İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədə əcnəbilərlə nikah artır: təhlükə, yoxsa...

Sosioloq: “Uzun illər Azərbaycan ənənəvi cəmiyyət olub, indi isə...”

Son illər Azərbaycanda əcnəbilərlə bağlanan nikahların sayı artmaqdadır. Ədliyyə Nazirliyinin 2025-ci ilin ilk doqquz ayına dair statistikasına görə, 1 570 Azərbaycan vətəndaşı əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərlə ailə qurub. Onlardan 858-i kişi, 712-si isə qadındır. Bu rəqəmlər bir neçə mühüm tendensiyanı əks etdirir: əvvəllər daha çox Azərbaycan kişiləri xarici qadınlarla ailə qururdularsa, indi artıq Azərbaycan qadınlarının da əcnəbilərlə nikaha meyli sürətlə artır.

Bu hal cəmiyyətdə müxtəlif reaksiyalar doğurur. Bəziləri bunu milli kimliyimiz və genefondumuz üçün təhlükə hesab edir, digərləri isə belə nikahların mədəni inteqrasiyanın, qloballaşmanın və fərdi azad seçimin təzahürü kimi dəyərləndirirlər. Statistikaya əsasən, azərbaycanlıların daha çox ailə qurduğu ölkələrin vətəndaşları bunlardır: Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan, Pakistan. Son vaxtlar bu siyahıya Avropa ölkələri də daxil olmaqdadır.

Onu da qeyd edək ki, əgər bir neçə il öncə əcnəbilərlə evliliklərdə əsasən Azərbaycan kişiləri üstünlük təşkil edirdisə, indi qadınların sayı kişilərlə demək olar ki, bərabərləşib.

Bəs səbəb nədir? Məlum olduğu kimi son illərdə Azərbaycan qadınları arasında ali təhsilli, xaricdə təhsil almış və beynəlxalq mühitdə çalışanların sayı əhəmiyyətli dərəcədə artıb. Bu isə onların müxtəlif millətlərdən olan insanlarla daha çox ünsiyyətdə olmalarına, nəticədə romantik münasibətlərin formalaşmasına gətirib çıxarır. Həmçinin sosial media, beynəlxalq proqramlar, Erasmus və təhsil mübadilələri, eləcə də turizm əlaqələri insanların fərqli millətlərdən olan şəxslərlə tanışlığını asanlaşdırıb.

Bəzi qadınlar Azərbaycan cəmiyyətində kişilərin qadına münasibətindən, patriarxal düşüncə tərzindən narazı olduqlarını açıq şəkildə dilə gətirirlər. Onların fikrincə, bəzi əcnəbilər qadına daha çox hörmət və şəxsi azadlıq verir.

Kişilərə gəldikdə isə, bu tendensiya da uzun illərdir müşahidə olunur. Sosioloqlar qeyd edir ki, kişilərin əcnəbi qadınlarla evlənməsinin bir neçə səbəbi var. Onlardan biri, bəlkə də birincisi miqrasiya və əmək bazarı amilidir. Belə ki, xüsusilə Rusiyada yaşayan azərbaycanlı kişilər orada ailə qurur və geri dönmürlər.

Bundan başqa, bəzi kişilər hesab edir ki, əcnəbi qadınlar daha müstəqil, sərbəst düşüncəlidirlər və ailədaxili münasibətlərdə daha çox qarşılıqlı anlaşma var.

Ən çox müzakirə doğuran məqamlardan biri “genefondun təhlükə altında olması” fikridir. Bu iddianın tərəfdarları hesab edir ki, əcnəbilərlə evliliklər milli kimliyimizi, dilimizi və mədəni dəyərlərimizi zəiflədə bilər.

Digərləri isə hesab edir ki, genefond təkcə bioloji deyil, həm də mədəni, mənəvi və sosial anlayışdır. Əgər ailə sağlam əsaslara qurulubsa, uşaqlar Azərbaycan dilində tərbiyə alırsa və milli kimliklə böyüyürsə, burada təhlükədən çox, mədəni zənginlikdən danışmaq olar.

Beləliklə, əcnəbilərlə nikahlar hələ də bəzi dairələrdə birmənalı qarşılanmır. Xüsusilə qadınların əcnəbilərlə evliliyi çox vaxt ictimai təzyiqlə müşayiət olunur. Bu, köhnə patriarxal düşüncənin qalığıdır. Lakin yeni nəsil artıq fərqli düşünür: “xoşbəxtlik millətə görə deyil, insana görə seçilir”.

Sosial şəbəkələrdə cinayət aləminin üzvləri qəhrəmanlaşdırılır" | Modern.az

Üzeyir Şəfiyev 

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a açıqlama verib: “Uzun illər Azərbaycan ənənəvi cəmiyyət olub. Belə cəmiyyətlərdə ictimai qınaq və sosial nəzarət çox güclü idi. Cəmiyyətin dominantlığı fərdin şəxsi həyatına qədər uzanırdı. Məsələn, uzun müddət belə bir mif formalaşmışdı ki, guya Azərbaycan kişisi başqa millətdən olan qadınla evlənməz, Azərbaycan qadını da əcnəbi kişi ilə ailə qurmaz. Bu, əslində, ənənəvi cəmiyyətin qoruyucu miflərindən biri idi.

Lakin zamanla cəmiyyətin qapalı xarakteri dəyişib, liberal dəyərlərin təsiri artıb. Xarici ölkələrlə əlaqələr genişləndi, internet və sosial media insanların dünyagörüşünü dəyişdi, mədəni sərhədlər aradan qalxdı. Bunun nəticəsində cəmiyyətin fərd üzərindəki nəzarəti xeyli azaldı, sosial stereotiplər və arxetiplər funksionallığını itirdi. İnsanlar daha çox fərdi, bəzən isə eqosentrik və liberal seçimlər etməyə başladılar.

Statistika göstərir ki, bu gün Azərbaycan qadınları da əcnəbilərlə nikah bağlamaqda kişilər qədər maraq göstərir. Əcnəbilərlə ailə qurmağın müxtəlif səbəbləri var. Onlardan biri xarici ölkədə daimi yaşamaq, orada oturum və ya vətəndaşlıq əldə etmək istəyidir. Digər səbəb isə seçim azadlığı ilə bağlıdır. İnsanlar artıq kiminlə evlənəcəklərinə dair qərarı daha çox öz istəklərinə əsasən verirlər, ictimai rəyə o qədər də bağlı deyillər".

Sosioloq bu tendensiyanın müəyyən mənada narahatedici cəhətlərinin də olduğunu vurğulayıb:

“Düşünürəm ki, əcnəbilərlə evliliklərin artması çox da pozitiv hal deyil. Bu proses dinamik şəkildə yüksəlirsə, gələcəkdə ‘boom’ xarakteri ala bilər. Burada bir neçə təhlükə var. Əvvəla, genefond baxımından müəyyən risklər mövcuddur. Çünki əcnəbilərlə qurulan ailələrdə tərbiyə, dəyərlər sistemi və ailədaxili münasibətlər fərqli olur. Nəticədə ailə institutumuz özünəməxsus xüsusiyyətlərini itirə bilər”.

Hazırladı: Xalidə Gəray

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR