Onlayn ictimai-siyasi qəzet
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fraksiya sədri Abdullah Gülər ölkənin dövlət qurumlarının silahlı qüvvələrin Qəzzaya göndərilməsi imkanlarını müzakirə etdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı DHA agentliyi yayıb.
Gülərin sözlərinə görə, məsələ hələ ilkin mərhələdədir:
“Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və kəşfiyyat orqanlarımız vəziyyəti detallı şəkildə araşdırır. Hələlik qarşılıqlı atəşkəsin və Qəzzada, eləcə də regionda atılacaq növbəti addımların necə olacağı barədə konkret məlumat yoxdur”.
O əlavə edib ki, bu ay Türkiyənin xaricə hərbi kontingent göndərməsinə dair 3 mandatın müddəti başa çatır:
“Suriya, İraq, Livan və Mali ilə bağlı mandatların uzadılması məsələsi bu ay parlamentdə müzakirəyə çıxarılacaq. Qəzza ilə bağlı potensial mandat da müzakirələrdən sonra hazırlanaraq prezidentin təqdimatı ilə parlament rəhbərliyinə göndəriləcək. Amma bu məsələ hələ çox erkən mərhələdədir”.
Gülər həmçinin vurğulayıb ki, “prezident tərəfindən Qəzza ilə bağlı parlamentə təqdim olunacaq istənilən mandat parlamentin dəstəyini alacaq”.
Şahanə Rəhimli
Musavat.com
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ