Onlayn ictimai-siyasi qəzet
Bakıda “İsveçrə Günləri 2025” tədbiri çərçivəsində isveçrəli güləşçilərin çıxışları nümayiş olunub.
Musavat.com xəbər verir ki, 4 peşəkar isveçrəli güləşçi – Qiyan Odermatt, Karim Leuppi, Andrin Poltera və Daniel Böş tədbirdə iştirak etmək üçün Bakıya gəlib.
Oktyabrın 11-də Dənizkənarı Milli Parkda (Bakı bulvarında) onlar Azərbaycan güləşinin tanınmış nümayəndələri ilə birlikdə maraqlı çıxışlar təqdim ediblər.
Tədbirdən əvvəl İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tomas Ştəli çıxış edib.
Səfir tədbirin məqsədini belə izah edib:
“Bu gün İsveçrə və Azərbaycan güləşçiləri bir araya gələrək birgə məşq və təcrübə mübadiləsi aparırlar. Tədbir İsveçrənin ənənəvi “Schwingen” güləş növü ilə Azərbaycanın qədim güləş irsini birləşdirməyi hədəfləyir.
Schwingen — yonqar (taxta qırıntısı) üzərində keçirilən xalq güləşi növüdür və İsveçrənin ən məşhur, həm də rəmzi milli idman növlərindən biridir. Bu idman növü güc, hörmət və ədalətli oyun prinsiplərinə əsaslanır.
Bu görüş hər iki ölkənin idmançılarının texnika, ənənə və dəyərlərini bölüşməsi, beynəlxalq idman əlaqələrinin möhkəmləndirilməsi və güləşin universal dili vasitəsilə dostluq və qarşılıqlı anlaşmanı təşviq etmək üçün nadir fürsət yaradır”.
Daha sonra güləşçilər birgə çıxışlarını nümayiş etdiriblər.
Qeyd edək ki, hər üç ildən bir İsveçrədə keçirilən Federal Güləş və Alp Festivalı 400 minə yaxın tamaşaçını bir araya gətirir. Festival ölkənin mədəniyyətini, icma ruhunu və milli qürurunu qeyd edən ən möhtəşəm idman hadisələrindən biridir. Yarışın qalibləri “Schwingerkönig” – yəni “Güləş Kralı” adını qazanır və İsveçrədə milli qəhrəman və qürur simvolu kimi tanınırlar.
Tədbir oktyabrın 12-də də davam edəcək.
Xalidə GƏRAY
Musavat.com
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ