İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Paşinyanı niyə o günə qoydu: Moskva-İrəvan münasibətlərində gizli gərginlik niyə partladı - VİDEO

Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB sammitində Vladimir Putinlə Nikol Paşinyan arasında baş verən qısa, amma diqqətçəkən dialoq Rusiya–Ermənistan münasibətlərində dərin soyuqluğu üzə çıxarıb.

Musavat.com-un xəbərinə görə, hadisə Putinin çıxışı zamanı Moskva–İrəvan ticarət dövriyyəsinə toxunarkən Paşinyanın dediyi rəqəmləri “düzəltməsi” və onu ictimai şəkildə haqsız çıxarmasıyla baş verib.

Bu, diplomatik protokol baxımından “yumşaq təftiş” kimi görünməsinə baxmayaraq, əslində Putinin Paşinyana olan sərt münasibətinin və açıq təhqir tonunun göstəricisi kimi qiymətləndirilir.

Musavat.com-un məlumatına görə, Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi son illərdə rekord həddə çatıb. Bunun əsas səbəbi, Qərb sanksiyalarına məruz qalan rus mallarının Ermənistan üzərindən reeksport edilməsidir.

Paşinyan isə sammitdə bu göstəriciləri aşağı təqdim etməyə çalışıb. Analitiklərin fikrincə, o, Qərbin diqqətini çəkməmək üçün bu yola əl atıb, çünki Ermənistanın Rusiya ilə bu qədər aktiv iqtisadi əlaqəsi onun “Qərbyönümlü siyasəti”ni kölgəyə salır.

Putin isə əksinə, bu rəqəmləri bütün dünyanın gözü qarşısında qəsdən səsləndirərək Paşinyanın “ikiüzlü siyasətini” ifşa etmək istədi. Rusiya lideri faktiki olaraq İrəvana mesaj verdi ki:

“Sən Qərbə yönəlsən də, sənin iqtisadi həyat damarın hələ də Rusiyadadır”.

Putinin çıxışından bu sitat isə möhür statusundadır: “Bu ilin sonunda Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi rekord həddə - 14-16 milyard dollara çata bilər”.

Musavat.com bildirir ki, 2022-ci ildən başlayaraq Ermənistan Amerika Birləşmiş Ştatları başda olmaqla Qərbin Rusiyaya tətbiq etdiyi minlərlə sanksiyanı sadəcə ayaqları altına alıb.

Ermənistan bu sanksiyalarla idxalı Rusiyaya qadağan olunmuş malları və ilk növbədə Rusiyanın hərbi sənayesi üçün bu gün hava-su kimi lazım olan məhsulları elə həmin sanksiyaları tətbiq edən ölkələrdən alıb öz ərazisinə gətirir və sonradan onları başqa mal-məhsul adları ilə Rusiyaya ixrac edir. Bununla da Ermənistan Ukrayna müharibəsində Rusiyaya bənzəri olmayan bir “qardaş” xidməti göstərir. Rusiya öz hərbi sənayesi üçün zəruri olan bu məhsulların köməyi ilə istehsal etdiyi silahlarla Qərbin milyardlarla dollar həcmində maliyyə və hərbi yardımlar göstərdiyi Ukraynanın başına od yağdırır.

ARB 24 telekanalında məsələni şərh edən “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu bu dialoqu “sıradan bir mübahisə yox, Ermənistanın öz siyasi kimliyini itirməsi prosesinin göstəricisi” adlandırıb.

Onun sözlərinə görə, Paşinyan rəqəmləri bilərəkdən təhrif edib, çünki Rusiya ilə real iqtisadi dövriyyə Ermənistanın bütövlükdə Qərb layihələrinə qarşı asılı vəziyyətini açıq göstərir:

“Putin Paşinyanı yerindəcə ifşa etdi. Bu, həm onun Qərb qarşısında nüfuzunu sarsıdır, həm də Rusiya qarşısında “kiçik ortağın” reallığını göstərir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR