İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycanfilm” kinostudiyasında nə baş verir? - “Bu məbəd çoxdan dağıdılıb, ocağı sönüb, indi yalnız tüstüləyir...”

“Azərbaycanfilm” kinostudiyasının rəhbər heyətində yenidən dəyişikliklər olub.

Azərbaycan Kinematoqrafçılar İttifaqından APA-ya verilən məlumata görə, kinostudiyanın direktor müavini Davud Məlikbəyli və aparat rəhbəri Aslan Rəhimov işdən azad ediliblər.

Xatırladaq ki, “Azərbaycanfilm” kinostudiyasının rəhbər heyətində dəyişikliklər son illərdə tez-tez baş verir. Təkcə ötən il kinostudiyanın direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov öz ərizələri ilə işdən çıxmışdılar.

“Azərbaycanfilm”in əvvəlki direktoru, rejissor Cəmil Quliyev 2019-cu ilin sonlarında vəzifəyə təyin olunsa da, bir il tamam olmamış istefa vermişdi. Sonra kinostudiyaya Fariz Əhmədov direktor gətirildi, lakin o da çox qısa müddətdən sonra rəhbərlikdən ayrıldı.

Bəs niyə son illər kinostudiyanın rəhbər heyətində uğurlu təyinat olmur? Təyin olunan rəhbər şəxslər niyə az keçməmiş bu postdan ya imtina edir, ya çıxarılırlar?

SEYX.jpg (48 KB)

Xalq artisti, rejissor-aktyor Şeyx Əbdül Mahmudov mövzu ilə bağlı Musavat.com-a danışıb:

“Hər kəs bilir ki, mən daim “Azərbaycanfilm” kinostudiyasını müdafiə edirəm. Təəssüf ki, bu gün kinonun adı altında fəaliyyət göstərənlər, özünü cəmiyyət adamı, şöhrət sahibi kimi göstərənlər əslində kinonun düşmənidir. Kinonun həqiqi sahibləri, peşəkar kino adamları hazırda studiyada az sayda qalıblar və yalnız onlar çalışır. Digərləri isə şəxsi maraqları ilə məşğuldurlar; nə kino, nə də kinostudiya haqqında danışırlar. Mən danışıram, bu haqda onlardan soruşanda deyirlər ki, “hər şey yaxşıdır, Şeyx özü üçün danışır” və ya “bu mövzuda danışmaq lazım deyil”.

Kinostudiyada kimisə işdən çıxarmaq məsələsinə gəldikdə isə hesab edirəm ki, bu, köhnə üsullarla “şapalaqla üz qızartmaq” kimidir. “Birinin günahı var, biri işləyə bilmir” deyərək insanları qınamaq doğru deyil. Əslində heç kimin günahı yoxdur; onlar işləyə bilir, amma sadəcə əmrləri yerinə yetirirlər. Bu gün kinostudiyada qalıb işləyən 3-4 nəfər tam peşəkar kino mütəxəssisləridir və onların heç bir günahı yoxdur.

Problemin kökü isə daha dərindir: kinostudiya artıq dövlət rəhbərliyi səviyyəsində müzakirə olunmalı və idarəetmə strukturu ilə bağlı ciddi qərarlar verilməlidir. Yəni əgər biz həqiqətən bu müqəddəs kino məbədi olan “Azərbaycanfilm” kinostudiyasını bərpa etmək istəyiriksə. Orada qalıb işləyən peşəkarlar faktiki olaraq “qarovulçu” rolunu oynayırlar. Onlar studiyanın dağılmasına, xaraba qalmasına imkan vermirlər, əksinə, onu qoruyurlar.

Mən hesab edirəm ki, kino ittifaqları artıq lazımsızdır və bağlanmalıdır. Onlar arabanın beşinci təkəri kimi mənasız təşkilatlardır. Dövlətin ora ayırdığı vəsaitin heç bir mənası yoxdur; həmin pulu kinostudiyaya yönləndirmək, əsl zəhmət çəkənlərə vermək daha məqsədəuyğundur.

Kinostudiyaya müstəqil təşkilat kimi səlahiyyət verilməlidir. Dünyanın hər yerində, o cümlədən bütün MDB ölkələrində kinostudiyalar müstəqil qurum kimi fəaliyyət göstərir, lakin dövlət nəzarəti altında olur. Bu mənada kinostudiyanın heç bir günahı yoxdur. Problemin kökü idarəetmədə, strukturlarda və diqqətsizlikdədir.

Bu gün dağıdılmış “Azərbaycanfilm” kinostudiyasının ocağı sönüb, indi yalnız tüstüləyir. Əgər bizim kino mədəniyyətimizə həqiqi marağımız varsa, artıq bu məsələ dövlət rəhbərliyi səviyyəsində nəzarət altına alınmalıdır. Kinonun gələcəyi, onun davamlılığı və peşəkar heyətin dəstəklənməsi yalnız bu yolla təmin oluna bilər”.

Xalidə GƏRAY
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR