Onlayn ictimai-siyasi qəzet
Millət vəkili Razi Nurullayev son zamanlar skuterlərin və digər yüngül fərdi nəqliyyat vasitələrinin sayının artması, eyni zamanda onların yaratdığı təhlükələrin çoxalması ilə bağlı narahatlığını ifadə edib.
Musavat.com bildirir ki, deputat bu barədə parlamentin son iclasında çıxışı zamanı deyib:
"Sevindirici haldır ki, ölkəmizdə yüngül fərdi nəqliyyat vasitələrinin - skuterlərin, velosipedlərin, motosikletlərin və buna bənzər digər vasitələrin sayı artır və bu da şəhərə düşən nəqliyyat yükünün azaldılması deməkdir. Bununla bərabər, onlar özləri ilə həm də təhlükə gətirib. Təhlükənin səbəbi isə bir çox istifadəçilərin bu tip nəqliyyat vasitələrinə əyləncə kimi yanaşmasıdır. Hər gün onlarla sakin skuter, velosiped və ya onlara bənzər vasitələrlə vurulur, şikəst edilir.
Təbii ki, skuterlərin, velosipedlərin artmasının və geniş istifadəsinin tərəfdarıyam. Amma müəyyən önləyici tədbirlərin həyata keçirilməsinə ehtiyac var - ciddi şəkildə maarifləndirmə".
Deputat Elm və Təhsil Nazirliyinə konkret təklif də irəli sürüb:
"Təklif edirəm ki, Elm və Təhsil Nazirliyi bütün məktəblərə, təhsil müəssisələrinə bir təlimat hazırlasın və heç olmasa həftədə bir dəfə müəllimlər şagid və tələbələrə izah etsin ki, skuter və velosiped əyləncə deyil, diqqətsiz bir hərəkət kiminsə həyatına son qoya və ya ömürlük şikəst edə bilər.
Eyni zamanda istərdim ki, sosial şəbəkələrdə, iş kollektivlərində, şirkətlərdə və dövlət qurumlarında ciddi və davamlı şəkildə maarifləndirmə təlimatları həyata keçirilsin. Onlar da öz övladlarına, yaxınlarına bu barədə xəbərdarlıq etsinlər. Mətbuat nümayəndələrini də maarifləndirmə işində fəal olmağa dəvət edirəm".
Bəs ekspertlər millət vəkilinin bu təklifini necə qiymətləndirir?
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Musavat.com-a danışıb.
Ekspert qeyd edib ki, skuterlərin və digər yüngül fərdi nəqliyyat vasitələrinin artması şəhər nəqliyyatının strukturunda yeni mərhələ yaradıb, lakin təhlükəsizlik baxımından sistemli tənzimləmə və maarifləndirmə çatışmazlığı da meydana çıxarıb:
"Son illərin müşahidələri göstərir ki, bu vasitələrin sürətli yayılması nəqliyyat axınını yüngülləşdirsə də, qəza statistikalarında artım dinamikası formalaşdırıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə respublika üzrə qeydə alınan 1820 yol-nəqliyyat hadisəsindən 217-si məhz yüngül motosiklet və skuterlərlə baş verib. Nəticədə 22 nəfər həyatını itirib, 190 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu göstərici əvvəlki illə müqayisədə təxminən 35 faiz artım deməkdir.
Təhlükələrin əsas səbəbi kimi sürücülük və təhlükəsizlik mədəniyyətinin zəifliyi, qeydiyyatsız və təlimsiz istifadə, habelə bu nəqliyyat vasitələrinin hüquqi statusunun tam müəyyən olunmaması önə çıxır.
"Yol hərəkəti haqqında" Qanunun 6-cı maddəsində "nəqliyyat vasitəsi" anlayışı avtomobil, motosiklet, velosiped və at arabalarını əhatə etsə də, skuterlər ayrıca hüquqi kateqoriya kimi qeyd olunmayıb. Bu da həm inzibati məsuliyyətin, həm də sığorta və qeydiyyat mexanizmlərinin tətbiqini çətinləşdirir. Halbuki, "Yol hərəkəti qaydaları"nın 18-ci bəndinə əsasən, istənilən nəqliyyat vasitəsinin idarə edilməsi zamanı təhlükəsiz hərəkətə şərait yaradılmalı, piyadaların və digər hərəkət iştirakçılarının hüquqları qorunmalıdır. Praktikada isə skuterlər çox vaxt bu qaydaların pozulması ilə istifadə edilir, xüsusilə gənclər və yeniyetmələr tərəfindən əyləncə vasitəsi kimi qəbul olunur.
Bu kontekstdə millət vəkili Razi Nurullayevin təklifi - Elm və Təhsil Nazirliyinin məktəblərdə skuterlərlə bağlı maarifləndirmə tədbirləri keçirməsi sosial və pedaqoji baxımdan mütərəqqi yanaşmadır. Maarifləndirmə məktəbdən başlamalıdır, çünki təhlükəsizlik davranışı, məsuliyyət hissi və ictimai qaydalara hörmət məktəb yaşında formalaşır.
Nazirliyin son illərdə həyata keçirdiyi "Təhlükəsiz məktəb", "Yol hərəkəti mədəniyyəti" və "Rəqəmsal məsuliyyət" layihələri göstərdi ki, bu qurum yeni davranış modellərinin formalaşmasında təsirli metodoloji baza yaradıb. Belə bir istiqamətdə skuter və velosiped istifadəsi üzrə təlimat və sinif saatlarının təşkili həm maarifləndirici, həm də preventiv rol oynayacaq".
Kamran Əsədov bildirib ki, dünya təcrübəsi də bu istiqamətdə dövlət və təhsil sisteminin birgə fəaliyyətini zəruri sayır:
"Niderlandda ibtidai siniflərdə "traffic education" dərsləri keçirilir, burada uşaqlar velosipedlə və ya elektrikli skuter ilə hərəkət qaydalarını həm nəzəri, həm praktik formada öyrənirlər.
Yaponiya və Cənubi Koreyada məktəblərin həyətyanı sahəsində yol nişanlarının və piyada keçidlərinin maketləri qurulur, uşaqlar təhlükəsiz hərəkət ssenarilərini təcrübədən keçirirlər. Bu təcrübələr sübut edir ki, təhlükəsizlik mədəniyyəti qanunla deyil, təhsil vasitəsilə formalaşır.
Müsbət tərəf ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyinin bu sahədə aktivləşməsi cəmiyyətin hərəkət mədəniyyətinin formalaşmasına birbaşa təsir göstərə bilər. Bu təşəbbüs yalnız şagirdlər üçün deyil, valideynlər və müəllimlər üçün də məsuliyyət daşıyacaq, çünki maarifləndirmə prosesi ailə və məktəb sinxronluğu əsasında həyata keçirilməlidir. Nazirlik bu prosesi sistemləşdirsə, yol mədəniyyəti tədris prosesinin davamlı hissəsinə çevrilər".
Ekspert vurğulayıb ki, bu məsələdə hüquqi boşluqlar hələ də qalır:
"Qanunvericilikdə skuterlərin qeydiyyatı, idarə etmə yaşı, icbari sığortası və məsuliyyət mexanizmləri dəqiq müəyyən olunmayıb. Maarifləndirmə bu boşluğu qismən doldura bilər, lakin uzunmüddətli həll üçün normativ baza yaradılmalıdır. Bu məsələdə Daxili İşlər Nazirliyi, Nəqliyyat Agentliyi və Elm və Təhsil Nazirliyi arasında koordinasiya mexanizmi formalaşmalıdır.
Hesab edirəm ki, Razi Nurullayevin təklifi təhlükəsiz cəmiyyət quruculuğuna xidmət edir və Elm və Təhsil Nazirliyi üçün sosial məsuliyyət baxımından əhəmiyyətli təşəbbüsdür. Nazirliyin bu istiqamətdə addım atması həm ictimai davranışın formalaşmasına, həm də gələcəkdə qəza statistikasının azalmasına real töhfə verə bilər. Bu, maarifçiliklə təhlükəsizliyin sintezini yaradan düzgün yanaşmadır və dövlətin sosial-psixoloji siyasətində müasir bir mərhələnin başlanğıcı ola bilər".
Xalidə GƏRAY
Musavat.com
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ