Onlayn ictimai-siyasi qəzet
İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref bildirib ki, 12 günlük müharibədən sonra (iyun, 2025) ABŞ və onun müttəfiqləri başa düşüblər: İrana hücum edəcəkləri halda sonda atəşkəs üçün yalvarmaq məcburiyyətində qalacaqlar.
Musavat.com xəbər verir ki, Arefin sözlərinə görə, bu “məcbur edilmiş 12 günlük müharibə” zamanı düşmənlər sadəlövhlük edərək, İslam Respublikasının süquta uğrayacağını zənn ediblər: “Onlar hesab edirdilər ki, xalq küçələrə çıxacaq və bu məsələ tezliklə bitəcək. Xalq doğrudan da küçələrə çıxdı, amma düşmənin gözlədiyi kimi yox, tam əksinə - birliyini nümayiş etdirdi”.
Vitse-prezident həmçinin qeyd edib ki, BMT-nin baş katibi ilə görüşdə “İslam Respublikasının devrilməsi məsələsinin artıq bağlandığını” bəyan edib. O əlavə edib ki, 12 günlük müharibədən sonra yaranan həmrəylik və birləşmə ölkə üçün ölçülməz sosial kapitaldır: “Biz müharibənin tərəfdarı deyilik və heç vaxt münaqişənin təşəbbüskarı olmamışıq. Hazırkı vəziyyətimiz dörd ay öncədən xeyli yaxşıdır”.
Doğrudanmı belədir? İran indi hərbi baxımdan daha güclü, daxili birliyi indi daha möhkəmdirmi? Tehran rəsmisi nəyə arxayın olaraq ABŞ-a meydan oxuyur? Nəhayət, HƏMAS-İsrail anlaşmasından sonra İrana qarşı əməliyyat tezləşə bilərmi?
Analitiklər qeyd edir ki, Tehran özünü qalib kimi göstərməyə çalışsa da, reallıqda vəziyyət tam fərqlidir. Yəni, 12 günlük müharibə İranın hərbi sistemindəki dərin çatları üzə çıxardı. Müasir raket sistemləri, hava hücumundan müdafiə infrastrukturu, eləcə də atom obyektlərinin təhlükəsizliyi ciddi zərbə aldı.
İranın ABŞ-a meydan oxuması məsələsinə gəldikdə isə, bildirilir ki, bunun arxasında iki əsas amil dayanır: ideoloji inadkarlıq və geosiyasi “oyunbazlıq”. Tehran bilir ki, Vaşinqton birbaşa hərbi toqquşmaya getmək istəmir. ABŞ üçün İranla tammiqyaslı müharibə həm bölgədə, həm də beynəlxalq səviyyədə yeni xaos yarada bilər. İran isə bu reallığı anlayaraq öz ritorikasını sərtləşdirir, yəni təhdidi, qorxunu və dini-siyasi ritorikanı silaha çevirir.
Azər Həsrət
Siyasi şərhçi Azər Həsrət mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Siyasi şərhçi qeyd edib ki, İran rəsmiləri bu cür açıqlamaları ilə dünyanı təəccübləndirməyə davam edirlər:
“Bütün dünyanın gözü qarşısında uduzan, əzilən tərəf məhz İran oldu. İsrailin hədəfləri əvvəldən bəlli idi, həmin hədəflər vuruldu və son nöqtəni də ABŞ qoydu. Cəmi 12 günlük müharibə ərzində bu, bütün dünyanın gözü qarşısında baş verdi.
Doğrudur, İran sonradan “qələbə nümayişi” keçirdi, bəzi şüarlarla özünü qalib kimi göstərməyə çalışdı, amma bu, sadəcə görüntü idi. Reallıqda isə İran xüsusilə də atom silahı üzrə təsisatları baxımından ciddi zərbələr aldı. Yəni, bu ölkənin hərbi və texnoloji infrastrukturu faktiki olaraq darmadağın edildi. Belə olan halda, İran rəsmiləri hansı əsasla deyirlər ki, guya “İsrail atəşkəs üçün yalvarmalı olacaq”? Əgər doğrudan da İranın o qədər “qüdrəti” varsa, niyə hələ də gözləyir? Axı İran bölgədədir, istəsə gedib İsraili vura, dağıda bilər. Amma görünən odur ki, bu, yalnız ritorikadır.
Onsuz da bütün dünya bilir ki, fars-molla rejiminin illərdir səsləndirdiyi əsas məqsəd “İsrail dövlətini yer üzündən silmək” ideyası olub. O zaman buyursunlar, getsinlər, etsinlər. Bütün dünyanın gözü qabağında göstərsinlər o “qüdrəti”. Amma etmirlər, çünki bacarmırlar. Sadəcə boş-boş danışırlar və təbiidir ki, heç kim də onlara inanmır. Artıq dünya da, region da İranın bu təmtəraqlı bəyanatlarını ciddiyə almır".
Azər Həsrətin fikrincə, HƏMAS məsələsinin bitirilməsi əslində İranın da bitirilməsi deməkdir:
“Eyni şey Hizbullah və Husilər üçün də keçərlidir. Çünki bu üç terror təşkilatının arxasında birbaşa İran İslam Respublikası dayanır. Bu qruplar dövlətin maliyyə, silah və ideoloji dəstəyilə fəaliyyət göstərirlər.
Belə olan halda, bu terror təşkilatlarını bitirən ABŞ və İsrail, məgər İranın özünü bitirə bilməzmi? Əgər İran doğrudan da “qüdrət mərkəzi”dirsə, niyə bəslədiyi bu təşkilatların məhv edilməsinin qarşısını ala bilmir? Ala bilmədi və görünür, ala da bilməyəcək. Deməli, bütün bu sərt bəyanatlar, hədə-qorxular, şou xarakterli açıqlamalar sadəcə ictimai rəyi məşğul etmək, daxili auditoriyaya təsəlli vermək üçündür.
Əslində, İranın bu tip çıxışları daha çox daxili auditoriyaya yönəlik “psixoloji qida” xarakteri daşıyır. Xalqın diqqətini real məğlubiyyətdən yayındırmaq, ölkə daxilində rejimin dayaqlarını qorumaq məqsədi güdür. Lakin bütün bunlar İranın reallıqda üzləşdiyi məğlubiyyətləri gizlədə bilmir".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ