İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya teleqram kanallarında Putin–Əliyev görüşü: “dostluq, ehtiyat və şübhə” qarışığı

Ötən gün Prezident İlham Əliyev və Rusiya lideri Vladimir Putin arasında Düşənbədə keçirilən görüş Rusiyanın aparıcı teleqram kanallarında geniş müzakirə olunub.

Musavat.com xəbər verir ki, müxtəlif analitik səhifələr bu görüşü fərqli prizmalardan şərh ediblər - bəziləri münasibətlərin normallaşdığını vurğulayıb, digərləri isə fərqli yanaşıblar.

Readovka yazır ki, Prezident İlham Əliyev Düşənbə görüşündə Rusiya ilə münasibətləri “uğurla inkişaf edən” adlandırıb və qeyd edib ki, heç bir yavaşlama və ya geriləmə müşahidə olunmur. Kanalın fikrincə, Əliyevin “liderlərin birgə mesajları cəmiyyət tərəfindən müsbət qarşılanacaq” sözləri Moskva–Bakı münasibətlərinin sabitləşməsinə işarədir.

pppppppppppppppppppppppppppppp.jpg (173 KB)

Kremlevskiy bezBaşennik qeyd edir ki, yayda baş verən həbs hadisələri münasibətləri gərginləşdirmişdi, lakin indi tərəflər normallaşma istiqamətində addımlar atır.

Kanal yazır: “Əsas məsələ aydındır: xoşagəlməz epizod arxada qalıb. Amma bu, hələ tam dostluq demək deyil - çox şey baş verib və elə-belə unudub irəliləmək asan deyil”.

“Мир сегодня с Юрием Подолякой” kanalı bildirir ki, Putin və Əliyevin Düşənbədəki səmimi görüşü iki ölkə arasında “sistemli ziddiyyətlərin” aradan qalxdığını göstərir.

Müəllif hesab edir ki, bu yaxınlaşmada Azərbaycanın Ukraynadakı biznes problemləri, xüsusilə enerji tədarükü ilə bağlı çətinliklər mühüm rol oynayıb.

Россия — не Европа! (Burenkov) isə görüşə tam fərqli prizmadan yanaşır. Kanal iddia edir ki, Türkiyə-Azərbaycan ittifaqı postsovet məkanını Qərbə bağlamaq üçün bir alətdir.

“Putin və Əliyev arasında keçirilən son danışıqlar bu vəziyyəti dəyişməyəcək, Bakı artıq Qərbə inteqrasiyada çox irəli gedib”, – Burenkov yazır.

YURİİ.jpg (54 KB)

Yuriy Barançik isə Moskva ilə Bakının yaxınlaşmasının Rusiyada bəzilərini narahat etdiyini qeyd edir. O xatırladır ki, hazırda Azərbaycanda saxlanılanlar arasında “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx və redaksiyanın baş redaktoru Yevgeni Belousov da var.

РИА Катюша kanalı isə daha sərt mövqedən çıxış edərək yazır:

“Əgər sabah Qərb Rusiyaya qarşı döyüşə başlasa, Azərbaycan elitasının neytral qalacağına ümid, yumşaq desək, çox zəifdir. Onlar Rusiyanı parçalayanların sırasında olacaqlar”.

Kanal çıxış yolu kimi “Gürcüstan variantı”nı – Qərbə bağlı olmayan yeni elitanın hakimiyyətə gəlməsini – təklif edir.

Kremlevskiy şeptun hesab edir ki, Prezident İlham Əliyev Rusiyanın izahlarını qəbul edib və istintaqın obyektivliyinə inandığını göstərib. Kanalın fikrincə, onun “rus xalqı dost xalqdır” və “iki ölkə arasında bütün layihələr uğurla həyata keçirilir” sözləri gərginliyin arxada qaldığını nümayiş etdirir.

Temnik isə Əliyevin Rusiyaya münasibətdə “mövqeyini 180 dərəcə dəyişdiyini” yazır. Kanal qeyd edir ki, bu dəyişiklik bir çox amillərlə - Cənubi Qafqazda vəziyyət, Transxəzər layihələrinin gələcəyi, Yaxın Şərq böhranı və Qərb–İran qarşıdurması ilə — bağlıdır.

“Bu fonda çoxları Putinə Bakı kanalı vasitəsilə etibarlı ünsiyyət xətti qurmaqda maraqlıdır”, – kanal vurğulayır.

Депутатские будни kanalı Putin və İlham Əliyev arasında Düşənbədə baş tutan görüşü iki ölkə münasibətlərində “istiləşmə” mərhələsi kimi dəyərləndirib. Kanal qeyd edir ki, bu, son bir il ərzində liderlərin ilk tamformatlı görüşüdür. Bildirilir ki, Prezident İlham Əliyev Çeçenistana uçan AZAL təyyarəsinin qəzası ilə bağlı vəziyyəti şəxsi nəzarətdə saxladığına görə Vladimir Putinə təşəkkür edib.

The Гращенков kanalı Putinin bəyanatını “idarə olunan böhran kommunikasiyası” adlandırıb. Kanal yazır ki, Moskva məsuliyyəti minimuma endirmə modeli seçib, amma reputasiya itkisini qəbul etməyə də hazır görünür. “Əsas nəticə budur: Rusiya tərəfi dialoqu qorumağa çalışır, Azərbaycan üçünsə ən vacib məsələ Kremldən cavab almaq və sabit münasibətləri saxlamaqdır”, – qeyd olunur.

Политген analitikləri iki ölkə arasında istiləşmənin səbəbini iqtisadi amillərdə görür. Kanal bildirir ki, Azərbaycan iqtisadi baxımdan hələ də Rusiyadan asılıdır və Rusiyada yaşayan yüz minlərlə azərbaycanlı ölkəyə maliyyə axını yaradır. “Bu baxımdan, diaspor rəhbərlərinə qarşı sərt tədbirlər nəticə verdi və münasibətlərdə dönüş baş verdi”, – kanal vurğulayır.

Конструктивный аналитик kanalı Əliyevin görüşdə Putinə və “Rusiyanın dost xalqına” xoş arzular bildirməsini “vida jesti” kimi qiymətləndirib. Kanal yazır:

“Əsas sual budur: böhran doğrudanmı aradan qalxıb, yoxsa bu, sadəcə vitrin effektidir? Çatlar içində olan qabı yapışdırmaq olar, amma onun nə qədər davam gətirəcəyi başqa məsələdir."

Канал визионера qısa icmalında qeyd edir ki, bu görüş AZAL təyyarəsinin qəzaya uğramasından və ikitərəfli münasibətlərin pisləşməsindən sonra ilk belə görüşdür.

Русский Демиург kanalı politoloq Dmitri Yevstafyevin fikirlərinə istinad edərək bildirir: “Rusiya-Azərbaycan münasibətləri çox mürəkkəb sistemdir. Burada şəxsi əlaqələrdən tutmuş böyük geo-iqtisadi maraqlara qədər hər şey bir-biri ilə sıx bağlıdır. Buna görə də hadisələrin qabağına keçib radikal addımlar atmaq düzgün olmaz".

Юнашев LIVE kanalı isə görüşün vizual tərəfinə diqqət çəkir. Kanal qeyd edir ki, Əliyevin Putinlə geniş təbəssümlə salamlaşması Çin görüşündəki soyuqluqdan tam fərqli idi. “Aydın idi ki, bu görüş spontan yox, diqqətlə hazırlanmışdı. Mövqelər öncədən razılaşdırılmış, ictimaiyyətə yalnız yekun nəticə göstərilmişdi”, – kanal bildirir.

Sonda Друид kanalı yazır ki, Moskva üçün əsas məsələ Azərbaycanın bundan sonra hansı xətti seçəcəyidir — pro-Ukrayna, yoxsa balanslı. “Rusiyanın Azərbaycana təsir imkanları qat-qat böyükdür, amma Əliyev realistdir və vəziyyəti yaxşı anlayır”, – deyə kanal yekunlaşdırır.

Musavat.com bildirir ki, bunlar hamısı Rusiyada müxtəlif dairələr tərəfindən idarə olunan kanalların özfəaliyyət, kurslarına uyğun şərhləridir. Real vəziyyəti isə dünən hər kəs gördü. Azərbaycan hər dəfə bəyan edib ki, heç bir qonşusuna qarşı qərəzi, ərazi iddiası yoxdur. Biz sadəcə tapdalanan hüquqlarımızın müdafiəsinə qalxmışıq. İstər masada, istərsə də Qarabağ savaşında...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR