Onlayn ictimai-siyasi qəzet
“Atam 3 gündür ki, komadadır. Səhhətində ciddi dəyişiklik yoxdur. Yaxşı xəbər odur ki, ilk gün onun təzyiqini normallaşdırmaq üçün yüksək dozalı dərmandan istifadə edilirdisə, bu gün doza aşağı salınıb. Bu, az da olsa, müsbətə doğru irəliləyiş deməkdir. Ən azından atamın vəziyyəti stabil qalır. Onun bədəninə vurulan antibiotiklər bir neçə gün ərzində tam təsirini göstərəcək. Həkimlər 72 saat ərzində qərar verəcək”.
Bunu Musavat.com-a açıqlamasında Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin oğlu, jurnalist Səbuhi Vaqifoğlu deyib.
Onun sözlərinə görə, atasının qanında infeksiya aşkarlanıb:
“İndiyə qədər atamın ciddi narahatlığı olmayıb. Bir müddət əvvəl pəhriz saxladı, ondan sonra şəkər xəstəliyi aşkarlandı. Bu xəstəliyi dərmanların köməyi ilə stabil saxlaya bilirdi. Həkimlər infeksiyanın yaranma səbəbi kimi immun sisteminin zəifləməsini göstərirlər. Hazırda araşdırma davam edir. Sabahdan etibarən bizə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev Məlhəm Hospitalının reanimasiya şöbəsində müalicəsini davam etdirir. Ona sepsis və septik şok diaqnozu qoyulub. Vəliyev artıq üçüncü gündür komadadır.
Şahanə Rəhimli
Musavat.com
01 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ