İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzzada atəşkəs planı qüvvəyə mindi – yaxın 3 sutkada nələr olacaq?

Türkiyə Qəzzadakı beynəlxalq missiyada yer alır, Ankara sülhməramlı göndərməyə hazır olduğunu bildirir

İsrail hökumət kabineti Qəzzada atəşkəslə bağlı Misirdə əldə olunmuş razılaşmanı təsdiqləyib. Artıq gələn xəbərlərdə İsrail ordusunun Qəzzanın bəzi hissələri, o cümlədən, döyüşlərin getdiyi Qəzza şəhəri və Xan Yunis ərazisindən çıxdığını göstərən kadrlar yayılıb.

İsrail hökumət mənbələrinin bildirdiyinə görə, Həmasla əldə olunan razılaşmaya əsasən Tramp planının birinci mərhələsində İsrail ordusu ilk etap olaraq Qəzza zolağının 47 faiz hissəsindən geri çəkiləcək. Eyni zamanda ilk 72 saat ərzində Həmasın əlində olan 20 nəfər sağ girov və cəsədlər təhvil veriləcək. Paralel olaraq İsrail 1700-dən çox fələstinlini, o cümlədən 250 ömürlük məhkumu azad edəcək. İlk etapda həmçinin 600 yük maşınından ibarət yardım karvanı Qəzzaya daxil olacaq.

QEZZA EN SON.jpg (100 KB)

Qeyd edək ki, Qəzzada atəşkəs razılaşması ilə bağlı əsas sual doğuran məqam onun təminatıdır. Çünki güclü təminat olmasa razılaşmanın ömrü uzun zaman davam edə bilməz. Misirdə aparılan İsrail-Həmas danışıqlarında da əsas mövzu sazişə beynəlxalq təminatın verilməsi idi. Hətta Həmas bununla bağlı ABŞ, Misir, Türkiyə kimi dövlətlərə müraciət edərək təminat istədi. Məhz bu səbəbdən danışıqların sonuncu günü ABŞ tərəfdən prezident Trampın Yaxın Şərq üzrə xüsusi təmsilçisi Stiv Uitkof, həmçinin kürəkəni və 5 il əvvəl Fələstin məsələsi ilə bağlı məşhur “əsrin müqaviləsi” layihəsinin müəllifi Cared Kuşner, Türkiyə kəşfiyyatının (MİT) direktoru İbrahim Kalın, Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd Əbdürrəhman əl-Sani, Misirin kəşfiyyat naziri Həsən Mahmud Rəşad və İsrailin strateji işlər naziri Ron Dermer də prosesə qatıldı.

Son məlumata görə, ABŞ hökuməti Qəzzadakı beynəlxalq qüvvələrin fəaliyyətini koordinasiya etmək üçün Yaxın Şərqdəki hərbi bazalarından 200 hərbçini İsrailə göndərəcək.

Misirdəki müzakirələrdə iştirak edən MİT direktoru İbrahim Kalın və digər ölkə təmsilçiləri Qəzzada fəaliyyət göstərəcək beynəlxalq koalisiyanın işləmə mexanizminin üzərində müzakirələr aparıb. Türkiyə mənbələrinə görə, Həmas heyəti ilə də görüşən İbrahim Kalın Türkiyənin Qəzzada beynəlxalq qüvvələrin tərkibində fəaliyyət göstərəcəyini. həmçinin Ankaranın Qəzzanın fələstinlilər tərəfindən idarə olunması fikrinə sadiq olduğunu vurğulayıb.

ERDOS 1.jpg (326 KB)

Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə nümayəndələri Qəzzada Həmas və İsrail arasında əldə olunmuş razılaşmanın icrasına nəzarət edəcək beynəlxalq missiyada yer alacaq. Bu açıqlamadan az sonra isə Türkiyə Müdafiə Nazirliyindəki mənbələr Türkiyə ordusunun Qəzzada sülhməramlı missiyada yer almağa hazır olduğunu bildirib.

Məsələ ondadır ki, Qəzzada sülhməramlı qüvvələrin yerləşdirilməsi barədə məlumatlar verilsə də, açıqlanan razılaşma mətnində belə bir müddəa yoxdur. Hələlik bilinən odur ki, atəşkəsə və razılaşmadan irəli gələn maddələrin icrasına ABŞ, Türkiyə, Misir və Qətər təmsilçilərindən ibarət heyət nəzarət edəcək.

Daha əvvəl Trampın planında sülhməramlı qüvvələrlə bağlı bəndin olduğu bildirilsə də, Həmas və İsrail bu təklifə soyuq yanaşdığını açıqlamışdı.

Bununla da belə demək olar ki, Trampın sülh planının ilk mərhələsi artıq qüvvəyə minmiş sayılır. Belə demək olar ki, bu mərhələdə hər iki tərəf qazanclıdır, həm İsrail, həm də Həmas ilk mərhələni qəbul edir. İsrail müharibəni dayandırır, əvəzində bütün ölü və sağ girovları geri alır. Bunun qarşılığında müharibə dayanır, İsrail ordusu Qəzzanın yarıya qədər hissəsindən çıxır və zolağa yardım buraxılır. Ən əsası Qəzzada bombardman və döyüşlər dayanır.

Ancaq daha mürəkkəb vəziyyət planın sonrakı hissəsinin razılaşdırılmasında ola bilər. Çünki bu mərhələdə Həmasın silahları təhvil verməsi, Qəzzada yeni idarəçiliyin qurulması və sair məsələlər masada müzakirə olunacaq. Trampın planına əsasən Həmas üzvləri və liderləri Qəzzada qala və ya zolağı heç bir maneəsiz tərk edib gedə bilər. Lakin silahlar təhvil verilib Qəzzada məhv edilməlidir. Həmasın islahı təhvil verib Qəzzada siyasi partiya kimi fəaliyyətini davam etdirəcəyi, yaxud Fələstindən kənarda mühacir təşkilat kimi fəaliyyətini davam etdirəcəyi bu mərhələdə razılaşdırılacaq.

TRAMPP.jpg (91 KB)

Yeri gəlmişkən, beynəlxalq xəbər agentlikləri ABŞ prezidentinin bazar günü 12 oktyabrda Misir və İsrailə səfər edəcəyi haqda xəbərlər yayıb. Hətta bəzi mənbələr prezident Trampın Qəzzaya gedəcəyi haqda xəbər yaysalar da, bu barədə rəsmi məlumat yoxdur.

Nəticə etibarı ilə ABŞ prezidentinin Qəzza atəşkəsi planı müharibənin dayanması, girovların geri qaytarılması və zolağın yenidən bərpası kimi cari məsələləri həll etsə də, Fələstin dövlətinin yaranması, başqa bir deyimlə, münaqişənin köklü şəkildə həllini ortaya qoymur. Bu plan daha çox Qəzzaya həsr olunub. Qəzza isə Fələstin münaqişəsinin nəticəsində doğmuş bir yaradır, yaranın tam sağalması üçünsə Fələstin münaqişəsinin köklü həllinə nail olmaq lazımdır. Bu isə hələlik üfüqdə görünmür.

Xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2025

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR