Onlayn ictimai-siyasi qəzet
Ermənistanda 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərinə hələ səkkiz ay qalmış, Rusiya mənşəli “Matryoshka” adlı dezinformasiya şəbəkəsi Paşinyan hökumətinə qarşı sistemli hibrid kampaniyaya start verib.
Musavat.com xəbər verir ki, bu, Kremlin seçkiyə ən erkən müdaxiləsi kimi qiymətləndirilir və artıq beynəlxalq müşahidəçilərin ciddi narahatlığına səbəb olub.
Kampaniya sosial şəbəkələrin “X” və “Bluesky” platformalarında aktivləşib. Hazırda “Matryoshka” şəbəkəsi tərəfindən Paşinyanı “xain”, “ölkəni məhv edən lider”, “Qərbin agenti” kimi təqdim edən 10 saxta video yayımlanıb. Bəzi videolarda hətta Holokost mövzusu manipulyasiya olunur – süjetlərdə guya Osventsim düşərgəsinin keçmiş məhbusları danışır və Paşinyanı “Ararat dağında qaz kamerası tikməkdə” ittiham edirlər.
Digər süjetlərdə “Britaniya polisi” və “Filip Arda” kimi uydurma obrazlar Paşinyanı “simvolları məhv etməkdə” və “erməni kimliyini satmaqda” ittiham edir. Videolarda istifadə olunan səslər süni intellekt vasitəsilə yaradılıb, üzlər isə deepfake texnologiyası ilə saxtalaşdırılıb.
Son dörd ayda “Matryoshka” şəbəkəsi Paşinyana qarşı təxminən 60 saxta video yayıb. Bu materiallarda Kardashian, Serj Tankyan, Andrea Agassi, RUSI, CSIS, Euronews və CNN Türk kimi tanınmış adlar və brendlər də saxtalaşdırılaraq “sitata” çevrilib. Məqsəd — Paşinyanı Qərbə yaxın siyasətinə görə diskreditasiya etmək, Ermənistan ictimaiyyətində onun əleyhinə dərin psixoloji fon yaratmaqdır.
Müqayisə üçün, Rusiya ABŞ-da 2024-cü il prezident seçkilərinə müdaxiləni cəmi 3,5 ay qalmış, Moldovada isə 5,5 ay qalmış başlamışdı. Ermənistana qarşı kampaniyanın isə 8 ay öncə aktivləşməsi Kremlin narahatlığının miqyasını göstərir.
İrəvanda seçki öncəsi informasiya müharibəsi
Rusiya-Ermənistan münasibətləri son iki ildə tarixi minimuma enib. Qarabağın itirilməsindən sonra Moskva İrəvana qarşı siyasi və informasiya təzyiqlərini artırıb. Ermənistan hökuməti isə Qərb və Türkiyə ilə yaxınlaşaraq Moskvanın təsirindən çıxmağa çalışır.
Bu dəyişikliklər 2025-ci ilin avqustunda Vaşinqtonda Donald Trampın iştirakı ilə imzalanmış sülh sazişi ilə yeni mərhələyə qədəm qoydu. Lakin Kremlin İrəvandakı təsir dairəsini itirməsi, Samvel Karapetyan kimi rusiyayönlü oliqarxların sıradan çıxarılması, Rusiyanın Paşinyanı siyasi hədəfə çevirməsinə səbəb olub.
“Matryoshka” şəbəkəsinin məhz bu kontekstdə aktivləşməsi təsadüfi deyil. Müşahidəçilər qeyd edirlər ki, Moskva 2026-cı ildə Ermənistan parlamentinə Paşinyan əleyhdarı bir qüvvənin girməsini istəyir və buna nail olmaq üçün süni intellekt də daxil olmaqla, bütün dezinformasiya arsenalını işə salıb.
Saxta video, süni səs və “Matryoshka” strategiyası
Təhlükəsizlik ekspertlərinə görə, “Matryoshka” şəbəkəsi adını rus kuklası “matryoşka”dan alır — yəni, bir-birinin içində gizlənən saxta hesablar və platformalar zəncirindən ibarətdir. Bu struktur vasitəsilə Rusiya kiber-komandaları yüzlərlə fərqli mənbədən eyni narrativi yayaraq onu “ictimai rəyin səsi” kimi göstərir.
Yeni mərhələdə bu şəbəkə Böyük Dil Modelləri (LLM) əsasında avtomatlaşdırılmış saxta kontent istehsalına keçib. Bu, onlara yüzlərlə fərqli səs, üz və dialoq yaratmağa, hətta real hadisələrə bənzər süjetlər qurmağa imkan verir.
Məsələn, “Matryoshka” tərəfindən yayılan son videolardan birində guya “Britaniya polisi” Paşinyanın “İrəvanı NATO hərbi bazasına çevirmək planı” barədə danışır. Bu video 48 saat ərzində 2 milyondan çox baxış toplayıb, halbuki istifadə olunan fiqur – “Filip Arda” – ümumiyyətlə mövcud deyil.
Kreml üçün “yeni cəbhə”: Paşinyanı devirmək və Qərbə inteqrasiyanı dayandırmaq
Ekspertlərin qənaətinə görə, bu dezinformasiya kampaniyası təkcə Ermənistan seçkilərinə deyil, həm də Cənubi Qafqazın geosiyasi gələcəyinə hesablanıb. Rusiya üçün Paşinyanın hakimiyyətdə qalması o deməkdir ki, Ermənistan Qərb strukturları ilə daha da yaxınlaşacaq, Zəngəzur dəhlizinin Türkiyə və Azərbaycanla inteqrasiyası güclənəcək.
Moskva isə bu ssenarini qəbul etmir. Ona görə də Paşinyanı “erməni kimliyinə xəyanət edən lider” kimi təqdim etməklə seçkiyə təsir göstərmək, eyni zamanda Ermənistan ictimaiyyətində Qərbə inamsızlıq yaratmaq Kremlin əsas məqsədidir.
Gözlənilən nəticə: Ermənistan informasiya müharibəsinin mərkəzinə çevrilir
Musavat.com-a görə,“Matryoshka” tipli kampaniyalar yalnız seçki nəticələrini deyil, dövlətin informasiya müstəqilliyini də zədələyə bilər. Çünki saxta videolar, deepfake texnologiyaları və AI tərəfindən yaradılmış “xəbərlər” reallıqla yalan arasındakı xətti tamamilə pozur.
Bu mənada 2026-cı ilin İrəvan seçkiləri təkcə Ermənistan üçün yox, regionun informasiya təhlükəsizliyi üçün də test olacaq.
Rusiya artıq bu testə başlayıb. Paşinyan isə görünür, özünün və Ermənistanın “süni intellekt dövründə informasiya müstəqilliyi” uğrunda ən ağır seçkiyə hazırlaşır.
Musavat.com
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ