İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin Suriyadakı əməliyyatının pərdəarxası: druz kartı Yaxın Şərqin xəritəsini dəyişir  

İsrail İranın ardından Suriyanı bombalayır. Bəşər Əsədin devrilməsindən sonra formalaşan yeni hökumət ölkənin cənubuna nəzarəti bərpa etməyə çalışarkən, bölgədəki kövrək təhlükəsizlik sistemi növbəti dəfə çöküş təhlükəsi ilə üz-üzədir. İyulun 15-də İsrailin Suriyanın Suveyda vilayətinə hava zərbələri endirməsi regionda gərginliyi bir neçə pillə artırdı. İsrail tərəfi bu hücumları druz azlığını qorumaq və onlara qarşı hücuma keçən hökumətyönlü qüvvələri cəzalandırmaq məqsədi ilə həyata keçirdiyini bildirib. Hücum nəticəsində yüzlərlə insanın həyatını itirdiyi bildirilir. Suveyda vilayətində yerləşən druz milisləri ilə sünni bədəvi qruplar arasında baş verən döyüşlər nəticəsində azı 350 nəfərin öldüyü bildirilir. İsrailin Suriya ərazisinə bu ölçüdə son hücumu 2024-cü ilin dekabrında baş vermişdi. Həmin vaxt İsrail yüzlərlə Suriya hərbi obyektini məhv edərək Qolan Təpələrində BMT-nin nəzarətində olan bufer zonanı nəzarətə götürmüşdü. İndi isə o, Suriyada etnik azlıqlar olan druzlar, kürdlər və ələvilərlə ittifaq qurmağa çalışaraq bölgədə təsirini genişləndirir. İsrailin xarici işlər naziri İsrael Kats iyulun 16-da verdiyi bəyanatda deyib: “Dəməşqdən gələn xəbərdarlıqlar bitdi, indi ağrılı zərbələr olacaq”.

İsrailin Dəməşqdəki Müdafiə Nazirliyi və Suriya Ordusunun Qərargahına endirdiyi zərbələr dünya ictimaiyyətində narahatlıq yaradıb. ABŞ Dövlət katibi Marko Rubio bu vəziyyəti "dəhşətli və narahatedici" adlandırıb və zorakılığa son qoyulması üçün konkret tədbirlər görəcəklərini açıqlayıb.
Səudiyyə Ərəbistanı baş verənləri açıq-aşkar təcavüz adlandırıb, Türkiyə bu zərbələri “Suriyada sülhə qarşı təxribat” kimi qiymətləndirib, İran hücumları “tamamilə gözlənilən” sayıb, BMT Baş katibi Antonio Quterreş hücumları “eskalasiya riski yaradan təhdid” kimi dəyərləndirib.

Bəs druzlar niyə ön plandadır?

Druzlar, Suriya, Livan, İsrail və işğal altındakı Qolan Təpələrində yaşayan azsaylı ərəb dilli dini-etnik qrupdur. Suriyada vətəndaş müharibəsi dövründə onlar öz yerli silahlı birləşmələrini qurublar və indiyədək rəsmi orduya inteqrasiya olunmaqdan imtina edirlər. Suveyda vilayətində druz milisləri faktiki olaraq muxtariyyət kimi fəaliyyət göstərirlər. Bəşər Əsədin süqutundan sonra yeni Suriya rəhbərliyi druz bölgələrinə nəzarəti gücləndirmək istəsə də, icma buna silahlı müqavimətlə cavab verir. Suriya İnsan Haqları Müşahidə Qrupu hökumət qüvvələrinin druzlara qarşı “qısamüddətli edamlar” həyata keçirdiyini sənədləşdirib. Son olaylar məzhəblərarası qarşıdurmanın təkcə tarixi miras olmadığını, həm də yeni siyasi nizamın dayaqlarını sarsıdan amilə çevrildiyini göstərir. İsrailin müdaxiləsi isə bu toqquşmaların yalnız daxili deyil, regional və beynəlxalq oyunçular tərəfindən yönləndirilən bir savaşa çevrildiyini sübut edir. Hazırkı mənzərə göstərir ki, Suriyanın yeni hökuməti məzhəb və etnik balansı qorumaqda acizdir. İsrail isə bu boşluqdan istifadə edərək özünün təhlükəsizlik maraqlarını önə çıxarır və etnik azlıqlarla taktiki ittifaqlara gedir.

Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a açıqlamasında bildirib ki, Suveydada baş verənlər lokal qarşıdurmadan daha çox, yeni dünya düzənindəki qüvvələr balansının formalaşmasında mühüm siqnallardan biridir.

“Bu gün Suriyanın cənubunda, druzların nəzarətində olan ərazilərdə baş verənlər təkcə etnik və ya məzhəbi qarşıdurma deyil. Bu, İsrailin öz milli təhlükəsizlik doktrinasını dəyişən regional reallıqlara uyğunlaşdırmaq səyləridir. Burada məsələ yalnız druzların müdafiəsi deyil. Məsələ, İranın, Hizbullahın və onların bölgədəki proksilərinin neytrallaşdırılmasıdır. İsrail bu zərbələrlə həm də beynəlxalq ictimaiyyətə mesaj verir ki, Yaxın Şərqdə yaranan hərbi-siyasi boşluqlar onun maraqları çərçivəsində doldurulacaq,” – deyə Kamran Məmmədli qeyd edib.

Siyasi şərhçiyə görə, Suriyada druzlara edilən “jest” həm də İsrailin daxilindəki druz icmasına ünvanlanmış psixoloji və siyasi manevrdir:

“İsrail ordusunda xidmət edən minlərlə druz və onların ailələri üçün bu addım həmrəylik və dəstək mesajıdır. İsrail bu cür simvolik jestlərlə həm daxildə birliyi gücləndirir, həm də xarici siyasətdə özünə yeni etnik tərəfdaşlar formalaşdırır. Bu model gələcəkdə Suriyanın digər azlıqları, məsələn, kürdlər və ələvilər üzərində də təkrarlana bilər. Bu, təkcə hərbi strategiya deyil, bu, etnik əsaslı geopolitik mühəndislikdir”.

Kamran Məmmədli əlavə edib ki, İsrailin Suriyada yaratmağa çalışdığı "tampon zona" siyasəti regionda İranın təsir imkanlarını məhdudlaşdırmağa yönəlib və bu, İranla açıq toqquşma ehtimalını da artırır:

“Biz yaxın aylarda İran və İsrail arasında birbaşa olmasa da, Suriya ərazisində proksi müharibənin daha da alovlanmasını görə bilərik. Hər bir hava zərbəsi, hər bir lokal qarşıdurma əslində böyük güclərin strateji mövqelər uğrunda apardığı oyunun tərkib hissəsidir. Bu isə birbaşa olaraq regionun digər gücləri – Rusiya, Çin, Türkiyə və hətta Səudiyyə Ərəbistanı kimi ölkələri də mövqe sərgiləməyə vadar edəcək. İsrailin artan aktivliyi bu aktorların səssizliyini uzun müddət davam etdirməyə imkan verməyəcək”.

Siyasi şərhçi Azərbaycan baxımından da bu proseslərə diqqət çəkərək vurğulayıb ki, bölgədə etnik və məzhəbi kartların dövriyyəyə buraxılması Cənubi Qafqaz üçün də təhlükəli presedent yarada bilər:

“Azərbaycan bu hadisələri diqqətlə izləməlidir. Biz həm dini, həm də etnik müxtəlifliyə malik bölgədə yerləşirik. Suriyada baş verənlər, xüsusən də etnik azlıqlar üzərindən yürüdülən xarici siyasət modelləri, gələcəkdə regionumuzda da analoji ssenarilərin tətbiq olunması ehtimalını artırır. Bu səbəbdən Azərbaycanın regional təhlükəsizlik arxitekturasını yalnız hərbi deyil, ideoloji, etnik və informasiya müstəvisində də qorumağa ehtiyacı var”.

Elşən Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2025

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR