Onlayn ictimai-siyasi qəzet
Nobel Sülh Mükafatı siyasət aləmində ən prestijli, eyni zamanda ən çox mübahisə doğuran mükafatdır. Bəzən bu mükafat həqiqətən sülhə töhfə verən liderlərə verilib, bəzən isə qərar dünya ictimaiyyətində “siyasi jest” kimi qəbul olunub. Bu siyahıda ədalət, diplomatiya və ikili standartlar bir araya gəlir.
ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına iddiası son illərin ən səs-küylü siyasi mövzularından biridir. Dünyada bəlkə də ilk dəfə idi ki, bir lider açıq şəkildə “mən Nobel almalıyam” deyə ilboyu bəyanatlar verir, öz addımlarını mükafatla əlaqələndirirdi.
Trampın arqumenti belə idi:
- Şimali Koreya ilə gərginliyi azaltmaq,
- “İbrahim sazişləri” ilə İsrail və bir neçə ərəb dövləti arasında diplomatik münasibətləri bərpa etmək,
- NATO və Rusiya ilə yeni balans yaratmaq cəhdləri.
Bəzi analitiklərin fikrincə, əgər Tramp Qəzza zolağı ilə bağlı atəşkəsi daha erkən mərhələdə təmin edə bilsəydi, çox güman ki, bu il mükafata əsas namizədlərdən biri olardı. Amma Nobel Komitəsi mükafat sahiblərini hələ Qəzzada müharibə davam edərkən müəyyənləşdirmişdi.
Bununla belə, bir çox siyasi analitiklər hesab edir ki, Tramp, əslində, Barak Obamadan daha çox Nobelə layiq idi, çünki o, real diplomatik nəticələrə nail olmuşdu, halbuki Obama daha çox “niyyətlərə görə” mükafat almışdı.
Xatırladaq ki, Barak Obama 2009-cu ildə prezidentliyinin cəmi 9-cu ayında Nobel Sülh Mükafatına layiq görülmüşdü.
Komitə bu qərarını belə əsaslandırmışdı:
“Obama beynəlxalq diplomatiyada və xalqlar arasında əməkdaşlıqda yeni ümidlər doğurdu”.
Lakin tənqidçilərin əksəriyyəti bu qərarı erkən və simvolik hesab etdi. Çünki Obama nə Yaxın Şərqdə sülh yarada bildi, nə də ABŞ-ın xarici hərbi əməliyyatlarını dayandırdı. Əksinə, onun dövründə Liviya, Suriya, Əfqanıstan və Yəməndə əməliyyatlar davam etdi. Bu səbəbdən Obamanın Nobel mükafatı tarixdə “ən erkən verilən və ən çox tənqid olunan” sülh mükafatı kimi yadda qaldı.
1990-cı ildə SSRİ-nin sonuncu lideri Mixail Qorbaçov da “soyuq müharibəyə sülh yolu ilə son qoyduğu” üçün bu mükafatı almışdı. Lakin bu qərar Azərbaycan üçün ziddiyyətli və acı simvolizm daşıyır. Çünki elə Qorbaçovun əmri ilə 1990-cı ilin 20 yanvarında Sovet ordusu Bakıya daxil oldu və onlarla dinc sakinləri qətlə yetirildi. Yəni dünya Qorbaçovu “sülh adamı” kimi tanıyarkən, Azərbaycan xalqı onu “Qanlı Yanvarın memarı” kimi xatırlayır. Bu, Nobel tarixinin ən acı ironiyalarından biridir.
1978-ci ildə Misir prezidenti Ənvər Sədat və İsrailin baş naziri Menahem Beqin ABŞ prezidenti Cimmi Karterin vasitəçiliyi ilə Kemp-Devid sazişini imzaladılar. Bu razılaşma İsraillə ərəb ölkələri arasında ilk rəsmi sülh müqaviləsi idi və hər iki lider Nobel Sülh Mükafatı ilə təltif olundu. Lakin Ənvər Sədat üçün bu mükafat faciə ilə bitdi: o, 1981-ci ildə Qahirədə hərbi parad zamanı “sionistlərlə sülh bağladığına görə” radikal qrup tərəfindən öldürüldü.
1994-cü ildə İsrailin iki siyasətçisi - İsxak Rabin və Şimon Peres Fələstin lideri Yasir Ərəfat ilə birlikdə Nobel mükafatını bölüşdülər. Onlar Oslo razılaşması ilə İsrail-Fələstin münasibətlərində yeni ümid yaratmışdılar. Amma bu ümid uzunömürlü olmadı: Rabin 1995-ci ildə ifrat sağçı bir yəhudi tərəfindən öldürüldü, sülh prosesi isə yerində saydı.
1993-cü ildə Cənubi Afrikada aparteid rejiminə son qoyan iki siyasətçi - Nelson Mandela və Frederik de Klerk Nobel Sülh Mükafatına layiq görüldülər. Mandela azadlıq simvoluna çevrilmişdi, de Klerk isə ağdərili hakimiyyətin son lideri olaraq, irqçiliyə son qoyan konstitusiya islahatlarını həyata keçirmişdi. Bu mükafat sülhün təntənəsi kimi tarixə düşdü.
Beləliklə, Nobel Sülh Mükafatı tarixdə bəzən sülh qələbəsini, bəzən isə siyasi balansı təmsil edib. Trampın iddiası bəlkə də qeyri-adi görünür, amma tarix göstərir ki, bu mükafat bəzən “real sülhə” deyil, “dünya diplomatiyasına mesaj vermək” üçün verilir.
Analitiklərin fikrincə, əgər gələn il Donald Tramp Qəzza və İsrail arasında real və uzunmüddətli sülh sazişi əldə edə bilsə, ola bilsin ki, Nobel Komitəsi tarixində ilk dəfə “öz Nobelini tələb edən” bir lider bu istəyinə çatacaq.
Xalidə Gəray
Musavat.com
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ