Onlayn ictimai-siyasi qəzet
Fikrət Yusifov: “Bu, yalnız Şərqlə Qərbi birləşdirən kommunikasiya olmayacaq, eləcə də...”
Xəbər verdiyimiz kimi, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr Zəngəzur dəhlizini funksional hala gətirmək və inkişaf etdirmək istiqamətində göstərilən səyləri dəstəkləyir. Bu barədə məlumat TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün yekununda qəbul edilmiş Qəbələ Bəyannaməsində əks olunub.
Sənəddə üzv ölkələrin Bakı-Tiflis-Qars dəmir yolundan maksimum potensialla istifadə etmək öhdəliklərini bir daha təsdiqlədikləri qeyd olunub: “Eyni zamanda, Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin və Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun regionlararası əlaqələrin gücləndirilməsi və Avropa ilə Asiya arasındakı ticarət marşrutlarının şaxələndirilməsi baxımından əhəmiyyətini vurğulayırıq”.
Bəs bu bəyannamədə əks olunanların Azərbaycanın bölgələrinə nə kimi təsiri olacaq?
Qəbələ Bəyannaməsində Zəngəzur dəhlizinin funksional hala gətirilməsi və bu istiqamətdə göstərilən səylərin dəstəklənməsi Azərbaycanın bölgələri üçün ciddi iqtisadi və strateji imkanlar vəd edir. Analitiklər də bəyannamədə Bakı-Tiflis-Qars dəmir yolundan maksimum potensialla istifadə edilməsi, Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi və Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu kimi layihələrin əhəmiyyətini xüsusilə vurğulayırlar. Bu isə Azərbaycanın bölgələrinin gələcək inkişafında yeni mərhələnin başlanğıcı sayıla bilər.
Zəngəzur dəhlizi sayəsində uzun illərdir quru əlaqəsindən məhrum olan Naxçıvan Muxtar Respublikası ana vətənlə birbaşa dəmir və avtomobil yolları vasitəsilə birləşəcək. Bu, Naxçıvanın iqtisadi blokadadan çıxmasına, sərhəd ticarətinin canlanmasına, sənaye və logistika imkanlarının genişlənməsinə şərait yaradacaq. Yeni nəqliyyat infrastrukturu Naxçıvanda məşğulluğun artmasına və regionun ticarət mərkəzinə çevrilməsinə təkan verəcək.
Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları da bu nəqliyyat layihələrindən faydalanacaq əsas bölgələrdəndir. Dəhlizin bir hissəsi kimi bu ərazilər üzərindən keçən yollar, dəmir yolları və logistika mərkəzləri burada iqtisadi canlanmanı sürətləndirəcək. İqtisadiyyatın bərpası ilə yanaşı, bu layihələr əhalinin geri qayıdışını və sosial infrastrukturun inkişafını da təşviq edəcək. Gəncə-Qazax, Aran və digər iqtisadi zonalar isə beynəlxalq daşımaların artırılması baxımından böyük potensiala malikdir. Bu bölgələr Bakı-Tiflis-Qars və Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu kimi layihələrin marşrutlarında yerləşdiyindən, burada sənaye parkları, gömrük məntəqələri və logistik qovşaqların yaradılması gözlənilir. Bu isə sahibkarlığın inkişafına, yerli məhsulların ixrac imkanlarının genişlənməsinə və yeni iş yerlərinin açılmasına səbəb olacaq.
Mütəxəssislərə görə, yeni dəhlizlər və ticarət yolları bölgələrdə ümumi sosial və iqtisadi rifahın yüksəlməsinə səbəb olacaq. İnfrastrukturun genişlənməsi, beynəlxalq əlaqələrin güclənməsi və bölgələrin nəqliyyat-logistika mərkəzlərinə çevrilməsi regional bərabərliyin təmin olunmasına xidmət edəcək. Bu, həm də gənclərin bölgələrdə qalmasını stimullaşdıracaq, urbanizasiyanı dəstəkləyəcək və daxili turizmin inkişafını sürətləndirəcək.
Eyni zamanda Azərbaycanın geosiyasi əhəmiyyəti də bu layihələr fonunda daha da güclənəcək. Ölkənin strateji mövqeyi, Asiya ilə Avropa arasında körpü rolunu oynaması, xarici sərmayəçilər üçün də bölgələri cəlbedici edəcək. Bu isə regionların həm iqtisadi, həm də siyasi əhəmiyyətinin artmasına səbəb olacaq.
Fikrət Yusifov
Sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirib ki, Orta Yol yalnız Şərqlə Qərbi birləşdirən bir kommunikasiya vasitəsi kimi dəyərləndirilməməlidir: “Bu yolun Mərkəzi Asiya türk dövlətlərinin ərazisindən keçməsi, eyni zamanda Türk dünyası ölkələri arasında nəqliyyat dəhlizinin formalaşdırılması deməkdir. Çindən gələn yolların Qırğızıstan, Özbəkistan, Türkmənistan və Qazaxıstan ərazisindən keçərək Xəzər dənizini, daha sonra isə Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə qədər uzanması bu ölkələrin hər birində iqtisadiyyat və ticarətin inkişafı üçün yeni bir təkan olacaq”.
Professor qeyd edib ki, hazırda Mərkəzi Asiya ölkələri ilə Avropa İttifaqı arasında ciddi iqtisadi əlaqələr qurulmaqdadır: "Bu əlaqələrin effektivliyini təmin edən əsas marşrut isə Zəngəzur dəhlizindən keçən Orta Yoldur. Sözügedən yolun fəaliyyətə başlaması Türk dünyası ölkələri arasında iqtisadi və ticarət əlaqələrinin yeni bir inkişaf mərhələsinə qədəm qoymasına səbəb olacaq. Məhz bu baxımdan, TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün yekununda qəbul edilmiş Qəbələ Bəyannaməsində də Zəngəzur dəhlizinin funksional hala gətirilməsi və inkişaf etdirilməsi istiqamətində göstərilən səylər dəstəklənir".
Hazırladı: Afaq Mirayiq
10 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ