Onlayn ictimai-siyasi qəzet
Bakı Apellyasiya Məhkəməsində keçmiş deputat Hüseyn Abdullayevin apellyasiya şikayətinə baxılıb.
Musavat.com xəbər verir ki, məhkəmə Hüseyn Abdullayev apellyasiya şikayətini əsaslı hesab etməyib və Bakı Ağır Cinayətlər Məhkəməsiin hökmünü qüvvədə saxlayıb. Hüseyn Abdullayev barəsində son məhkəmə hökmü ötən ilin fevralında, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə çıxarılıb. Hökmə əsasən, Hüseyn Abdullayev 9 il müddətə azadlıqdan məhrum edilib. Xatırladaq ki, dövlət ittihamçısı sabiq deputatın 10 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham irəli sürülmüşdü. Həbs müddətinin bitməsinə az qalmış onun barəsində yenidən cinayət işi başlanılıb. İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədi ilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsi ilə ümumilikdə 5 milyon 500 min manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırması müəyyən edilmişdi.
Bu hökmdən öncə də Hüseyn Abdullayev həbsdə idi. 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və başqa cinayətlərdə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2024-cü ildə cəza müddətinin başa çatmasına 1 ay qalmış ona qarşı yeni ittihamlar irəli sürülmüşdü. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2025-ci il rarixli hökmü ilə Hüsyen Abdullayev cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaqda təqsirli bilinərək yenidən 9 il müddətinə azadlıqdan məhrum edilib.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ