Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Kanadanın baş naziri Mark Karni ilə görüşmək niyyətində deyil, çünki bu ölkə “illərlə Birləşmiş Ştatları aldadıb”.
Musavat.com xəbər verir ki, Tramp bu barədə jurnalistlərə təyyarədə Yaponiya səfərinə yola düşərkən danışıb.
“Kanada bizi uzun müddət aldatdı. Onlarla razılaşmaq ən çətin olan ölkələrdən biridir. Mən Kanadanı və onun xalqını nə qədər çox sevsəm də, bu ölkənin çox pis təmsilçiləri olub”, - Donald Tramp bildirib.
Əlavə edib ki, Karni ilə yaxın vaxtlarda görüşməyəcək, çünki o, Ronald Reyqanın çıxışlarından istifadə edilən və ABŞ-ın ticarət siyasətini tənqid edən reklam kampaniyasına görə narazıdır.
Tramp xatırladıb ki, 23 oktyabrda Vaşinqton Ottava ilə ticarət danışıqlarını dayandırıb. Çünki Kanadanın rəsmi şəxsləri ABŞ-da yayımlanan, Donald Trampın idxal rüsumlarını tənqid edən reklamların ödənişini həyata keçiriblər.
Mətbuatın məlumatına görə, ölkənin əsas sənaye bölgəsi sayılan Ontario əyaləti ABŞ televiziya kanallarında Trampın tətbiq etdiyi tariflərin ləğvini tələb edən reklam kampaniyasına start verib. Həmin reklamda Ronald Reyqanın çıxışlarından seçilmiş fraqmentlər göstərilib.
Trampın sözlərinə görə, reklam materialları bilərəkdən manipulyativ tərzdə hazırlanıb, Reyqanın sözləri kontekstdən çıxarılıb və izləyicilərdə “ABŞ-ın günahkar olduğu” təəssüratı yaradılıb.
Prezident qeyd edib ki, “bu saxtakarlığın yeganə məqsədi Kanadanın ABŞ Ali Məhkəməsindən öz tarif siyasətinə dəstək almaq ümidi olub”.
Hazırda ABŞ Ali Məhkəməsi Tramp administrasiyasının digər ölkələrə, o cümlədən Kanadaya qarşı tətbiq etdiyi tariflərin qanuniliyini araşdırır. Dinləmələrin noyabr ayında başlaması gözlənilir.
Vaşinqton və Ottava 1 avqusta qədər yeni ticarət razılaşması imzalaya bilmədikdən sonra Tramp fərmanla Kanadadan idxal olunan bir sıra mallara tətbiq edilən rüsumları 25%-dən 35%-ə qaldırıb. Kanada isə bir neçə aydır ABŞ-la yeni ticarət sazişi imzalamağa cəhd göstərsə də, nəticə əldə edə bilmir. Eyni zamanda, Kanadadan idxal olunan polad və alüminium üçün gömrük rüsumları 50%-ə yüksəldilib.
Musavat.com
28 Oktyabr 2025
27 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ