Onlayn ictimai-siyasi qəzet
"Rusiya ilə Azərbaycan arasında "buzların əriməsi" yaxşı bir göstəricidir. Azərbaycan tərəfindən onsuz da heç bir problem yox idi. Azərbaycan hər zaman çalışıb ki, Rusiya ilə münasibətlər normal müstəvidə, qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsasında davam etsin. Sadəcə olaraq, Rusiya tərəfi uzun müddət öz mənasız inadkarlığı ucbatından münasibətləri korlamışdı. Lakin prezidentlərin son görüşündən sonra həqiqətən də müəyyən istiləşmə hiss olundu, münasibətlərin bərpası istiqamətində yeni anonslar verildi. Bu da təbiidir ki, Azərbaycan cəmiyyətində müsbət təsir yaratdı, çünki insanlar hər zaman iki ölkə arasında sabit və qarşılıqlı hörmətə əsaslanan əlaqələrin tərəfdarı olublar".
Bu fikirləri Musavat.com-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Siyasi şərhçi bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Azərbaycanı "rusdilli ölkə" adlandırması yerinə düşməyən və əsassız bir bəyanatdır:
"Hesab edirəm ki, münasibətlərin düzəlməsi ilə bağlı anonsun verildiyi bir vaxtda belə açıqlamanın yeri yox idi. Hər kəsə bəllidir ki, Azərbaycan rusdilli ölkə deyil. Bizi kimsə rusdilli ölkə kimi təqdim etməyə çalışanda bu, Azərbaycan cəmiyyətində ciddi qıcıq və etiraz doğurur. Münasibətlərin düzəldilməsi fonunda belə narazılıq yarada biləcək ifadələr işlətməyə ehtiyac yox idi.
Ola bilər ki, bu məsələdə Vladimir Putinə yanlış məlumat verilib. Prezidentin ətrafındakı şəxslər, Kremlin bəzi dairələri onu inandırıblar ki, Azərbaycanda rus dili yüksək səviyyədə qorunub saxlanılır, guya əhali arasında geniş yayılıb. Putin də buna inanıb. Amma bu, tamamilə yanlış təsəvvürdür.
Biz dünyaya göstərməliyik ki, Azərbaycan rusdilli ölkə deyil. Ölkədə rus dilində danışanların, ümumiyyətlə rus dilinə meyil edənlərin faizi olduqca aşağıdır.
Üstəlik, yetişməkdə olan yeni nəsil ümumiyyətlə rus dilini bilmir, öyrənməyə də maraq göstərmir. Belə bir şəraitdə Azərbaycanı rusdilli ölkə adlandırmaq ən yumşaq ifadə ilə desək, səhvdir.
Ola bilər ki, Vladimir Putinin şəxsi arzusu budur - Azərbaycan da bəzi postsovet ölkələri kimi rus dilini rəsmi statusa malik etsin. Lakin bu, münasibətlərin düzəlməsinə yox, əksinə, onların daha da korlanmasına xidmət edə bilər. Kreml anlamalıdır ki, rus dili, rusdilli məkan və ya rus mədəniyyəti məsələləri ilə Azərbaycana təzyiq göstərmək mümkün deyil. Azərbaycan xalqı öz dilinə, mədəniyyətinə və milli kimliyinə sahib çıxan bir xalqdır. Bizim nə rus dilinə, nə də rus mədəniyyətinə ehtiyacımız var. Bizim öz mədəniyyətimiz, öz dilimiz və öz kimliyimiz var.
Bundan başqa, Azərbaycan rusların ənənəvi yaşadığı ölkə də deyil. Hazırda Azərbaycanda təxminən 80 min rus yaşayır. Bu, 10 milyonluq əhali arasında cəmi bir faizdən də az göstəricidir. Belə olan halda Azərbaycanı "rusdilli ölkə" adlandırmaq nə məntiqə, nə də reallığa sığır. Ona görə də Rusiya dövlətinin başında duranlar bu məsələlərdə daha ehtiyatlı və düşünülmüş davranmalıdırlar. Əks halda, bu, ümumi münasibətlərə mənfi təsir göstərə bilər".
Azər Həsrətin fikrincə, Rusiya bu cür bəyanatlarla öz hegemonluğunu göstərmək istəyirsə, artıq bunun da mənası qalmayıb:
"Bütün dünya gördü ki, Rusiyanın Azərbaycan üzərində hər hansı hegemonluğu yoxdur. Əgər məqsəd kimlərisə qorxutmaqdırsa, bu da artıq işləmir. Nə Azərbaycan, nə də digər dövlətlər belə təsir mexanizmlərindən qorxur. Dünya dəyişib və bu cür köhnə imperiya təfəkkürü ilə addımlamaq Kreml üçün yalnız zərər gətirər.
Beləliklə, hesab edirəm ki, Putinin daha diqqətli davranması vacibdir. Azərbaycanla münasibətləri zədələyəcək ifadələr, xüsusilə də "rusdilli ölkə" kimi həssas məsələlər diplomatik səviyyədə istənməyən nəticələr doğura bilər. Ümid edirəm ki, bundan sonrakı mərhələdə Putin də, digər Rusiya rəsmiləri də bu tip ifadələrdən uzaq duracaq, münasibətlərin istiləşməsinə real dəstək verəcəklər".
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Düşənbədə Azərbaycanla bağlı qəribə və mübahisəli bəyanatla çıxış edib. O bildirib:
"Azərbaycan demək olar ki, rusdilli ölkədir, insanlar hər yerdə rus dilində danışırlar və bu da onun Rusiya ilə münasibətlərin inkişafına sadiqliyini göstərir".
Putinin bu fikirləri cəmiyyətimizdə həm siyasi, həm də ictimai müstəvidə müzakirələrə səbəb olub.
Xalidə GƏRAY
Musavat.com
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ