Dilarə 10 saatda 6 obraz dəyişdi - VİDEO
"Avroviziya" təmsilçimiz Dilarə Kazımova fərqli bir layihəyə imza atıb.
Musavat.com xəbər verir ki, sənətçi Xalq artisti Aygün Kazımovanın hit mahnısı "Tez gəl"i repertuarına daxil edərək ona klip çəkdirib.
Layihə pop divanın bir neçə gün əvvəl çıxartdığı "Best of Aygün" adlı albomunda yer alıb.
Ekran işi 10 saat ərzində Bakıda çəkilib. Estrada ulduzu bu klipində 6 fərqli obraz yaradıb.
Dilarə bu layihənin sehrini dilə gətirib:
"İlk iş olaraq, fərqli mahnı seçdik. Mən başa düşdüm ki, bu bəstəni kifayət qədər fərqli və istədiyim kimi oxuya bilmərəm. "Tez gəl"i dinləyən kimi sözlərə və musiqisinə bağlandım. Bir sözlə, mahnı qəlbimə toxundu, orada sanki özümü gördüm. Sanki bu nəğmə uzun zamandır mənim danışmaq istədiyim hisslərin səsi idi. Ona görə də böyük həvəs və sevgi ilə ifa etdim.
Bu layihə mənim üçün sadəcə musiqi işi deyil, mənim bir parçamdır. Mahnı mənimlə, daxili dünyamla bağlıdır. Bu nəğməyə ürəyimi qoymuşam. Aranjeman baxımından fərqli hazırlanıb. Pop janrını mistik musiqi ilə sintez etmişik. Sağ olsun Həsən Ağayev, dinlədi və layihəmizdə iştirak etdi. O, məsləhət verdi ki, mahnının hansı hissəsini necə oxumaq lazımdır, səs necə olmalıdır və nəticədə belə gözəl bir layihə ortaya çıxdı.
Komandama bir daha təşəkkür edirəm. Bu işdən zövq aldım. Çox böyük hörmət etdiyim Aygün xanım Kazımovanın "Best of Aygün" adlı albomunda yer aldığım üçün xoşbəxtəm".
"Tez gəl" müğənninin rəsmi yutub kanalında dinləyicilərin ixtiyarına verilib.
Xatırladaq ki, Aygün Kazımovanın sözügedən mahnısı 2001-ci ildə işıq üzü görüb. "Tez gəl"in müəllifi Xanım İsmayılqızıdır. Bəstənin təzə versiyasını peşəkar musiqiçi Həsən Ağayev hazırlayıb.
Könül
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ