Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin Tacikistanın paytaxtı Düşənbədə çıxışında Azərbaycanla bağlı diqqətçəkən fikirlər səsləndirib. O bildirib ki, Azərbaycanda demək olar, hər yerdə rus dilində danışırlar və bunu ölkənin Rusiya ilə əlaqələrin inkişafına sadiqliyinin göstəricisi kimi təqdim edib.
“Qeyd edim ki, Azərbaycanda demək olar, hər yerdə rus dilində danışırlar. Bu da ölkənin Rusiya ilə əlaqələrin inkişafına prinsipal səviyyədə sadiq olduğunu göstərir. Azərbaycan demək olar ki, rusdilli ölkədir".
Əslində, bu cür ifadə təkcə dil məsələsinə aid deyil. Putinin sözlərində açıq şəkildə siyasi məna gizlənir – sanki o, Azərbaycanı Rusiya orbitində saxlanılan, “rus mədəniyyətinin davamı” kimi görmək istəyir. Belə yanaşma Kremlin keçmiş imperiya düşüncəsinin və postsovet məkanında təsir zonasını qorumaq iddiasının daha bir təzahürüdür.
Azərbaycan rusdilli ölkə deyil. Bəli, ölkədə rus bölməli məktəblər var, rus dili geniş öyrənilir, lakin bu, tarixi və praktiki səbəblərlə bağlıdır, siyasi asılılıqla yox. Azərbaycan müstəqil dövlət kimi öz dilini, mədəniyyətini və suverenliyini əsas prioritet sayır.
Putinin “rusdilli Azərbaycan” fikri, əslində, Kremlin klassik mesajıdır: “Kim rus dilində danışırsa, o, bizim təsir dairəmizdədir.” Amma bu yanaşma XXI əsrin reallığına uyğun deyil. Azərbaycan nə vassaldır, nə də hansısa “rusdilli məkanın” bir parçası. Bakı öz xarici siyasətini milli maraqlar üzərində qurur və dil amilinin siyasi təsir vasitəsinə çevrilməsinə imkan vermir.
Putinin bu cür bəyanatları, daha çox, Rusiyanın Cənubi Qafqazda zəifləyən mövqelərini qorumaq üçün atılan ritorik addımdır – Azərbaycanı “dost” adı altında yenidən təsir dairəsinə salmaq cəhdidir.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirib ki, Putinin fikirləri Azərbaycan üçün ciddi çağırışdır: “İllərdir vurğulayırıq ki, Azərbaycan dilinin inkişafını sürətləndirmək lazımdır. Rusdilli məktəblərlə bağlı qərar verilməlidir. Bunlar kimə lazımdır? Ölkəmizdə rusdilli məktəblər dövlət büdcəsindən maliyyələşir. Orada oxuyan uşaqlar rus dilində danışır, rusca düşünür. Putinin fikirləri bizi bu barədə ciddi düşünməyə çağırır. Rusiya dövlətinin başçısı niyə Azərbaycan haqqında belə deməlidir. Faktiki olaraq bu, ölkəmizə qarşı aşağılayıcı fikirdir, sanki, Rusiyanın vassalıyıq.
Azərbaycan türkdilli ölkədir, öz dilimiz var. Sadəcə olaraq öz dilimizi inkişaf etdirməliyik. Bəzi dövlət idarələrində işçilər bir-biri ilə rus dilində danışırlar. Buna biz əncam çəkməliyik ki, Rusiya prezidenti Azərbaycan haqqında belə fikir söyləməsin. Putin bu sözləri Ermənistan və ya Gürcüstan haqqında söyləyə bilərmi? Əlbəttə, yox. Bu haqda biz ciddi düşünməliyik”.
Politoloq deyir ki, Kreml Azərbaycanı Rusiyadan asılı görmək istəyir: “Vladimir Putin bir tərəfdən Azərbaycandan üzr istəyir, digər tərəfdən isə deyir ki, rusdilli ölkədir. Bu, ona işarədir ki, Azərbaycan Rusiyadan asılı olmalıdır. Halbuki Azərbaycan çoxdan Rusiyanın təsiri altından çıxıb və öz müstəqil yolu ilə gedir, ərazi bütövlüyünü təmin edib. Bu, imperiya təfəkküründən irəli gəlir və realıqları qəbul etmək istəmirlər. Halbuki geosiyasi vəziyyət dəyişib, Cənubi Qafqaz artıq Rusiyanın təsiri altında deyil. Ermənistanın özü də bu təsirdən uzaqlaşmağa çalışır. Azərbaycanın da Rusiyadan hər mənada asılacağı yoxdur. Doğrudur, bəzən kənd təsərrüfatı məhsulları ilə bağlı sərhəddə Rusiya problem yaradır, oradakı soydaşlarımızı incidir. Bununla Azərbaycanı Rusiya şantaj etmək istəyir, ancaq dövlətimiz bu şantaja baş əymir, sözünü deyir. Rusiyanın Azərbaycana daha çox ehtiyacı var.
Lakin bütün hallarda Putinin “rusdilli ölkə” fikri bizim üçün ciddi mesajdır. Bu adam guya bizimlə barışır, digər tərəfdən isə Azərbaycanın Rusiyanın təsir dairəsindən çıxmadığına işarə edir. Halbuki vətən müharibəsindən sonra bütün reallıqlar dəyişib. Türkiyə ilə Azərbaycanın strateji müttəfiqliyi mövcuddur. Putinin təyyarə qəzasından 10 ay sonra qərar verməsində Türkiyənin də rolu var. Çünki o, başa düşdü ki, qarşısında tək Azərbaycanı deyil, Türkiyəni və türkdilli dövlətləri görəcək. Bu amillərin böyük rolu oldu”.
Politoloq Əli Mustafanın fikrincə, Azərbaycanda 300-dən artıq rusdilli məktəbin olması Putində ölkəmiz haqqında bu fikri yaradır: “Görünür, ölkəmizdə rus dilindən istifadəyə həddindən artıq şərait yaradırıq ki, Rusiyada belə fikirlər yaranıb. Ümumiyyətlə, Rusiya keçmiş postsovet məkanını sərbəst buraxmaq istəmir. Hələ də düşünür ki, bu coğrafiya Rusiyanın nüfuz dairəsidir.
Çox təəssüf ki, bizim bir çox məmur işdə və evində rus dilində danışır. Bütün bunlar Rusiyada o əminliyi yaradıb. Bu istiqamətdə düşünmək, Azərbaycan dilinin praktik istifadəsini təmin etmək lazımdır ki, Putin belə bir qənaətə gəlməsin və gözünü Azərbaycandan çəksin. Rusiyanın hələ də yanaşması budur ki, keçmiş sovet respublikaları məhdud suverenlikə Rusiyaya bağlıdırlar. Dil çox ciddi faktordur və rus dili Rusiyanın etno-psixoloji dəyərlərini Azərbaycanda təbliğ edir. Bu isə riskdir, təhlükədir. Dil varsa, deməli mühit və hər zaman şans var. Rusiya fikirləşir ki, Azərbaycanda tərəfdarları var. Rus dilində danışan adam rus dilində düşünür və o millətin maraqlarının daşıyıcısına çevrilir. Bu hal Rusiyaya bir ümid və inam verir. Dil yalnız daşıyıcı ünsiyyət vasitəsi yox, həm də sosial-psixoloji və siyasi alətdir”.
Siyasi şərhçi deyir ki, Rusiya dövləti keçmiş SSRİ-ni bərpa etmək istəyini gizlətmir: “Ukraynada baş verənlər bunun təzahürüdür. Rusiya düşünür ki, ilk fürsətdə imperiyanı bərpa etsin. Hələ də bu ümidlərlə yaşayırlar.
Ölkəmizdə rus dilinin geniş yayılması və rusdilli məktəblərin çoxluğu Rusiyanı xüsusən ümidləndirir. Azərbaycanda elitanın böyük bir hissəsi rus dilində danışır. Rusdilli məktəblərdə oxuyanlar böyük bir kadr deməkdir. Bir sözlə, Rusiyanın Azərbaycanda böyük bir makro mühiti var və bu ona motivasiya verir, ürəkləndirir ki, sən Azərbaycanı əldən buraxa bilmərsən, rus dilində danışan, düşünən adamlar var, onları tək qoya bilmərsən. Bu, çox təhlükəli haldır. Dövlət idarələrində niyə rus dilində danışmalıdırlar ki? Elə bir mühit yaratmalıdırlar ki, Rusiya Azərbaycanda özünü yad hiss etsin, ölkəmizi özünün vassalı kimi görməsin”.
Siyasi analitik Qulamhüseyn Əlibəyli bildirir ki, Rusiya postsovet ölkələrini özünün vassalı kimi görür. Ona görə də son dövrlərdə dil məsələsinə xüsusi üstünlük verir: “Mərkəzi Asiyanın türkdilli ölkələrində də dil məsələsini dəfələrlə qabardıblar. Azərbaycanda rusdilli məktəblərin sayı çoxdur, amma bu o demək deyil ki, bütün Azərbaycan rus dilində danışır. Putin bu fikirləri ilə Qərbə mesaj verir ki, Azərbaycan hələ də Rusiyanın təsiri altındadır, rus dilini inkişaf etdirir və bizim dediyimizi edəcək. Ancaq anlamır ki, Azərbaycan dilin necə olmasından asılı olmayaraq, Rusiyanın təsir dairəsindən çıxıb.
Mən rusdilli məktəblərin bağlanmasının, rus dilinin ölkəmizdə qadağan olunmasının tərəfdarı deyiləm. Hər kəs istədiyi dildə təhsil ala bilər. Ancaq rusdilli məktəblərin dövlət tərəfindən maliyyələşdirilməsi bir o qədər də uğurlu variant deyil. Kim istəyirsə, rus, ingilis, italiyan dilində ödənişini edib təhsil alsın. Ən nəhayət rus dilinin Azərbaycanda inkişaf etməsi hələ Azərbaycanın Rusiyanın təsiri altına düşməsi anlamına gəlmir. Azərbaycan öz doğru bildiyini edir”.
Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa da şərh verib: “Putin demək istəyirdi ki, Azərbaycan rus dilinin geniş yayıldığı ölkədir. Yəni azərbaycanda hara gedirsənsə, rus dilində danışılır. Bu, Putinin yox, bizim günahımızdır ki, sosial həyatda daha çox Azərbaycan dilində danışmağı tətbiq etməliyik. Bunu etmiriksə, belə bir təəssürat yaranır ki, hamı rus dilində danışır. Bu baxımdan bütün platformalarda öz dilimizdə danışmağa üstünlük verməliyik ki, Rusiya da belə düşünməz. Gerçəklik isə odur ki, Azərbaycanda həm elita və müəyyən dairələr rus dilinə meyl edirlər. Buna görə də ana dilinə həssaslığın artırılması vacibdir”.
Siyasi şərhçi Heydər Oğuz bildirib ki, Putinin işlətdiyi fikir çox təhlükəlidir:
“Rusiyanın qanunvericiliyinə görə, Rusiya başqa bir ölkədə rusdillilərlə bağlı təhlükə hiss edərsə, istənilən an oraya müdaxilə edə bilər. Azərbaycanı o ölkələr sırasına salması ölkəmiz üçün böyük risk və təhlükədir. Hesab edirəm ki, Azərbaycan dövləti və hökuməti bundan bir nəticə çıxarmalı, ölkəmizdəki rusdilli məktəblərə son qoymalıdır. Onsuz da bizə Rusiyadan bir xeyir gəlməyib və gəlməyəcək də. Bizim məqsədlərimiz və strateji hədəflərimiz bir-birinə ziddir.
Azərbaycan türk dünyasına aiddir və bu yolda irəliləyir. Bizim ölkənin məktəbləri dövlət dilində olmalıdır. 300-dən çox məktəbin dövlət hesabına rus dilində fəaliyyət göstərməsi yol verilməzdir. Elə bunun nəticəsidir ki, Putin Azərbaycanı Rusiyanın bir quberniyası kimi görür. Bunun qarşısını almaq üçün rusdilli məktəbləri ölkəmizdə bağlamalıyıq. Xarici dil öyrənmək istəyən kursa getsin. Dövlətin məktəbləri Azərbaycan dilində olmalıdır”.
Şahanə Rəhimli
Musavat.com
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ