabaddan hərəkəti davam etdirəcək. Çin tərəfinin qiymətləndirmələrinə görə, yeni marşrutun istifadəyə verilməsi ənənəvi Aktau - Bakı logistika xəttinin yükünü azaldacaq, həmçinin Çin məhsullarının Mərkəzi Asiya və Şərqi Avropa bazarlarına çatdırılmasını sürətləndirəcək: "Yeni yol artıq Çjetsyan əyalətinin Çin - Avropa marşrutu üzrə dəmir yolu ilə yük daşımaları çərçivəsində yaratdığı sayca 26-cı beynəlxalq logistika istiqaməti olub".

serencam.jpg (60 KB)

İyunun 20-də Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. Xarici İşlər Nazirliyinə isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.

Qeyd edək ki, Saziş cari il aprelin 23-də Pekində Prezident İlham Əliyevin və Sədr Si Cinpinin iştirakı ilə keçirilən Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimində Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Çinin nəqliyyat naziri Liu Vey tərəfindən imzalanıb.

Yeri gəlmişkən, Şimal-Cənub layihəsinin icrasında fasilə, yaxud tam dayanma Ermənistanın qoşulduğu yeganə regional və beynəlxalq layihədən məhrum olması deməkdir. Məlum məsələdir, İrəvan yaxın dostları Tehran və Yeni Dehlinin dəstəyi ilə dəhliz çərçivəsində yüklərin bir hissəsinə iddialıdır...

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR