Onlayn ictimai-siyasi qəzet
SSRİ-də bu hadisə hər kəsi qorxuya salıb. Analar körpə övladlarını bir müddət gəzməyə çıxarmağa qorxub. İlk qanlı hadisə Moskvada baş verib. Şukinoda sakit sentyabr axşamı univermağa çörək almağa gedən gənc ana uşaq arabasını girişdə qoyub. Geri dönəndə artıq gec olub. Dolu bədənə sahib və üzündə dərin çapıqlar olan şəxs səssizcə körpəni beşikdən götürüb və Xruşov dövrünə aid yaşayış binasının girişində gözdən itib. Üç dəqiqədən sonra o, küçəyə çıxıb. Cibində qanlı bıçaq, giriş qapısında isə heç üç aylıq olmayan ölü körpə. Beləliklə, Moskva tarixində ən dəhşətli qətllər silsiləsi başlayıb.
Hadisəni törədən şəxs dərhal müəyyən edilməyib.
Mexanik işləyən Anatoli Biryukov Moskvanın şimal-qərbində bir mənzildə tək yaşayıb. Heç kim onun qatil olduğundan şübhələnməyib. Qonşular onun xasiyyətcə sakit olduğunu və heç kimi incitmədiyini deyiblər. Həyat yoldaşı 1972-ci ildə iki qızını da götürərək onu tərk edib. Qadın daha sonra müstəntiqlərə etiraf edib: “O, qızlarımıza baxanda qorxurdum”.
Biryukov o vaxt artıq milisdə qeydiyyatda olub. 1971-ci ildə o, xəstəxanadan içərisində uşaq olan arabanı oğurlamağa cəhd edərkən tutulub. O hərəkətini belə əsaslandırıb: “Diqqətsiz anaya dərs vermək istədim”. Yerli milislər bu əməli cinayət deyil, axmaqlıq hesab etdiyi üçün işi bağlayıblar.
1977-ci il sentyabrın 16-da Biryukov ilk cinayətini törədib. Univermaqdan kənarda uşaq arabası görüb və körpəni götürüb qaçıb. Binanın girişində qatil panikaya düşüb: “Bəs uşaq sağ qalsa? Bəs üzümü xatırlasa?”.
O cibindəki bıçağı çıxarıb və yavaş-yavaş uşağın boğazını kəsib. General atası ona uşaq ikən silahla işləməyi öyrətmişdi. Yalnız indi qurban cəbhədə düşmən deyil, ağlamağa belə vaxtı olmayan müdafiəsiz bir körpə olub. Həyətə çıxanda o titrəməyə başlayıb. Ancaq qorxudan deyil, zövqdən. Qatil daha sonra ifadəsində bildirib: “Güc dalğası hiss etdim, sanki həyatımda ilk dəfə həqiqətən yaşayırdım”.
Üç gün sonra Biryukov daha bir qətl törədib. Bu dəfə hadisə uşaq mağazasının yanında baş verib. Sonra o, başqa bir məhəllədə digər bir uşağı öldürüb. Hamısı eyni sxem üzrə gedib: ana kənara ayrılıb, qatil körpəni götürüb binaya qaçıb və onu orada öldürüb. Bəzən zorlayıb, amma həmişə bıçaqlayıb. Moskva əhli dəhşətə gəlib. Analar uşaq arabalarını bir saniyə belə kənara qoymağı qorxublar. Milis xüsusi əməliyyat qrupu yaradıb. Onların axtarışları isə heç bir nəticə verməyib.
Ancaq 21 oktyabr 1977-ci ildə Biryukov valideynlərinə baş çəkmək üçün Çexova gedib. Yerli bir mağazanın yaxınlığında o, yeni bir hədəf görüb. Ana kassada dayanıb vitrindən uşağına baxıb. Bir kişinin körpəni götürüb apardığını görən qadın qışqıraraq onun arxasınca qaçıb. Üç kişi onun ardınca gedib.
O, təşviş içində uşağı düz səkiyə atıb. Körpə sağ qalıb, amma milisdə indi qatilin təsviri olub: “üzündə çapıqlar olan bir adam”. İki gündən sonra onu iş yerində həbs ediblər. O, müqavimət göstərməyib. Dindirmə zamanı sakitcə hər şeyi danışıb: harada, necə, neçə dəfə. Özü də emosiya və peşman olmadan yalnız beş körpəni qətlə yetirdiyini etiraf edib. Halbuki bu say daha çox olub.
Bir neçə gün sonra məhkəmə onun ağlı başında olduğunu elan edib. Psixiatrlar ona nadir bir xəstəlik diaqnozu qoyublar - nepiofiliya: körpələrə qarşı cinsi cazibə. 1978-ci ildə Anatoli Biryukov güllələnmə cəzasına məhkum edilib.
Yeri gəlmişkən, qatil Sovet İttifaqı Qəhrəmanı olan atasının onu xilas edəcəyinə və heç bir ağır cəzanın verilməyəcəyinə əmin olub. Nikolay Biryukov əvvəlcə yeganə oğlunun canavar olduğuna inanmaqdan imtina edib və Anatoli üçün ən yaxşı və təcrübəli vəkillərdən birini tutub. Lakin ittiham tərəfinin iddiasını təqdim etdiyi bir neçə məhkəmə iclasından sonra Nikolay Biryukov daha dözə bilməyib və oğlundan açıq şəkildə imtina edib.
Manyakın atası heç vaxt şokdan çıxa bilməyib və oğlunun güllələnməsindən cəmi iki il sonra vəfat edib. Anatoli Biryukovun yer üzündə son günü 1979-cu il fevralın 24-ü olub. Həbsxanada 40 yaşını təzəcə qeyd edən manyak güllələnib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
10 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ