İnsanlara hürriyət, millətlərə istiqlal!

Kasıbın gücü - yoxsul ölkələrdə əhali sayı durmadan artır

Dünən sosial şəbəkələrdə dünyanın bir çox ölkələrində 1 saat ərzində neçə körpə doğulmasını əks etdirən statistik məlumat gördüm. Siyahıda biz də vardıq. Amma bu barədə bir az sonra, eycahanlıqda bəhs edərik.

Statistik məlumatı hazırlayanlar, güman ki, bunu hansısa metodika ilə başa gətiriblər. Bunsuz olmaz.

Birinci yerdə Hindistandır. Bu ölkədə bir saatda 2 651 çağa doğulur. Bu, bir sutkada 63 624 nəfərlik artım deməkdir – müqayisə üçün, deyim ki, bizim Zərdab rayonunun əhalisi 60 mindir. Bu hesabla götürsək, 6 ayın içində Hindistanda təkcə 1-6 aylıq körpələrin sayı Azərbaycan əhalisinin ümumi sayından 1 milyon da çox olur.

Bu ölkə hələ keçən ildən əhali sayına görə dünya birincisidir və dayanmaq fikirləri yoxdur. Bu templə yaxın 20-30 ildə dünya əhalisinin tən yarısı hindistanlılar olacaq.

Uzun illər əhali sayına görə dünya birincisi olan Çin artıq ikinci yerdədir, onlarda bir saatda 1016 çağa doğulur – sutkada 24 384 körpə. Çinlilər ağlllıdır, hələ ötən əsrin 70-ci illərində anlamışdılar ki, hər doğulan uşaq əlavə bir ağızdır, süd içəcək, nəsə yeyəcək, bez işlədəcək. Hələ bunun dava-dərmanı, oyuncağı, böyüməsi, məktəbi, təhsili var. Nənəl demişkən, bir ətək pul lazımdır. Ona görə də çinlilər yalnız uşaq istehsalında konveyer üsulu tətbiq etmirlər.

Amma onlar qonşuluqdakı indusları, sikxləri, qucaratları başa salmırlar ki, etməyin, eləməyin, bu qədər uşağa yiyə dura, adam edə bilməyəcəksiniz, planlı iş görün, 1 milyard kasıbınız var, onu milyard yarıma çatdırmayın.

Pakistanın başqa variant yoxdur, gələcəkdə Hindistanın qabağında dayanmaq üçün o da sutkada 18 864 uşaq əmələ gətirməlidir ki, sabah Kəşmirdə yenidən qovğa-mərəkə qalxanda irəli verməyə əsgər olsun.

Bəs dünyanın ən kasıb ölkələrindən ikisi olan Nigeriya və Konqo, müvafiq olaraq, saatda 857 və 499 çağanın “inqə”sini təşkil etməklə nə məqsəd güdürlər? Bir deyən gərək: zalım uşağı, yeməyə çörək tapmırsınız, uşaq saxlamağa gücünüz çatmır, nə xəbərdir.

Hələ Efiopiya və Banqladeş də dirəşib, elə bil, qorxurlar ki, sayları tezliklə 120 və 170 milyona çatmasa, biabırçılıq olar.

Ümumiyyətlə, statistikaya görə, ən çox əhali artımı kasıb ölkələrdədir. Varlı ölkələrdən yalnız ABŞ saatda 418-lə gedir.

Bizim ölkədə 1 saatda 13 uşaq doğulurmuş. Ermənistanda bu göstərici 4, Gürcüstanda 5-dir. Hər kəs sayına və gücünə görə artır.

Türkiyənin saat hesabı artımı 108, Rusiyanınkı 144, İranınkı 119-dur.

Əslində Rusiyanın artımı orta statistikadan aşağıdır, amma pis göstərici deyil. Bu ölkədə uşaqpulu da verirlər, hər doğulan körpəyə görə yüksək məbləğdə kompensasiya da. Ruslar bu yolla əhalinin azalmasının qarşısını almaq istəyirlər. Çünki ölüm nisbəti doğumdan artıqdır.

Amma elə ölkələr var ki, orada uşaqpulu-filan versələr də, gənclər əkib-doğmağa meylli deyillər. Bu xüsusda Avropa ölkələri fərqlənir, adları siyahıda yoxdur. Avropada gənc ailələr uzun müddət “çayldfri” (“uşaqsız həyat”) rejimində yaşayırlar, axırda da ya bir uşaqla kifayətlənirlər., ya da subay-salıq qalmağa üstünlük verirlər. Onlarda bizdəki kimi “öləndə meyitimi yerdən kim götürəcək”, “qocalıb əldən düşəndə mənə kim baxacaq”, “xəstələnəndə həkimə kim aparacaq” dərdi yoxdur. Müvafiq sosial xidmətlər var, hər şeyi edirlər. Çoxlu qocalar pansionatı da var, hamısı 3-4 ulduzlu otellər kimidir, qocalar da gedib girirlər ora, baxıcılar baxır.

Ona görə də Avropada insanlar özlərinə “oğul evləndirim, qız köçürüm, nəvəni işə düzəldim, nəticənin toyunu da görüm” qayğıları yükləmirlər, öz həyatlarını yaşayırlar. Ta bilmirəm, onlar düz eləyir, yoxsa biz. Amma onu dəqiq bilirəm ki, Hindistan və Banqladeş camaatı düz eləmir. O boyda külfət olarmı? Ürkütməsən, uşaqları saymaq olmur. O uşaqların axırı necə olacaq? Hamısını yerbəyer etməyə kasıbın gücü çatacaqmı? Əlbəttə, yox. O uşaqlar da böyüyüb küçədə, türmədə yatanların sayını artıracaqlar.

BMT bu haqq-hesabın qarşısını almaqda acizdir. Görünür, bu təşkilat da, kasıb ölkələrin hökumətləri də belə bir direktiv verməlidirlər: “Saxlamağa gücünüz çatdığı qədər uşaq əkin-doğun”.

Bu baxımdan bizdə insanlar bir xeyli təmkinlidirlər. 40-50 il əvvəl olduğu kimi, hər evdə 5-6
uşaq yoxdur. Hərə 1-2-si ilə kifayətlənir. İnsanlar başa düşür ki, zaman o zaman deyil.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR