İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın müharibə ritorikasında yumşalma - Nə baş verir?

Hərbi ekspert: “Kreml artıq anlayır ki, Ukraynada savaş resursları tükəndirən qarşıdurmaya çevrilib”

“ABŞ və Rusiya arasında aparılan danışıqlardan sonra sülh ümidləri doğrulmadı, lakin Ukraynanın ”istehkamlı müharibə" strategiyası gözlənilməz nəticələr verir. Qarşı tərəfin davamlı itkiləri və Ukrayna Silahlı Qüvvələrinin uyğunlaşması uzunmüddətli qələbə üçün imkanlar açır".

Bu barədə “Atlantik” nəşri yazıb. Qeyd olunur ki, Rusiya Ukraynanın şimal-şərqində sürətli irəliləyişə ümid etsə də, əsas şəhərlər və logistika mərkəzləri hələ də Kiyevin nəzarətindədir. Rusiyanın say üstünlüyünə baxmayaraq, onların möhkəmləndirilmiş əraziləri ələ keçirmək cəhdləri nəzərəçarpacaq nəticə vermir (Axar.az).

“Ukraynalı zabitlər bildiriblər ki, düşmənin hücumunu dayandırmağın açarı məhdud resurslardan səmərəli istifadədir. Döyüş meydanında pilotsuz uçuş aparatları, dəqiq artilleriya zərbələri və qoşunların optimal hərəkət sxemləri tətbiq olunur. Qüvvələrin rotasiyası və döyüş əməliyyatlarının ehtiyatla planlaşdırılması birbaşa toqquşmadan qaçmağa və ukraynalı hərbçilərin itkilərini minimuma endirməyə kömək edir”, - təhlildə bildirilir.

Nəşr daha sonra qeyd edib: “Doqquz ay əvvəl vəziyyət kritik görünürdü: Ukraynanın silahlanması geridə qalırdı, rusların ”ət dalğası" adlanan əsgər və muzdlu hücumları isə irəliləyirdi. İndi isə yeni bir inam var: Ukrayna uzunmüddətli müharibəyə uyğunlaşmaq üçün öz institutlarını dəyişir, təcrübə qazanır və düşmənə davamlı zərbələr endirərək, eyni zamanda öz risklərini azaldır. Bu transformasiya göstərir ki, əvvəllər Rusiyanın xeyrinə işlədiyi düşünülən zaman amili tədricən Ukraynanın tərəfinə keçir".

Maraqlıdır ki, məhz bu fonda Rusiya prezidenti Vladimir Putinin Ukrayna müharibəsi ilə bağlı ənənəvi ritorikasında yumşalma müşahidə olunur. “Bizim ümumi məqsədimiz dəyişməz qalır. Biz xüsusi hərbi əməliyyat zamanı qoşunların qarşısına qoyulan bütün vəzifələrin qeyd-şərtsiz yerinə yetirilməsini təmin etməliyik”, - Putin bildirib.

Amma Kreml başçısı əvvəllər “hədəflərimizə mütləq çatacağıq” deyirdi, indi isə “hədəflərə çatmağı təmin etməliyik” deyir. Hərçənd bu günlərdə o, Ukraynada müharibəyə başlamağa peşman olmadığını və onu davam etdirəcəyini söyləyib.

Ritorikadakı bu dəyişiklik nədən xəbər verir? Ukrayna müharibəsində yeni mərhələmi başlayıb?

Medianın üz qaraldan “sarı”lığı | Polkovnik Rövşən Məhərrəmovun yazısı

Rövşən Məhərrəmov 

Hərbi ekspert Rövşən Məhərrəmov “Yeni Müsavat”a deyib ki, Rusiya prezidenti Vladimir Putinin son çıxışlarında müşahidə edilən ritorik yumşalma təsadüfi deyil: “Kreml artıq anlayır ki, Ukrayna müharibəsi tez və qəti qələbə ssenarisindən çıxaraq, uzunmüddətli, resursları tükəndirən qarşıdurmaya çevrilib: ”Hazırda döyüş meydanında təşəbbüsün kimdə olması sual doğurur, lakin bəzi məqamlar aydın görünür: Rusiya ordusunun itkiləri stabil, lakin ağırdır, Ukrayna isə istehkamlı müharibə adlandırılan yeni taktiki modelə tam uyğunlaşıb. Bu modelin əsasında resursların qənaətli istifadəsi, mövqelərin mühafizəsində çevik dron-artilleriya əlaqəsi və döyüşün kütləvi yox, ağıllı idarəolunması dayanır".

Hərbi ekspert deyib ki, Putinin dilindəki dəyişiklik, “hədəflərimizə çatacağıq” əvəzində “hədəflərə çatmağı təmin etməliyik” deməsi siyasi tonun və ictimai gözləntilərin tənzimlənməsi deməkdir: “Kreml artıq qəti qələbə və ya denasifikasiya ritorikasından çox, müharibənin idarəolunması və nəzarətdə saxlanılmasına çalışır. Bununla cəmiyyətin yorğunluğunu kompensasiya etməyə çalışırlar. Artıq Rusiya daxilində müharibənin uzanması sosial və iqtisadi gərginlik yaradır. Kreml bunu hiss edir və yumşaldılmış tonla daxili ictimaiyyəti sakitləşdirməyə cəhd edir.

Həm də Qərbə siqnal göndərirlər. Moskva bu cür ritorika ilə ABŞ və Avropa paytaxtlarına mesaj verir ki, dialoq üçün yer qalır. Yəni bu, sülh təklifi deyil, danışıqlar üçün taktiki pauza yaratmaq cəhdidir. Hərbi baxımdan isə, Rusiya qoşunlarının Ukraynanın şimal-şərq istiqamətində gözlənilən sürətli irəliləyişinin alınmaması, o cümlədən logistika zəncirinin itkilərlə üzləşməsi Kremlə aydın siqnal göndərib ki, mövcud resurslarla genişmiqyaslı hücum potensialı real deyil. Digər tərəfdən, Ukrayna ordusu artıq Qərb texnologiyalarını öz taktik sisteminə inteqrasiya edib, bu isə onların asimmetrik üstünlüyünü artırır. Ukraynalılar indi hər metr uğrunda döyüş konsepsiyasını deyil, zərbə və geri çəkilmə" strategiyasını tətbiq edirlər ki, bu da Rusiya üçün ölümcül itkilərə gətirib çıxarır".

Hərbi ekspert deyib ki, Putinin ritorikasında yumşalma hərbi məğlubiyyətin etirafı deyil, strategiyanın dəyişdirilməsinə hazırlığın göstəricisidir: “Kremlin məqsədi indi təkcə qələbə deyil, həm də resursların tükənmədən sabit müharibə vəziyyətini qorumaqdır. Beləliklə, Ukrayna müharibəsi yeni mərhələyə keçir - emosional deyil, texnoloji və strateji mərhələyə. Bu mərhələdə silahların sayı yox, onların istifadə məntiqi və döyüşün idarə olunması keyfiyyəti həlledici olacaq”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR